Mərkəzi Zabitlər Evindən özəl reportaj / FOTOLAR

Metbuat.az-da yeni “Hərb” layihəsinə başlayırıq.

“Hərb” layihəsində ilk reportajımız Azərbaycan Silahlı Qüvvələrinin Həzi Aslanov adına Mərkəzi Zabitlər Evindən oldu.

Mərkəzi Zabitlər Evi xalqla ordu arasında körpü rolunu oynayır. İki dəfə Sovet İttifaqı Qəhrəmanı olan, Tank Qoşunları Qvardiya general-mayoru Həzi Əhəd oğlu Aslanovun adını daşıyan Mərkəzi Zabitlər Evinin yerləşdiyi bina tarixi binadır. Bu bina XIX əsrin sonlarında Bakı milyonçusu Ağa Musa Nağıyevin evi olub. 100 ildən çox tarixi olan bina eyni zamanda memarlıq abidəsidir.Mərkəzi Zabitlər Evi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Ordusunun mərkəzi mədəniyyət ocağıdır.

Mərkəzi Zabitlər Evinin rəisi polkovnik-leytenant Eldar Sadıqovdur. Eldar Sadıqov Mərkəzi Zabitlər Evinin şöbələri barədə məlumat verdikdən sonra həmin şöbələrin rəhbərləri ilə də danışdıq.

Əməkdar mədəniyyət işçisi, polkovnik-leytenan Zöhrab İmamquliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Mahnı-Rəqs Ansamblı şöbəsinin rəhbəridir. Onun sözlərinə görə, bu, Mərkəzi Zabitlər Evinin ən böyük şöbəsidir və çox böyük ansambldır: “Ansambl Azərbaycan əsgərinin kollektivindən ibarətdir. 25 ildir, yəni Azərbaycan Ordusu yarandığı gündən Mərkəzi Zabitlər Evində xidmət edirəm. Ümummilli lider Heydər Əliyev və Azərbaycan Ordusu, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev və Azərbaycan Ordusu – bunlar bizim əsas xəttimizdir. Biz xalq-ordu birliyinə, şəxsi heyətə qəhrəmanlıq, hərbi-vətənpərvərlik ruhunun aşılanmasına çalışırıq. Bundan başqa Respublika Veteranlar Şurası, Qarabağ Müharibəsi Əlilləri və Şəhid Ailələri İctimai Birliyi, Əfqanıstan Veteranları Birliyi kimi ictimai birlikləriləiş birliyimiz var. Bundan başqa Azərbaycan Teatrlar İttifaqı, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Rəssamlar İttifaqı kimi yaradıcı birliklərlə də sıx əlaqələrimiz var. Şəhidlərimizlə bağlı tədbirlərin keçirilməsi, Azərbaycan əsgərinin hərbi vətənpərvərlik yönümündə düzgün tərbiyə olunması bizim ən vacib məsələlərimizdir.


Təkcə noyabr ayında Mərkəzi Zabitlər Evində Milli Qəhrəmanlarımız Koroğlu Rəhimov və Gültəkin Əsgərovanın yüksək səviyyədə anım tədbirini keçirmişik. Kollektiv təkcə Bakı Hərbi Qarnizonunda tədbirlər keçirməklə məşğul deyil. Bütün cəbhəboyu ərazilərdə, o yerdə ki, Azərbaycan əsgəri dayanıb, orada kollektivimiz həmin əsgərlər üçün istər onun asudə vaxtın təşkili, istərsə də digər tədbirlərdə çıxış edir. İşimizin yaxşı olması üçün komandanlığımız hər cür şərait yaradıb. Bizim çox böyük bazamız var, baza olmasa, heç nədən danışmağa dəyməz. Bu gün qüdrətli Azərbaycan Ordusunun belə gözəl mədəniyyət ocağı var. Müasir standartlara uyğun səs avadanlıqlarımız, milli geyimlərimiz, kostyumlarımız var. Biz nəinki hərbi-vətənpərvərlik ruhunda tədbirlər keçiririk, həmçinin öz milli dəyərlərimizi, milli mentalitetə uyğun olaraq musiqilərimizi, xalq mahnılarımızı, bəstəkar mahnılarımızı, folklor nümunələrimizi, şifahi xalq ədəbiyyatımızı Azərbaycan əsgəri üçün təbliğ və tərənnüm edirik.

Bilirsiz ki, bu il ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi respublikada, eyni zamandaSilahlı Qüvvələrin hər bir hərbi hissəsində, birləşməsində ən yüksək səviyyədə qeyd olundu. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Silahlı Qüvvələrimizdə də çox yüksək səviyyədə təşkil olundu.Bundan başqa Silahlı Qüvvələrin yaradılmasının 100-cü ildönümü münasibətilə keçirilən tədbirlər çox yüksək səviyyədə oldu, təsdiq olunmuş plana əsasən keçirildi.

Avqust ayında Silahlı Qüvvələrin Mahnı-Rəqs Ansamblının heyəti Moskvada beynəlxalq hərbi idman oyunları yarışlarının açılış və bağlanış mərasimlərində iştirak edib. Orada bizim Mərkəzi Zabitlər Evinin təqdim etdiyi böyük fotosərgi və əyani vəsaitlər, milli dəyərlərimiz, tarımız, kamançamız, qara zurna, tütək, nağara, milli geyimlərimiz, milli təamlarımız nümayiş olundu. Milli dəyərlərimiz o qədər zəngindir ki, 32 dövlətin hərbçiləri bunu çox maraqla izləyirdi. Bildiyiniz kimi, bu il Mehdi Hüseynzadənin anadan olmasının 100 illiyidir. Bununla bağlı da bizim bir çox tədbirlərimiz keçirilib və keçirilir.

Bir neçə gün öncə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümünə həsr olunan xatirə tədbirlərinin açılışı oldu. Bizim kollektivimiz orada iştirak etdi. Ümumiyyətlə şəxsi heyət sağlamdır, deyirlər sağlam bədəndə sağlam ruh olar, çox mehriban, səmimi kollektivdir. Hər kəs öz işinin peşəkarıdır.

Kollektivimiz çox uzaq yollar gedib-gəlir, həmişə də keçirdiyimiz tədbirlərdən zövq alırıq.Əsgərlərin gözündəki parıltı, sevinc bizə zövq verir. Ordumuzun özündə bir səmimiyyət var. Azərbaycan Ordusunda illərdir xidmət edən zabit kimi onu deyə bilərəm ki, Allah möhlət versə, bundan sonra bir 20 il də xidmət edərdim. Səmimiyyətlə yanaşı Ordumuzda həm də güclü nizam-intizam var. O yerdə ki, nizam-intizam, səliqə-sahman, sevgi, hörmət var, deməli orda hər şey həllini tapacaq”.


Zöhrab İmamquliyev deyir ki, Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblının çox geniş və çox şaxəli repertuarı var: “Biz lazım olanda Mahnı və Rəqs Ansamblının kollektivilə, texniki və yaradıcı heyətilə teatrallaşmış formatda ədəbi-bədii, musiqili kompozisiyalar da işləyə bilirik. Yarım saatlıq, 40-45 dəqiqləlikkompozisiya formasına da sala bilirik. Bizdə hər bir musiqiçi professionaldır və onlar musiqi alətlərində də çox peşəkar şəkildə ifa edirlər. Bütün milli alətlər bizim ansamblda öz əksini tapıb. Bizim musiqi janrına baxanda folklor, xalq mahnıları, bəstəkar mahnıları, romanslar, Azərbaycan klassikası, Avropa klassikası, hətta dünya klassikasına belə müraciət edə bilirik. Çünki bizim elə solistimiz var ki, onun səsi opera səsidir, 5 dildə oxuyan müğənnimiz var.

Rəqslərimiz isə solo, duet və kütləvi rəqslərdən ibarətdir. Bizim tarixdən gələn bütün geyimlərimiz var. Rəqs heyətimiz də böyükdür və hamısı da peşəkardır. Demək olar ki, hamısı Bakı Xoreoqrafiya Məktəbini, yaxud Mədəniyyət və İncəsənət Universitetini bitirib. Çox maraqlı rəqs nümunələrimiz var. Rəqslərimiz də həm vətənpərvərlik janrındadır, həm də milli janrda. Elə tədbirlərimiz olur ki, xaricdən gələnlər də izləyir. Onların da asudə vaxtlarında konsert proqramları təşkil edirik. Xaricilər bu konsert proqramlarını çox maraqla izləyirlər. Gələn qonaq hansı ölkədəndirsə, çalışırıq ki, hörmət əlaməti olaraq o ölkəyə məxsus ya bir mahnı ifa edək, ya da hansısa rəqslərini onların öz geyimlərində təqdim edək. Dediyim kimi, bizdə hər kəs öz işindən zövq alaraq işləyir”.

Mərkəzi Zabitlər Evinin Mədəni-bədii İş Bölməsinin müdiri Gülxar Məmmədova isə təxminən 8 ildir ki, bu şöbəyə rəhbərlik edir: “Buradakı işimdən əvvəl də ixtisasıma uyğun olaraq mədəniyyət müəssisələrində işləmişəm. Həmin müəssisələrdə işləyəndə həmişə hərbi hissələrlə əlaqəmiz olub. Mərkəzi Zabitlər Evinin özünün əsasnaməsi, ideologiyası var - hərbi-vətənpərvərliyi təbliğ etmək. Gənclərimizdə vətənə, millətə, xalqa sevgini təbliğ eləmək bizim ali məqsədimizdir. Bütün tədbirlərimizi də bu məqsəd üzərində qururuq.

Mədəni-Bədii İş Bölməsi çox böyük bölmədir, Zabitlər Evinin əsas şöbələrindən biridir. Keçirilən tədbirlərin ssenariləri həmin şöbədə hazırlanır, planlaşdırılır. Bilirsiz ki, bir tədbiri keçirmək o qədər də asan deyil. Mədəni tədbirdir, bunun həm rəsmi hissəsi olur, həm tərtibatı, həm bədii hissəsi. Yazıçılar İttifaqı ilə sıx əlaqədə oluruq, ictimai təşkilatlarla əlaqədə oluruq, onlardan qonaqlar dəvət edirik. Azərbaycan Milli Elmlər Akademiyası ilə çox yaxın əlaqələrimiz var. Çalışırıq tədbliğat həm də elmi şəkildə olsun.

Məsələn, ötən il çox maraqlı bir tədbirimiz oldu Kitabi-Dədə Qorqudla bağlı. Bilirsiz ki, prezident İlham Əliyevin Cocuq Mərcanlıya qayıdış və Ana dilinin təmizliyi ilə bağlı sərəncamları var. Biz bu məsələyə öz düşüncəmizdən yanaşdıq ki, bu mövzunu necə işıqlandıra bilərik? Bu zaman müraciət elədik Dədə Qorqud dastanına. Çünki bu tədbir həm ictimai-siyasi, həm də bədii olmalı idi. Zöhrab müəllimin də dediyi kimi çox güclü bazamız var və təbii ki, kadr bazamız da güclüdür. Biz Dədə Qorqud boylarından çox gözəl formada istifadə etdik, çox maraqlı bir rəqs kompozisiyası hazırladıq. Kitabi-Dədə Qorquda ona görə müraciət etdik ki, bu kitab bizim birinci ana kitabımızdır, Dədə Qorqud dili bizim ilk ana dilimizdir. Çünki dövlət başçısının Sərəncamı da var idi ki, ana dilinin təmizliyini qoruyaq. Digər tərəfdən tarixi qayıdış məsələsi var idi ki, həqiqətən də Dədə Qorqud dastanının hər bir boyunda belə çağırış var ki, torpaqlarınıza, yurd yerlərinizə qayıdın. Bu məsələni elmi tərəfdən də təqdim etmək üçün Elmlər Akademiyasından professorlar dəvət etdik. O tədbirdə çox maraqlı çıxışlar oldu və həqiqətən də çox yüksək səviyyədə keçirildi.

