İlqar Məmmədov və Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə başlayıb

16:27 13 Yanvar 2015
243 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 16:21 ]


Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Ali Məhkəmədə “REAL” Hərəkatının həbsdə olan həmsədri İlqar Məmmədov və Müsavat Partiyası başqanın həbsdə olan müavini Tofiq Yaqublunun kassasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

 

APA-nın məlumatına görə, hakim İmran Hacıqayıbovun sədrlik etdiyi prosesdə İlqar Məmmədov və Tofiq Yaqublu iştirak etməyiblər. Hakim deyib ki, onların prosesdə  iştirakı barədə məhkəməyə hər hansı vəsatət təqdim olunmayıb.

 

Daha sonra iclasda prosesin onların iştirakı olmadan keçirilməsi müzakirə olunub, proses iştirakçıları məhkəmənin Tofiq Yaqublu və İlqar Məmmədovun iştirakı olmadan keçirilməsinə etiraz etməyiblər.

 

Vəkillər Nemət Kərimli və Fuad Ağayev çıxış edərək müdafiə etdikləri şəxslər barəsində cinayət işinə xitam verilməsini, hökm və qərarların ləğv olunmasını məhkəmədən xahiş ediblər.

 

Hakim isə deyib ki, cinayət işi ilə bağlı əlavə faktları öyrənmək və işlə ətrafı tanış olmaq üçün vaxt lazımdır.

 

Ona görə də proses təxirə salınıb. Qeyd olunub ki, prosesin vaxtı barədə tərəflərə məlumat veriləcək.

 

Xatırladaq ki, Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İsmayıllı hadisələri ilə bağlı yaydığı birgə məlumatda bildirilib ki, 2013-cü  il yanvarın 23-də İsmayıllı şəhərində “Çıraq” otelinin inzibatçısı Emil Şəmdinovun və tanışı Elməddin Məmmədovun sərxoş vəziyyətdə özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmələri və bununla əlaqədar hadisə yerinə toplaşmış bir qrup şəxs tərəfindən “Çıraq” hotelinin və müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi münaqişə baş verib. Törətdikləri hüquqazidd əməllərə görə Emil Şəmdinov və Elməddin Məmmədov cinayət məsuliyyətinə cəlb ediliblər.

 

Aparılmış araşdırmalarla o da müəyyən edilib ki, Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu və “REAL” Hərəkatının həmsədri İlqar Məmmədov ötən il yanvarın 24-də İsmayıllıya gedərək, rayon sakinləri arasında polisə müqavimət göstərmək, heç kimə tabe olmamaq, nəqliyyat vasitələrinin yolunu bağlamaq kimi ictimai-siyasi sabitliyin pozulmasına yönələn çağırışlar ediblər.

 

Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səftər Ağamalıyev, Anar Həsənov və Asif İbrahimovun hər biri 8 il, İlqar Məmmədov 7 il, Elşən Qurbanov 5 il 6 ay, Tofiq Yaqublu 5 il, Elşən İsmayıllı 5 il, Cəfər Cəfərov 4 il 6 ay, Qəmbər Ağamalıyev 4 il 6 ay Şükran Mehbalıyev 2 il 6 ay  müddətinə azadlıqdan məhrum ediliblər. 

 

Məhkəmənin hökmü ilə digər təqsirləndirilən şəxslər isə şərti olaraq azadlıqdan məhrum olunublar. Həmin hökmdən narazı qalan təqsirləndirilən şəxslər isə apellyasiya şikayəti veriblər.

 

Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə isə təqsirləndirilən şəxslərdən Anar Həsənov və Qəmbər Ağamalıyevin cəzası şərti hesab olunub və məhkəmə zalından azadlığa buraxılıblar. Elşən İsmayıllının cəzası isə 5 ildən 3 ilə endirilib. Digər şəxslərin apellyasiya şikayətləri isə təmin edilməyib. Bundan sonra Tofiq Yaqublu və İlqar Məmmədov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Digər təqsirləndirilən şəxslər kassasiya şikayəti verməyiblər.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR