Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasından reportaj - FOTOLAR

Metbuat.az-ın “Hərb” layihəsində budəfəki reportajımız Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasından oldu.

Azərbaycan Respublikası 1991-ci ildə müstəqilliyini yenidən bərpa etdikdən sonra Ordumuzun şəxsi heyətinin əşya təminatı keçmiş Sovet dövründə olduğu kimi təşkil edilib.1994-cü ildə qüvvədə olan normalara istinadən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin şəxsi heyətinin əşya təminatı haqqında Əsasnamə” Nazirlər Kabinetinin 1993-cü il 30 dekabr tarixli qərarı əsasında Müdafiə nazirinin 1994-cü ildə imzaladığı müvafiq əmri ilə təsdiq olunub.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin Əşya xidməti rəisi polkovnik-leytenant Azər Qurbanov deyir ki, 2013-cü ildə Müdafiə naziri vəzifəsinə general-polkovnik Zakir Həsənov təyin olunduqdan sonra orduda əsaslı islahatların aparılmasına başlanılıb. Bütün təminat növləri ilə bağlı islahatlarla yanaşı ordunun şəxsi heyətinin əşya təminatında da köklü dəyişikliklər edilib.

Əşya təminatının dünya standartlarına uyğunlaşdırılması məqsədilə 2016-cı ildə Müdafiə nazirinin təşəbbüsü ilə məsələyə yenidən baxılıb.Əşya təminatı normalarına əlavə dəyişikliklərin edilməsi ilə bağlı Nazirlər Kabinetinin 2016-cı il 24 may tarixli qərarı əsasında Müdafiə nazirinin 2016-cı il 29 avqust tarixli qərarı ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin dinc dövrdə əşya təminatı haqqında Əsasnamə” qüvvəyə minib.

Azər Qurbanov həmçinin deyir ki, hazırda Azərbaycan Ordusunun əşya təminatı Maddi-Texniki Təminat Baş İdarəsi Arxa Cəbhə İdarəsinin tabeliyində olan Mərkəzi Əşya Bazası vasitəsilə həyata keçirilir. Baza inzibati və texniki ərazilərdən ibarətdir. İnzibati ərazidə xidməti otaqlar, hamam-camaşırxana kombinatı, park, yanğınsöndürən komanda və şöbələr yerləşir. Texniki ərazidə əşya əmlakı saxlamaq üçün bina və konstruksiyalardan ibarət saxlanclar mövcuddur. Bazada nümunələr otağı yaradılıb və bütün növ qoşun geyim əmlakları ilə komplektləşdirilib. Ötən müddət ərzində burada yeni saxlanclar inşa edilib, bəzi saxlanclarda isə əsaslı təmir işləri görülüb, eyni zamanda ərazidə olan dəmir yolu təmir olunaraq istifadəyə verilib.

A.Qurbanovun sözlərinə görə, müəssisələr tərəfindən gətirilən əmlaklar ilk növbədə Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin tabeliyində olan əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratoriyasında yoxlanılır və yalnız müsbət cavab alındıqdan sonra müvafiq qaydada Mərkəzi Əşya Bazasının tabeliyində fəaliyyət göstərən əşya əmlakının qəbulu bölməsinin nəzarəti altında saxlanclara qəbul edilir.

Müayinə və keyfiyyətə nəzarət laboratoriyası nümunələrin dartılma, sıxılma kimi fiziki təzyiqlərə davamlılığını, rezin materialların aşınmağa davamlılığını, nümunələrin hava keçirməsinin və partlama qüvvəsinin sürtünməyə qarşı davamlığını, əmlak ütülənərkən rənginin həssaslığını, yağışa qarşı davamlılığını, nümunənin rənginin təbii iqlim şəraitinə qarşı həssaslığını, dərinin və parça materialların su keçirməsinin sınağı, ayaqqabının statik şəraitdə və dərinin dinamik şəraitdə su keçirməsinin sınağı, nümunələrin yuyulması, külləmə, əritmə, isitmə və qurutma proseslərini təyin etmək və dəri materialların sərtliyini ölçmək üçün cihazlarla təchiz edilib.

Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazasının rəisi polkovnik-leytenant Şaiq Abbasov deyir ki, yay mövsümündə əşya xidmətinin əsas vəzifələrindən biri soyuq iqlimli yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin qış təminatının tədarükünü həyata keçirməkdən ibarət olur:

Əşya xidmətinin qarşısında duran ən vacib məsələlərdən biri də ön xətt hərbi hissələrinin şəxsi heyətini isti və inventar (yarımkürk, keçə-çəkmə, isti səhra şalvarı, istiləşdirilmiş qulaqlı şlemaltı, qışlıq uzunboğaz botinka, içi xəz dərili əlcək və s.) əmlaklarla təminatını təşkil etməkdir. Ön xətt bölmələrinin hamam-camaşırxana xidməti tam səmərəli şəkildə hərbi hissənin səhra hamamı, səhra camaşırxanası və mülki müəssisələr tərəfindən həyata keçirilir. Daimi yaşayış məntəqəsindən kənarda olan şəxsi heyətin hamam-camaşırxana xidmətinin səmərəli təşkil olunması üçün lazımi şərait yaradılıb”.

Ş.Abbasovun sözlərinə görə, əşya təminatında sanitar-gigiyena qaydalarına ciddi surətdə əməl edilir. Bu məqsədlə dəyişək alt paltarları və yataq dəstlərinin yuyulması üçün müasir tələblərə uyğun yuyucu vasitələr müvafiq qaydada alınır və hərbi hissələr tərəfindən istifadə edilir.

Hərbi qulluqçular sanitar-gigiyena qaydalarına əməl edilməsi məqsədilə hər ay lazımi yuyunma vasitələri ilə təyin olunmuş təminat normalarına uyğun təmin edilirlər.

Bu gün bir əsgərin normaya uyğun təminatı heç də müasir orduların təminatından fərqlənmir və ordumuzun əşya təminatı dünyada qəbul edilmiş ordu standartlarından geri qalmır.

Cari dövr ərzində şəxsi heyətin məişət şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra yeniliklər həyata keçirilib:

- müasir standartlara cavab verən əsgər kazarmaları inşa edilib;

- hamam-camaşırxana avadanlığı tədarük olunub;

- yeni növ çadırlar Türkiyə və Çin Xalq Respublikasından tədarük olunub;

- normada olan iplik dəsmal bej rəngli xovlu əl-üz dəsmalı ilə əvəz olunub, bej rəngli xovlu ayaq və hamam dəsmalı, bej rəngli yorğan üzü normaya əlavə olunub. Pambıq döşək paralon döşəklə, pambıq balış sintefon balışla, yarımyun adyal akril adyalla, ağ rəngli döşək ağı və ağ rəngli balış üzü bej rənglə əvəz olunub.

Müdafiə nazirinin əmrinin tələblərinə uyğun olaraq xidmət müddətində şəxsi heyət bir dəfə mərkəzləşdirilmiş qaydada sanitar-gigiyenik ləvazimat və təsərrüfat əmlakları ilə təmin edilir. Belə ki, hər bir əsgərə hərbi xidmətə gəldiyi hərbi hissədə ona komplekləşdirilmiş qutu verilir. Qutunun işərisində diş fırçası, diş məcunu, üzqırxan, üz qırxmaq üçün köpük, iynə-sap, sabun, sabun qabı və s. var.

Mərkəzi Əşya Bazası ilə bağlı ümumi məlumat əldə etdikdən sonra Əşya əmlakının müayinə və keyfiyyətinə nəzarət laboratiyası ilə də tanış olduq. Laboratoriyanın rəisi polkovnik-leytenant Mahir Usmanov laboratoriyadakı cihazlar barədə ətraflı məlumat verərək bildirdi ki, bu cihazlar vasitəsilə Müdafiə Nazirliyi üçün tədarük olunmuş əşya əmlakının fiziki-mexaniki sınaqları keçirilir. Burada həm geyim əşyalarının, parçaların, həm də ayaqqabıların dartılma-sıxılma kimi fiziki təsirlərə qarşı davamlılığının sınaqları keçirilir. Parçaların dartılması, cırılması, ayaqqabıların altının və dərisinin qopması, bütün bunlar müayinə cihazları vasitəsilə yoxlanılır.

Devotrans DVT.G21 cihazı dartılma-sıxılma kimi fiziki təzyiqlərə qarşı davamlılığın yoxlanılması üçün təyin olunub.Bu aparat vasitəsilə ayaqqabıların altlığının, üzlük dərinin qopması vəparçaların dartılmaya qarşı dözümlülüyü yoxlanılır.

Digər cihazla sürtünməyə qarşı davamlılıq yoxlanılır. Burada corabların, adyalların sürtünməsi yoxlanılır, dözümlülüyü təyin olunur. Bu proses 7-8 dəqiqə davam edir.

Rezin altlıqların sərtliyini təyin edən cihazda sərtlik təyin olunmuş “Şhore A” ölçü vahidilə hesablanır. Nümunə 3-4 yerindən yoxlanılır və ortaq məxrəc alınır. Beləliklə nümunənin uyğun olub-olmaması təyin olunur.

Bu isə elektron tərəzidir. Kəsici alət vasitəsi ilə parçadan nümunələr kəsilərək elektron tərəzidə çəkilir. Beləliklə parçaların səthi sıxlığı təyin olunur.

Digər cihaz vasitəsilə rezin altlıqların aşınması yoxlanılır. Bunun üçün altlıqlardan nümunələr götürülür və yoxlanılır. Bununla da təyin edilir ki, əsgər çöl şəraitində daşa sürtünmə, dağlıq ərazidə gəzəndə və hərəkət edən zaman bu ayaqqabının altlığı hansı müddətdə hansı məsafəyə dözümlü olur. Yaxud qoyulmuş norma var 6 aylıq, yoxlayırıq ki, 6 ay ərzində bu ayaqqabının dözümlülüyü necə olacaq? Ona görə biz də təyin olunmuş normaya uyğun olaraq sınaq nəticələrinə görə, göstəririk ki, həmin aşınma normanı verirsə, demək keyfiyyətlidir, əgər vermirsə, istehsalata buraxılmır. Bizdə əsasən rezin altlıqlardan istifadə edilir.

Bu aparat ayaqqabının suya davamlılığını yoxlayır. Hazır ayaqqabı həmin aparatın içərisindəki su çəninə yerləşdirilir və altlığın su buraxıb-buraxmadığını yoxlayır.5-10 dəqiqə ərzində test keçirilir. İçərisində xüsusi metal lövhə var və elektrik cərəyanı qoşulub, hansı hissəsində su olsa, həmin an oradan aparata siqnal verir və hansı tərəfdən su buraxdığını göstərir. Qeyd edək ki, laboratoriyada təqdim olunmuş hər bir partiyadan nümunələr götürülür və yoxlanılır.

Bu cihaz isə ayaqqabının dəri hissəsinin su keçirib-keçirmədiyini yoxlayır. Dəridən cihaza nümunələr yerləşdirilir və yoxlanılır. 6 saat ərzində dəri 30%-dən çox olmayaraq suyu çəkməlidir. 6 saatdan sonra yenidən su çəkmiş dərinin nə qədər su çəkdiyi yoxlanılır. Əgər su keçirmə faizi 30%-i keçməyibsə, demək normativlərə cavab verir. Bu isə o deməkdir ki, çöl şəraitində yağış yağanda və ya əsgər suyun içində hərəkət etməli olarsa, ayaqabının nəmliyi normadan artıq olmayacaq.

Bu aparat vasitəsi ilə təyin olunmuş ölçü vahidinə (SS mm)əsasən parçanın su keçirməzliyi yoxlanılır.

Gördüyünüz bu cihaz parça nümunələrinin təbii iqlim şəraitində rənginin həssaslığını yoxlayır. Nümunələr cihazın daxili kabinəsinə yerləşdirilir. Burada nümunələr həm günəş işığının, həm də yağışın təsirinə məruz qalır. Yəni 72 saat ərzində həm suya, həm də işığa qarşı parçanın rənginin həssaslığını yoxlayır. Vaxt bitdikdən sonra həmin nümunələr çıxarılır. Qeyd edim ki, bu aparatın içərisində bütün iqlim şəraiti yaradılıb.


Bu cihaz isə rəngin müqayisəsi üçündür. Müxtəlif işıqfonu altında parçaların rəngləri müqayisə olunur.

Daha sonra Azərbaycan Ordusunun şəxsi heyətinin təminatı üçün nəzərdə tutulan əşya əmlakının etalon nümunələrinə baxış keçirdik. Azər Qurbanov deyir ki, burada hərbi qulluqçuların geyim formalarından nümunələr nümayiş olunur.

Azərbaycan Ordusu və qoşun növünə mənsubiyyətinə görə fərqləndirmə nişanları. Quru qoşunları, hərbi dəniz qüvvələri və hərbi hava qüvvələri hərbi qulluqçularının fərqləndirmə nişanlarıdır.

Hərbi qulluqçuların yay və qış mövsümlərində səhra şəraitində daşıması üçün nəzərdə tutulmuş səhra geyim formasının nümunələridir.

Quru qoşunları zabitlərinin demisezon gödəkcə və şalvarda qış (yay) gündəlik geyim forması. Furajka hərbi qulluqçuların heyətinə mənsubiyyətinə görədir.

Hərbi Dəniz Qüvvələri zabitlərinin yay mərasim geyim forması nümunəsi. Furajka hərbi qulluqçuların heyətinə mənsubiyyətinə görədir.

Etolon nümunələrdə yanmayan və elektrik cərəyanı keçirməyən parçadan hazırlanan Hərbi Hava Qüvvələrinin uçuş heyəti hərbi qulluqçularının istiləşdirilmiş və demisezon uçuş gödəkçələri də nümayiş olunur.

Hərbi Hava Qüvvələri hərbi qulluqçularının gündəlik geyim formaları və baş geyimlərinin nümunələri.

Bu isə Azərbaycan Ordusunun tank heyəti hərbi qulluqçularının yay xüsusi texniki geyim formasının nümunəsidir.

Daha sonra Azərbaycan Ordusunun təminatında olan əşya əmlaklarının saxlanıldığı saxlancların bir hissəsi ilə yaxından tanış olduq.

A.Qurbanovun sözlərinə görə, ötən illər ərzində qoşunlarda şəxsi heyətin əşya təminatının yaxşılaşdırılması, əşya əmlakının və yuyucu maddələrin vaxtlı-vaxtında alınması, əşya təminatı normalarının ödənilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilib: “Yeni inşa edilmiş hərbi şəhərciklər və müasir tələblərə tam cavab verən hamam-camaşırxanalar, məişət otaqları və əsgər kazarmaları şəxsi heyətin istifadəsinə verilib. Bu istiqamətlərdə dəyərli keyfiyyət dəyişiklikləri davam etməkdədir. Azərbaycan Ordusunun birinci eşelonunda yerləşən hərbi hissələrinin müasir tələblərə cavab verən infrastrukturla, o cümlədən hamam-camaşırxana təminatının yeni müasir avadanlıqlar ilə təchizatı başa çatmaq üzrədir. Azərbaycan Ordusunun şəxsi heyətinin və hərbi hissələrə yeni çağırılmış müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının mütəmadi olaraq mövsümə uyğun əşya təminatı normalarının tam şəkildə çatdırılması daimi nəzarətdə saxlanılır”.

Günay Elşadqızı / METBUAT.AZ

FOTO: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI

Media Savadlılığı