Bundan əlavə, Mədəni-Bədii İş Bölməsi olaraq hər il silsilə müsabiqələr təşkil edirik. Orduda, hərbi hissələrdə olan əsgərlərin, ümumiyyətlə hərbçilərin, hərbçi ailələrindən olan şəxslərin bədii özfəaliyyət kollektivlərinin müsabiqəsini təşkil elədik. Bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş müsabiqə keçirdik. Azərbaycan, Azərbaycanın bölgələrində olan şəhərlərimiz haqqında mahnılarla bağlı maraqlı müsabiqələr təşkil elədik. Daha sonra bu yaxınlarda orduda olan təsviri-sənət sərgisi təşkil elədik. Təsviri-sənətlə bağlı həqiqətən də çox maraqlı eksponatlar üzə çıxdı. Rəssamlar İttifaqında qonaqları dəvət etdik, onlar da gəlib çox yüksək qiymətləndirdilər. Dediyim kimi nə tədbir ediriksə, onun başında hərbi-vətənpərvərlik ideologiyası dayanır.


Ötən ay Bayraq günü ilə bağlı döyüş bölgəsinə çox gözəl səfərimiz oldu, biz təbliğat qrupu kimi getmişdik. 1 həftədöyüş bölgəsində olduq, orada əsgərlərimizi gördük. O əsgərlərimizi görəndən sonra, düşmənlə təmas xəttində olduqdan sonra bir daha başa düşdüm gənc əsgərlərimiz həqiqətən də düşmənlə bizim aramızda bir çəpərdilər. Hamımız rahat yaşayırıq, rahat işləyirik, bütün bunlara görə o əsgərlərimizə borcluyuq, çox istərdim ki, bunu hamı başa düşsün. Sakit yaşayışımızı görəndə, yeyəndə, içəndə, istirahət edəndə və sahib olduqlarımızın az olduğunu düşünəndə əsgərlərimizi yada salsınlar. Əsl vətənpərvərliyin nə demək olduğu onda üzə çıxır. Vətənin nə demək olduğunu tam olaraq həqiqətən də məhz orada olanda dərk etdim. Boş sahələrə baxırsan, dəhşətli bir sükut var, o sükutu arada avtomat səsi pozur, sənin torpağındır, amma gedə bilmirsən.

Bir şeyi də demək istəyirəm ki, Böyük Vətən Müharibəsindən sonra qəhrəman şəhərlər termini var idi, amma qəhrəman şəhərlərdən əlavə qəhrəman küçələr, qəhrəman binalar da var. Bizim bu binamız da qəhrəman binalardan sayılır. Çünki bu tarixi binadır və 100-dən çox yaşı var. XIX əsrin sonlarında Bakı milyonçusu Musa Nağıyev tərəfindən inşa edilən bu bina 100 ildən çoxdur orduya xidmət edir. Sovet İttifaqı dövründə Qızıl Ordu evi olub, sonra Zabitlər Evi adını alıb, daha sonra Həzi Aslanov adına Mərkəzi Zabitlər Evi olub. Ən maraqlısı budur ki, tarix dəyişib, ideologiyalar dəyişib, dövlət dəyişib, ümumiyyətlə bir çox şeylər dəyişib, amma dəyişməyən yerlədən biri Mərkəzi Zabitlər Evidir. Nə əsasnaməsi dəyişib, nə ideologiyası, çünki birbaşa xalqa xidmət edir, öz dövlətinə xidmət edir, heç vaxt öz prinsiplərinə xəyanət etməyib. Bu binada işləmək özü bir şərəfdir. Hələ o dövrlərdə Bakının bir mədəni cəmiyyəti var idi, bu bina həmin dövrün, həmin cəmiyyətin insanlarının xatirəsindədir. Çox insanların gəncliyi bu binada keçib. İndi də şahid oluruq ki, kimlərsə gəlir deyir mən cavanlığımda burda olmuşam”.

Mayor Qasımov Ramil Elşad oğlu isə HərbiTəbliğat və Kütləvi İş Bölməsinin rəisidir. Ramil Qasımov deyir ki, Silahlı Qüvvələrin Mənəvi-Psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin tabeçiliyində olan Mərkəzi Zabitlər Evinin Hərbi Təbliğat və Kütləvi İş Bölməsinin iş funksiyası olduqca əhəmiyyətli, vacib bir bölmədir: “Bu bölmənin iş funksiyası Silahlı Qüvvələrin hərbi qulluqçularının mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə saxlanılması, onlara hərbi-vətənpərvərlik tərbiyəsini aşılamaq, Vətənə məhəbbət, dövlətə sədaqət, düşmənə nifrət hisslərinin aşılanmasıdır və üzərimizə böyük məsuliyyət düşür. Belə ki, Hərbi Təbliğat və Kütləvi İş Bölməsiolaraq yerli icra orqanları ilə, hökumət və qeyri-hökumət təşkilatları və digər birliklərlə, yazıçılarla, şairlərlə görüşlər keçiririk. Milli Qəhrəmanlarımızın tanıdılmasında Milli Qəhrəmanların Tanıdılması İctimai Birliyi ilə birgə müvafiq planlara əsasən tədbirlər keçiririk. Müdafiə nazirin təsdiq etdiyi plana əsasən, Ali Baş Komandanımızın Sərəncam və Fərmanlarının yerinə yetirilməsində və onların Azərbaycan Ordusunun şəxsi heyətinə təbliğ edilməsində bizim bölmə mütəmadi olaraq qabaqcadan hazırlanmış planlara əsasən, öz işini görür. Bu gün hərbi qulluqçularda hərbi-vətənpərvərlik hissinin aşılanması ən ümdə məsələlərdən biridir. Hərbi təbliğatın işinin əsas qayəsi də bundan ibarətdir.

Mən artıq 2 ildir ki, Mərkəzi Zabitlər Evində xidmət edirəm. Digər hərbi hissədən gəlməyimə baxmayaraq, bu gün bizim üzərimizə düşən məsuliyyət ikiqatdır. Çünki bu gün Silahlı Qüvvələrdə hərbi təbliğat işinin yerinə yetirilməsi təkcə ordu ilə xalqın birliyi deyil, məktəblərdə, ali təhsil ocaqlarında gələcəkdə hərbi xidmətə daxil olacaq əsgərlərin bazasının hazırlanmasıdır. Bundan əvvəl yeniyetmələrdə, orta məktəblərdə hərbi işin ibtidai anlayışı ilə bağlı onlar üçün maarifləndirici məlumatlar vermişik, brifinqlər, konfranslar keçirmişik. Həmçinin gördüyünüz bu möhtəşəm binadakı tamaşa zalımıza məktəblilərimizi də dəvət etmişik, onlarda vətənpərvərliyin, dövlətə məhəbbət, düşmənə nifrət hissinin aşılanması üçün ilkin məlumatlar vermişik. Bizim üçün bu, sevindirici bir haldır. Hesab edirəm ki, bu ənənələr yenə də davam etdiriləcək.

Təbliğat bölməsi olaraq şəxsi heyətin mədəni və asudə vaxtının səmərəli keçirilməsi üçün teatrlarla da işimizi qururuq. Şəxsi heyətin şənbə və bazar günləri, bayram ərəfələrində, əlamət günlərdə Akademik Milli Dram Teatrı, Gənc Tamaşaçılar və digər teatrlarda şəxsi heyətin iştirakının təminilə bağlı da müvafiq tədbirlər görülür. Sağ olsunlar ki, bizim üçün şərait yaradılıb ki, şəxsi heyət orada iştirak edir və zövq alırlar. Bu dediyim kimi şəxsi heyəti mənəvi-psixoloji hazırlıqda saxlamaq üçün, onların hərbi tərbiyə olunmasında, həmçinin bizim görəcəyimiz işin təbliğ olunmasında əsas işimizdir, əsas funksiyamızdır.

Mərkəzi Zabitlər Evinin binasını gəzib yaxından tanış olduqdan sonra kitabxanası ilə tanışlığımız oldu. Mərkəzi Zabitlər Evinin kitabxana müdiri Zəminə Xınalı bildirib ki, Mərkəzi Zabitlər Evinin kitabxanasında ümummilli lider Heydər Əliyev və prezident İlham Əliyevlə bağlı kitablar yer alıb: “Oxucularımız tez-tez gəlirlər, orta məktəblərdən də gəlirlər, Hərbi Məktəblərdən də. Hərbidən təqaüdə çıxan zabitlər də tez-tez qonağımız olur. Kitabxanamızda çoxsaylı kitablar var. Amma təbii ki, ən əsası Vətən uğrunda canından keçən şəhidlərimizlə bağlı kitablardır. Bizə oxucularımız da kitab hədiyyə edirlər. Vaxtilə kiril əlifbasında yazılan çoxlu kitablarımız da var. Bunlardan əlavə prezident İlham Əliyevin sərəncamı ilə yenidən çap olunmuş dahi klassiklərimizin hər biri barədə kitablarımız var. Eyni zamanda müasir dövrdə yazıb-yaradan yazıçılarımızın əsərləri də kitabxanamızda mövcuddur.


Burada ən başlıcası Azərbaycan Respublikasının Xatirə kitabıdır. Burada Böyük Vətən Müharibəsində itkin düşmüş, yaralanmış, şəhid olmuş şəxslər, eyni zamanda da müasir dövrümüzdə Qarabağda əsir düşmüş, itkin düşmüş, yaralanmış qazilər haqqında məlumatlar yer alır. Azərbaycan Milli Ensiklopediyası kitabımız da var, bunu bizə Azərbaycan Milli Elmlər Akademiyası həddiyə edib. Daha sonra silahlar haqqında, Bakı haqqında, Azərbaycan tarixi haqqında, fəlsəfə barədə kitablarımız var. Kitabxanada eyni zamanda rus dilində, az sayda isə ingilis dilində olan kitablarımız da yer alıb.

Daha sonra kitabxanamızda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı faciəsi barədə kitabı da var. Bundan əlavə, Ağa Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva da bizə kitab hədiyyə verib. Kitabxanamızda uşaq ədəbiyyatından olan kitablar da yer alıb. Burada mənim öz kitablarım da var.Hərbi Məktəblərin marşlarının da müəllifiyəm. Qarabağa aid kitablarımız da var. Bu yaxınlarda Mərkəzi Zabitlər Evində Azərbaycanın Milli Qəhrəmanı Gültəkin Əsgərova ilə bağlı tədbir keçirildi. O tədbirdə Gültəkin Əsgərovanın anası Rəfiqə xanım bizə kitablar hədiyyə etdi. Azərbaycan tarixi, hüquq, taktika, Vergi Məcəlləsi, Milli Qəhrəmanlarımızla bağlı çoxlu sayda kitablarımız var. Yəni kitabxanamız çox zəngindir.

Hərbçilərimiz, zabitlərimiz buradakı kitablardan apara bilirlər. Amma hərbçi ailələri oxuduqları kitabları sonra bizə geri qaytarırlar. Oxucularımız da həddindən artıq çoxdur. Hərbçi ailələrdən əlavə, universitetlərdən tələbələrimiz də gəlir, məktəblilərimizdə gəlir. Hərbi hissələrə də kitablar göndəririk. Yazıçılarımızın çoxu öz yazdıqları kitablardan bizə hədiyyə ediblər. Kitabxanadakı ən dəyərli kitablarımızdan biri də polkovnik Abdulla Qurbaninin “Heydər Əliyev” kitabıdır. Ümumilikdə kitabxanamızda 10.101 kitabımız var. Hər bir azərbaycanlı üçün kitabxanamızın qapısı açıqdır”.

Qeyd edək ki, Mərkəzi Zabitlər Evinin rəisi Eldar Sadıqov eyni zamanda Azərbaycan Rəssamlar İttifaqının üzvü, peşəkar rəssam və heykəltaraşdır. Eldar Sadıqovun bəzi əl işlərini də təqdim edirik:

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı