The Washington Times, ABŞ

23.11.2018

Müəllif: Stiven Blank

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Con Bolton bu yaxınlarda Cənubi Qafqaz ölkələrinə səfər etmişdi. O, bu səfərlə ABŞ-ın belə bir kritik regiona qayıdışı, Vaşinqtonun həyati əhəmiyyətə malik maraqlarının irəli çəkilməsi baxımından yaxşı iş görüb.

Cənab Boltonun Cənubi Qafqaz regionuna səfəri böyük əhəmiyyət kəsb edirdi. Çünki amerikalı siyasilər 10 ildən çox idi sanki bu regiona məhəl qoymamaqla, Cənubi Qafqazı Moskvanın ixtiyarına buraxmışdılar.

Cənab Bolton səfər çərçivəsində Cənubi Qafqazın hər 3 ölkəsinin - Ermənistan, Azərbaycan və Gürcüstanın liderləri ilə görüşüb. ABŞ-ın sadiq müttəfiqləri olan Azərbaycan və Gürcüstan üçün müzakirələr müsbət keçib, bu ölkələrə ümid verib. Amma Ermənistan bu görüşdən narazı qalıb. Hətta görüşün nəticəsi Yerevanı qıcıqlandırıb. Bunu Ermənistan hökumətinin nəzarət etdiyi mətbuatda yer almış məqalələrdən də görmək mümkündür.

Əslində, Ermənistanın hazırkı durumu hər şeyi açıq-aydın göstərir. O, müharibə vəziyyətində olduğuna, həmçinin korrupsiyalaşmış avtoritar rəhbərləriyinin siyasəti nəticəsində qeyri-sabit ölkəyə çevrilib. Ermənistan iqtisadiyyatı çökmüş vəziyyətdədir. Bununla yanaşı, Kremlin vassalı olan Yerevan konstitusional böhran da yaşayır. Bu, ölkədə demokratiyanın bərqərar olması ilə nəticələnməyəcək. Əksinə, Ermənistanda vəziyyət daha da gərginləşəcək.

Azərbaycan isə güclü lideri olan müasir, uğurlu dövlətdir. O, demokratik yolla irəliləyir, korrupsiya ilə mübarizə aparır. Rəsmi Bakı birbaşa Qərbə yönəlmək də istərdi. Amma bu, elə də asan deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb və Azərbaycan Rusiya ilə İranın daimi təzyiqləri ilə üz-üzədir. Odur ki, Bakı bu istiqamətdə potensial töhfəsini maksimuma çatdıra bilmir. Buna rəğmən Azərbaycan enerji resurslarının ixracı, texnologiya, regional təhlükəsizlik, inteqrasiya sahəsində Qərblə əməkdaşlıq edir, Qərbin təhlükəsizliyinə töhfə verir.

Gürcüstana gəlincə, o, Moskvanın daimi daxili və xarici təzyiqləri ilə üz-üzədir. Rus hərbi birləşmələri Gürcüstan ərazisindədir və Rusiya sərhəd nişanlarını belə, bu ölkənin ərazilərinə doğru "itələyib".

Bütün bunara rəğmən, ABŞ-ın bu 3 ölkə ilə bağlı siyasəti aydın deyil. Məhz Vaşinqtonun bu siyasəti istər daxildə, istərsə də dövlətlərarası münasibətlərdə anormal vəziyyət yaradıb. Görünür, amerikalı siyasətçilər bu regionla bağlı hansı addımların atılmalı olduğunu müəyyənləşdirə bilmir.

Həqiqətən, bir çox amerikalı ekspert Vaşinqtonun Qafqazla bağlı böyük ideyalara malik olmadığını düşünür. Başqa sözlə desək, amerikalılar bu regionun həll edilməsi çox çətin görünən problemlərindən yorulub. Amma bu, ABŞ-ın indiki rəhbərliyinə aid deyil. Onların bu istiqamətdə yürütdükləri siyasətdə dəyişiklik hiss olunmaqdadır. Elə cənab Bolton da ölkəsinin bu regiondakı maraqlarını təmin etməyə çalışır.

Bu arada Moskva ilə Tehrana çox yaxın olan Yerevan Vaşinqtonun maraqlarına məhəl qoymur və bununla da yalnışlığa yol verir. Lakin Boltonun səfərindən sonra güman ki, erməni siyasətçilər ayılıb. Onlar artıq Rusiyaya alternativ tapmağa ehtiyacın olduğunu başa düşməyə başlayıblar. Ermənilər buna getsələr, ABŞ Ermənistan-Azərbaycan müharibəsinin sona çatmasına yardım göstərə bilər. Bununla da Ermənistanın iqtisadiyyatı da güclənəcək və o, real suverenlik əldə edəcək. Cənab Boltonun bu haqda mesajı kifayət qədər açıq olub. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi açıq-aydın deyib ki, Ermənistan müstəqil dövlət olmaq və uğur qazanmaq istəyirsə, dalana dirənmiş Dağlıq Qarabağ münaqişəsinin həllində diplomatik təşəbbüs göstərməli, işğal altındakı ərazilər Bakıya qaytarılmalıdır. Bu, Moskvanın regiondakı nüfuzunu əhəmiyyətli dərəcədə azaldacaq.

Dağlıq Qarabağ münaqişəsinin həlli Ermənistandakı demokratik prosesinin inkişafına da töhfə verəcək. Əks təqdirdə, regionda ətalət və populizm artacaq. Bu halda Moskvanın bu ölkələrə müdaxilə imkanı da artacaq. Bununla da Rusiya bu ölkələrin bir-birilə əməkdaşlığına, lazımi daxili və xarici siyasət yürütməsinə mane olmaq imkanlarını artıracaq. Lakin görünən odur ki, indi, ABŞ sülhün bərqərar olması üçün lazımi, real kapital ayırmağa, bu istiqamətdə lazımi siyasət yürütməyə hazırdır.

Bu ilin avqustunda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Bu, "Cənub Qaz Dəhlizi" layihəsinin tezliklə tamamlanmasına imkan verəcək. Konvensiya Mərkəzi Asiyanın enerji tədarükçülərini Azərbaycanla birləşdirəcək Transxəzər qaz kəmərinin tikintisinə də yol açır. Bütün bunlar ABŞ-ın bu regiondakı siyasətinin əsas hədəfləridir. Çünki Ermənistanın fərqli ölkələrdən enerji resusrları idxal etməsi, onun həm Moskvadan, həm də Tehrandan asılılığını azaldacaq, onu Qərbə yaxınlaşdıracaq. Eyni zamanda, enerji sahəsi ilə bağlı ümumi maraqlar sülh razılaşmasının imzalanmasına da yardım göstərir (İsraillə Misir arasında imzalanmış Kemp-Devid müqaviləsi kimi).

Bütün bunlarla yanaşı, Cənab Bolton ABŞ-ın Qafqaza qayıtdığını daha qətiyyətlə nümayiş etdirə bilər. İstər ABŞ, istərsə də Avropanın belə mövqe ortaya qoyması Cənubi Qafqaz ölkələrinin daxili idarəçiliyinə və sülhə ciddi töhfə verə bilər. Vaşinqtonun belə mövqeyi onun təkcə Qafqazda deyil, həm də Avropadakı həyati əhəmiyyətə malik maraqlarının təmin olunmasına yardım göstərərdi. Hər halda, Qafqazın və Avropanın təhlükəsizliyi Vaşinqtonun maraqları üçün vacib əhəmiyyət kəsb edir və bir-birindən ayrı deyil.

ABŞ-ın dəstəyi və yardımı sayəsində Cənubi Qafqaz ölkələrinin bir-birinə yaxınlaşması onların vətəndaşlarının müdafiəsi, infrastruktur layihələrinin və hökumət institutlarının Moskva ilə Tehranın təsirindən qorunması baxımından mühüm əhəmiyyət kəsb edəcək. Bu məqamda Ermənistan son 25 ildə ağlınnan belə, keçirmədiyini etməli, yəni ona məxsus olmayan torpaqları geri qaytarmalıdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Milli.Az