Tramp Parisi "partladır": Fransanı "sarılıq" bürüyüb - VİDEO - FOTO

Tramp Parisi "partladır": Fransanı "sarılıq" bürüyüb - VİDEO - FOTO
12:37 10 Dekabr 2018
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Fransa prezidenti Emmanuel Makron vergilərin azaldılacağını bəyan edəcək. Onun ilkin planlarından geri çəkilməsinin səbəbini ölkəni silkələyən çox güclü etiraz aksiyalarıdır.

Emmanuel Makronun bu axşam xalqa müraciət edəcəyi gözlənilir.

Ölkədəki etiraz aksiyaları isə səngimək bilmir. Emmanuel Makron artıq anlayır ki, kütlə onun istefasını istəyir. Makrona olan nifrət sabiq prezidentlər Nikolya Sarkozi və ya Fransua Ollanda olmuş antipatiyadan dəfələrlə güclüdür.

Makron bunu dərk edir. O, nazirlərdən birinə deyib: "Bu adamların hədəfi mənəm".

Gilyotin və kəsik kəllə

Fransada ötən həftəsolnu "sarı jiletlilər"in etiraz aksiyasında tutulanların sayı 1726 nəfərə çatıb.

Milli.Az European-a istinadən bildirir ki, bunu Fransa DİN-nin rəhbəri Kristof Kastaner deyib.

Ən azı 1220 nəfər həbs olunub.

"Sarı jiletlilər"in ən böyük aksiyası Parisdə keçirilib. Şəhərin mərkəzi küçələrinə zirehli teznika çıxarılıb. Aksiya iştirakçılarına qarşı polis gözyaşardıcı qaz tətbiq edib.

Parisdə 1150 nəfər tutulub, onların 619 nəfəri həbs olunub.

Axtarış zamanı bu şəxslərin bir neçəsində silah tapılıb. Həmin şəxslərin vəkilləri deyiblər: "Müvəkkillərimiz qətiyyətli etirazlarını bildiriblər, amma zorakılığa əl atmayıblar".

Tutulanların tam əksəriyyəti "zorakılıq tətbiq etmək istəyi" və "cinayətə sövq etmək"də suçlanırlar.

Həftəsonu Paris, Lill, Lion, Marsel, Nant, Tuluza və s. şəhərlərində "sarı jiletlilər"in 4-cü genişmiqyaslı aksiyası keçirilib. Aksiyalara 136 min nəfər qatılıb. Polislə toqquşmalarda ən azı 135 nəfər yaralanıb.

Küçələrə təxminən 90 min nəfər polis və hərbçilər çıxarılıb.

Aksiya iştirakçıları yanacaq qiymətlərinin artırılmasına etiraz edirlər.

Davam edən aksiyalar Fransanın hakimiyyətini təşvişə salıb. Yelisey Sarayında sürəkli müzakirələr aparılır. Fransa prezidenti Emmanuel Makron isə çox narahatdır.

Parisin meri Ann İdalqonun dediyinə görə, şəhərdə vandalizm olayları artıb: "İnfrastruktura ciddi ziyan dəyib. Bütün bunlar iqtisadiyyatla yanaşı, ölkənin imicinə ciddi zərbədir".

... Fransanın Overn Rona Alp regionundakı Le Puzen şəhərindəki yol ayrıclarından birində isə Yeni İl yolkası və soba ilə yanaşı, ağacla kartondan hazırlanmış gilyotin quraşdırılıb.

Üzərinə "Ad günün mübarək, Manyu!" yazılmış gilyotinin qarşısında "kəsilmiş" rezin kəllə var.

"Manyu" Fransa prezidenti Emmanuel Makronun adının qısaldılmış formasıdır. Onun ad günü dekabrın sonundadır.

Makron kütlənin qarşısına çıxıb danışmaqdan, etiraz aksiyalarının iştirakçılarını sakitləşdirməkdən qorxur. Səbəb kütlənin ona nifrət etməsidir.

Və bu nifrətin kökləri var.

Əvvəla, E.Makron indiyədək çıxışlarında "sarı jiletlilər"i dəfələrlə aşağılayıb.

Hakimiyyətinin ilkin dövründə isə o, çox ciddi səhv edərək ilk əvvəl varlı vətəndaşların problemlərinin həllinə başlayıb, kasıbları isə sonraya saxlayıb.

Fəqət milyonçuların gəlir vergiləri aşağı salınan zamanda yoxsullara verilən işsizlik müavinətinin məbləği 5 avro azaldılanda bu, "varlıların prezidenti"nə nifrət yaradır.

Fransızlar hesab edirlər ki, Emmanuel Makron indi "respublikaçı kral" kimi davranır.

Buna görə də kütlə Makronu tələb edir. Baş nazir ekranlara çıxıb hökumətin geri çəkildiyini bəyan edəndə küçələrdəki insanlar "Bizə Makron, o gizlənən adam gərəkdir!" qışqırırdılar.

"Səhər erkəndən qalxıb gecədən xeyli keçənədək işləyirik. Yaşamaq üçün yox, ölməmək üçün çalışqırıq", - ayda 1200 avro maaş alan və tekstil sexində çalışan Bricit söyləyir.

"Makron əsla anlamır ki, insanlar necə yaşayırlar", - anbarda gecə növbəsində işləyən 40 yaşlı Olivye deyir.

Emmanuel Makronun komandası da çox narahatdır. Nazirlərdən biri deyib: "Prezident baş verənlərin ciddiliyini anlayır. Lakin o, oda benzin tökməmək üçün indiyədək susub".

Bu gün E.Makron Yelisey Sarayında ölkənin 5 ən böyük həmkarlar təşkilatı olan CGT, CFDT, FO, CFE-CGE və CFTC-in rəhbərlərini, habelə dövlət qurumlarının nümayəndələrini qəbul edəcək.

"Tramp, işlərimizə qarışma!"

ABŞ prezidenti Donald Tramp da Fransadakı vəziyyətdən faydalanmağa çalışır.

Trampla Makron arasındakı münasibətlər çox gərgindir və belə vəziyyətdə ABŞ prezidentinin "fransızlara məsləhətləri" absurd, eyni zamanda, Fransanın daxili işlərinə aşkar, kobud müdaxilə təsiri bağışlayır.

Emmanuel Makronun ümumAvropa ordusunu yaratmaq, eyni zamanda ABŞ-ın Avropadakı təsir imkanlarını zəiflətmək niyyətləri Vaşinqtonu qıcıqlandırır.

Ağ Ev bilir ki, Fransa onun məsləhətlərindən yararlanmayacaq, çünki Trampın "öyüd"ləri Fransanın siyasətinin əsas kursuna tam ziddir. Sadəcə, Tramp seçicilərinə, Amerikanın elitalarına mesaj verir ki, mövqelərində dəyişiklik yoxdur.

Donald Tramp Twitter-dəki akkauntunda yazıb: "Qlobal iqlim dəyişiklikləri ilə bağlı Paris anlaşması Paris üçün yaxşı olmadı. İnsanlar, əsasən də üçüncü dünya ölkələrinə ətraf mühiti qorumaq adı ilə çox pul vermək istəmirlər. Fransızlar "Biz Trampı istəyirik!" qışqırırlar. Fransanı sevirəm".

Daha sonra o, digər tvitində Fransa rəhbərliyinə məsləhət verib: "Parisdə çox kədərli gecə və gündüzdür. Bəlkə sarsaq və həddən artıq bahalı Paris anlaşmasına son qoymaq, daha aşağı vergilər qismində insanlara pullarını qaytarmaq zamanıdır?"

Fransanın XİN başçısı Jan-İv Le Drianın reaksiyası çox sərt olub. RTL radiostansiyasının studiyasında olarkən o deyib: "Mən də, prezident Makron da Trapa dedik: Amerikadakı debatlara qarışmırıq, siz də ölkədəki işlərlə məşğul olmağımıza imkan verin.  Məncə, "sarı jiletlilər" ingilis dilində aksiya keçirməyiblər. ABŞ telekanallarında göstərilən, insanların "We want Trump!" qışqırdıqları video da aylar öncə, Donald Tramp Londonda səfərdə olarkən çəkilib".

Fransadakı olayların pərdəarxası "rejissor"unun kim olduğunu bilmək istəyirsiniz?

Heç bir şərh olmadan Donald Trampın daha bir tvitini təqdim edirəm.

"Avropa, sizin üçün ABŞ həmişə olub və var. Sizdən istədiyimiz tək şey NATO-dakı payınızı ödəməkdir. Almaniya ÜDM-nin cəmi 1 faizini müdafiə xərclərinə yönəldir. ABŞ isə Avropanı qorumaq üçün ÜDM-nin 4,3 faizini xərcləyir. Almaniya kimi, Fransa da çox yanlış mövqe tutub",  -Tramp yazmışdı.

Elçin Alıoğlu
Milli.Az

Videoları izləmək üçün şəkillərə klikləyin:

Fransanı

Fransanı


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/711166.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR