Dəlilərin və təlxəklərin dünyası... - ARAŞDIRMA

İnsan irqlərinin təkamülü qədim dövrlərdən günümüzə qədər həmişə ikili prosesin mübarizəsi ilə təşəkkül tapmışdır. Antik yunan filosofu Aristotel insanı “siyasi heyvan” adlandıranda da, məhz insan şəxsiyyətinin qəm və sevinc meyillərindən təsirlənmişdir. Arsitotel yunan fəlsəfəsində insana sabit baxmamağın başlanğıcını qoyan filosof idi, desək, yanılmarıq.

Yunan əsatirlərində və fəlsəfəyə qədərki dövrdə olan bütün irrasional dünyagörüş formalarında qələbə qazanan və gülən insan obrazı əks olunurdu. Yunan əsatirlərində insan həmişə qələbə qazanırdı. Qələbə qazanan insan isə xoşbəxt personanın simvolu hesab olunurdu. Yunan “Tanrı obrazları” isə zəfərin yardımçısı rolunda çıxış edirdi. Sanki Zevs bütün dünyanın xeyir qarantı idi və pisliklər üzərində Heraklların qələbəsində Tanrılar vasitəçi idi. Qədim insan varlıqlarının dünyagörüşün ilkin formalarına qədər təbiətdən qorxusu fonunda ortaya çıxan ilkin fetişist və totemist aktlarından uzaqlaşmağa çalışan antik yunan insanı, dünyagörüşün tarixi təkamülü ilə qorxan insan sindromunu qırmağa çalışırdı. Yunanların mifik təsəvvürləri şərqə yayılır, nəticədə Şərqdə Dummuzinin qələbəsinə inanan şumerli təfəkkürü və misir Allah obrazları formalaşırdı. Fetişist dünyanın bəsitliyindən qurtulan qədim insanlar bununla paralel olaraq özünə əminlik məsələsində ciddi problemlər yaşayırdı. Güclü insan “Tanrıların yardımıyla” qələbə qazanırdı. Qələbə həm də gülüş idi. Məğlubiyyət isə insanın sadəcə öz uğursuzluğu və Tanrılar tərəfindən lənətlənmə bəlasından başqa bir şey deyildi. Şərqdə Babillilər Gilqamış obrazını ortaya ataraq bir növ insan gücünə ilkin heyranlıq əlamətlərini büruzə verirdi. Və bütün antik dünya kültüründəki gülən insan modellərinə qarşı çıxaraq, qəm-kədər və əzab içərisində qıvrılan insanların da obrazını yaradır.

Qədim dünya insanının qaçmaq istədiyi reallıqları çinlilər müdafiə edirdi. Hind mifologiyası insanın bədbəxtliyini onun qaçılmaz tale yolunda əsas mərhələlərdən biri hesab edir. Hind mifik-fəlsəfi məktəbi hesab edilən Mimansa məktəbinin tələbələri hind vedalarına istinad edərək, insanları əzabdan qorxmamağa çağırırdı. Satirik tənqidin ilkin örnəklərini yaradan materialist Çarvak-Lokayata təlimində isə tamamilə tənqidçilik meyarları var idi. Bu dövrdə yunan erkən fəlsəfəsi və mifologiyası insanı zəif görən və sonsuz güc nümayişləri qarşısında onu bəsitləşdirən bir obraza bürünsə də, Roma kültüründə tamamilə bütün ruhlardan və uydurma mifik personajlardan “təmizlənmiş” insan obrazı təqdim olunuru. Roma atomisti Tit Lukretsi Kar saraydakı eybəcərlikləri öz kiçik qrafik təsvirləri ilə məsxərəyə qoyur və tələbələri arasında fəlsəfi söhbətlərin yekununda məzəli əhvalatlar danışaraq, onların da nələrsə çəkməyinə nail olurdu. Fəlsəfədən sonrakı dünyagörüşdə isə insan obrazı dəyişərək, yeni bir “qiyafəyə büründü”. İnsan eybəcərliklər qarşısında ağlamaqla içini rahatlatmalı və sonrasında acı hadisələrə gülməyi və güldürməyi bacararaq, yeni bir missiyanı daşımalıydı. Epikür insanı həmişə zəif görən, özündən öncəki bütün baxış formalarına ironiya edirdi. O göstərirdiki, həyat yalnız xoşbəxtlikdən yox, həm də bədbəxtlikdən ibarətdir və insan öz ağrısıyla barışmamalıdır. Menna mağarasında 3400 il öncəyə uzanan divar rəsmləri karikaturanın ilkin elementləri hesab edilə bilərdi.

Amerikan piramida mədəniyyətində rast gəlinən təsvirlər dövrün eybəcərliklərinə işarə edirdi. Mayya kahinləri hekayələri rəsmlərlə anladırdı və buna dair arxeoloqlar əsalı faktlar tapmışdı. Normandların 1066-cı ildə İngiltərəni istilasından sonra toxucu qadınlar xalçalar toxuyaraq, istilaçıların vəhşiliklərini xalıya həkk edirdilər. Maraqlı nüans o idiki, rahiblər də o dönəmdə kağızların üzərinə insanları güldürən təsvirlər çəkirdi. Kilsənin yenicə hegemoniya qazandığı, orta çağın erkən dövrlərində, rahiblər maraqlı bir üsula əl atır. Həmin dövrdə oxuma və yazmaq bacarığı olmayan insanları daha tez aldada bildiyini düşünən kilsə rəhbərləri müxtəlif hekayələri hamı üçün anlaşıqlı olsun deyə, təsviri şəkilə salır və rəsmlərdəki fraqmentləri moizələrdə ayrıca izah edirdi. Lakin Makkloud sayəsində karikatura fəlsəfi tənqid və ironiyadan ayrılmış və ilk dəfə Makkloudun ardıcılı, isveçli Rodolfi Topferi modern karikaturanı yaratmışdı. Artıq rəsmlər mətnlərlə birlikdə çəkilməyə başlanır. İlkin mətbu məcmuların buraxıldığı ərəfədə Amerikada komikslər meydana çıxmağa başlayır. Qərbin təsviri gülüş tərəqqisi ilə eyni çağlarda Yaponiyada samuraylar üçün əyləncə vasitəsi olaraq kiçik şəkillər çəkilir və qrupda fərqlənməyi bacarmayan samurayların tənqidi şəkillərdə verilirdi. Proses İkinci Dünya Müharibəsinə qədər davam etmiş və 1945-50-ci illərdən etibarən artıq karikatura tam müstəqil və güclü bir sahəyə çevrilirdi Yaponların məşhur “Manga” təsviri də həmin dönəmlərdə təşəkkül edərək, 1990-ci illlərdən sonra dünyada populyarlıq qazanmışdı. S

Soyuq müharibə illərində karikatura ideoloji qata bürünməyə başlayır. Karikaturistlər sifarişlə rəsmlər çəkir, onların bəzi həmkarları isə buna qarşı çıxaraq, azadlığı əsas meyar sayırdı. Karikaturanın sifarişlə çəkilməsini bu işə təhqir sayanlar da var idi. Amerika ilə SSRİ arasındakı yumşalmadan sonra, Amerikada Stalinin adını qısaldaraq, “Uncle Joe” (Co Əmi) tipajını yaradırlar. Daha sonra, avropada məşhur olan bu tipaj, İngiltərəyə də sıçrayaraq, karikatura dərgilərinin əsas obrazı olmağı bacarır. İdeoloji karikaturanın ən yaxşı örnəyi hesab olunan “The plumb pudding in danger” karikaturası isə buna qədər İngiltərədə şöhrət qazanmışdı. Ceyms Gillarinin məşhur karikaturasında, Napolyonla, Uilyam Pitt dünyanı süfrədə çəngəl-bıçaqla bölməyə çalışır. Bu karikaturadakı öldürücü tənqid həmin illərdə bütün dünyada məşhur olmağa başlayır. Napolyonla bağlı ən dəhşətli karikatura isə, Londonda gənc karikaturist Filips tərəfindən çəkilən “Müasir qəhrəmanın səyahəti” əsəri hesab oluna bilər. Napolyonun Elba adasına sürgün olunuşunu göstərən karikaturada eşşəyə tərs oturmuş və qılıncı qırılan bir məğlub görünür. Nasist Almaniyasında isə insan belində və çiynində Hitler obrazları çəkən karikaturistlər peyda olur. Onların kimliyi bilinməz olaraq qalir və uzun axtarışlar bir nəticə vermir. Amerikanın Vietnamda törətdiyi qətliamlara dair həm yerli asiya xalqları, həm də Amerikanın özündə ciddi etirazlar səslənən vaxtlar, Amerika əsgərinə və müharibə əmri verən hökümətə qarşı çağırışları özündə ehtiva edən əsərlər çəkilməyə başlanır.

Osmanlının güclü vaxtlarında Bolqarıstan və Yunanıstanda türklər əleyhinə karikaturalar çəkilir. İlk dövrlərdə çəkilənlər elə də səs-küyə səbəb olmasa da, sonralar karikaturistlərin tənqidi ifrat formaya çatdırması, Osmanlı saray əyanlarını narahat etməyə başlayır. Türkiyənin hətta indi də məşhur olan Qaragöz və Hacıvat obrazları da “ilk rüşeymlərini” Osmanlıya qarşı tənqid yer alan karikaturalardan götürərək, sonralar formasiyaya məruz qalmışdı. Türklərin “mizahsen” anlayışı buradan formalaşmış və günümüzə qədər davam edən satirik məzmunlu mətnlərə, karikaturalara sıçramışdı. Karikaturalar yumşaq olmağa cəhd etmir və qərb dilində “humour”- yumor bütün eybəcərliklərə gülüşü özündə ehtiva edirdi. Hazırda bizdə yumor və satira anlayışları bir-birindən fərqlənsə də, qərb yumorunu satiradan ayıran tənqidin dozu yox, toplumsallığıdır. Satirik mətnlər və təsvirlər toplumun bütövlükdə kinayə etdiyi nüansların “öldürücü ifadəsi” idi. Esxil və Aristofanın komediyalarından başlayan gülüş tənqidi, sonralar Şekspir və Servanteslə, 17-ci əsrdə Molyerlə, 19-cu əsrdə Çarlz Dikkens və Çexovla güclənmişdi. Karikturaların məqsədi sadəcə gülüş deyildir.

Əsərlərdən təsirlənən karikaturistlər sonralar Con Monreala istinad edərək gülüşü iki qisimə bölürdü: anlamlı və anlamsız gülüş. Anlamsız gülüş təbii-psixoloji bir reaksiya sayılrdı. Bu insanın içindən gələn gülüş idi. Anlamlı gülüş isə insanın dərk edərək, gülmə prosesi idi. İnsan görərək və qavrayaraq güləndə, daha rahat hiss edir özünü. Neofreydist psixoloqların da əsərlərində insanın boşuna gülüşü qeyri-şüuri fəaliyyətin ən nəticəsiz halı sayılırdı. Ciovanni Bokaccionun “Dekameron” əsərini oxuyanlar bu fikirimə qatılarki, orada “usta gülüşü” deyə adlandırılan hissələr mövcuddur. Rus filosof və karikatüristi Herzenin “Gülmənin tarixini yazmaq özü çox gülməlidir” sitatı Herzenin çəkdiyi karikaturalarda müxtəlif formalarda əks olunurdu. Gülmək həm də qəzəbin bir refleksiyası hesab olunurdu. Eynilə, Ziqmund Freydin insanın ən əzabverici şəhvani hisslərində də məmnunluqdan yaranan bir təbəssümün mütləq olduğunu söyləməsi kimi. Postmodern filosof Bodriyar gülüşün xoşbəxtliyi təmsil edən bir akt olmadığını hesab edirdi.

Ona görə təbəssümün qəhqəhəsi ilə, “cəhənnəmin gülüşü” arasında kəskin fərqlər var idi. Bodriyarı gülüşü şeytan ənənəsindən gələn və insan acılarına verilən lənətli bir reaksiya olduğunu söyləyirdi. Maraqlıdırki, sxolastik fəlsəfənin hökmran olduğu illərdə, kilsələr də aşırı gülüşü şeytan əməli hesab edirdi. Eyni mövqe ilə asketik sufilərin dərviş ordenlərində də rastlaşmaq mümkün idi. Şekspir özünün “Kral Learr”tamaşasında, öz təlxəyini krala qarşı dilləndirir. Tarixin bütün dövrlərində dəlilər və təlxəklər gülüş hədəfi oldu. Dəlilərin və təlxəklərin dünyası həmişə insan istismarı ilə bitrdi. Şekspirə görə, həm də gülməli olan bir çox məntiqi məsələlər insanı düşündürməyə başladı. Sakit düşünən insanla, gülərək düşünən insan fərqi ortaya çıxmağa başladı.

İtaliyada “Commedia Dell arte” adı verilən xalq teatrlarında klounlardan və təlxəklərdən savayı, həmçinin gənc yazarlarla əməkdaşlıqdan imtina edilərək, karikaturistlərdən ssenarist kimi istifadə olunmağa başlandı. Karikaturistlər yalnız çəkmir, həm də yazırdı. Sanders gülüşü çox maraqlı izah edirdi. O, Misir əfasənələrinə istinad edərək, yazırdı: “Tanrı güldü və dünya yarandı. Daha sonra qəhqəhə çəkdi və dünya işığa qərq oldu. İkinci gülüşündə sular və okeanlar, yeddinci qəhqəhəsində isə ruh yarandı”. Ekzüperiyə görə də real dünya yalnız sıxıcı sayılrdı və bozluqdan ibarət idi. Gülən insanlar isə daha əyləncəli idi və dünyanı rəngli görməyə bir səbəb sayılırdı. Qəmi və kədəri gülərək bildirmək lazımdır. Ağlamaq lazımdır, amma sonrasında bir dəli gülüş olmazsa, insanın yaradılışına tərs gələr.

Gülmək primitiv olmamalıdır. Gülərkən də anlatmaq lazımdır. Güldürmək sadəcə şitlik və bayağı lətifələrlə olanda topluma heç bir yararı toxunmaz. İnsan güləndə, daha mübariz olur və həyat ona görə dəyərlidirki, gülən insanlar mövcuddur.

Tural İsmayılov/Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı