Bakı, 1 may, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Polis Akademiyasında 1941-1945-ci illər müharibəsində Qələbənin 70 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.
Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Polis Akademiyasının həyətində ucaldılan abidəsini ziyarət edərək önünə əklil qoyublar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Böyük Vətən müharibəsindən bəhs edən sənədli filmin nümayişindən sonra konfransda çıxış edən Akademiyanın rəisi, polis general-mayoru Nazim Əliyev faşizm üzərində tarixi Qələbənin əldə olunmasında Azərbaycan xalqının da böyük töhfəsi və rolu olduğunu, 600 min həmvətənimizin ön cəbhəyə yollandığını deyib. Vurğulanıb ki, azərbaycanlılardan ibarət diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, bir çox həmyerlilərimiz partizan dəstələrinin tərkibində vuruşub, cəbhəyə getmiş soydaşlarımızın təxminən yarısı döyüşlərdə qəhrəmanlıqla həlak olub. 170 mindən çox azərbaycanlı döyüşçü orden və medallarla təltif edilib, onların 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı kimi yüksək ada layiq görülüb.
Xüsusilə qeyd olunub ki, Qələbənin qazanılmasında Bakı neftinin əvəzsiz rolu olub. Müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzininin və yüksək keyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü.
Ümummilli lider Heydər Əliyev 1941-1945-ci illər müharibəsində qazanılan qələbədə xalqımızın fədakarlığından, soydaşlarımızın həm ön, həm də arxa cəbhədəki qəhrəmanlığından, şücaətindən bəhs edərkən deyirdi: “Bu Qələbənin çalınmasında Azərbaycanın xüsusi rolu bir də ondan ibarətdir ki, Azərbaycan Respublikasının nefti o vaxtlar həmin müharibənin uğurla aparılması üçün ən mühüm amillərdən biri olmuşdur. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 70 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Şübhəsiz, nəticə çıxarmaq çətin deyil ki, əgər Azərbaycan nefti olmasaydı, motorlar müharibəsi, texnika müharibəsi o qədər uğurlu və müvəffəqiyyətli ola bilməzdi... O vaxtlar Azərbaycan alimləri tərəfindən yüksək keyfiyyətli benzin, kerosin və başqa neft məhsulları ixtira olunaraq, respublikamızda istehsal edilirdi...”
Buna görə də İkinci Dünya müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətləri heç vaxt yaddaşlardan silinməyəcək, gənc nəslə vətənpərvərlik nümunəsi olacaq.
Daha sonra İkinci Dünya müharibəsi iştirakçısı, daxili işlər orqanlarının veteranı Mehdi Mehdiyev döyüş və həyat yolu barədə xatirələrini iştirakçılarla bölüşüb.
Polis Akademiyasının ictimai elmlər kafedrasının müəllimləri Rəşad Qasımov və Rəhim Məcnunov “Azərbaycan daxili işlər orqanları İkinci Dünya və 1941-1945-ci illər müharibəsində”, DİN-in Şəxsi Heyətlə İş İdarəsinin baş inspektoru Yalçın Qarayev isə “Xalqın şərəf tarixi” mövzularında çıxışlar ediblər.
Bir daha vurğulanıb ki, faşizm üzərində qələbə Azərbaycan xalqının da fəxr etdiyi, qürurlandığı unudulmaz tarixdir və biz bu Qələbədən çox şey əxz edə bilərik. Xüsusən, torpaqlarımızın işğal altında olduğu bir zamanda xalqımızın İkinci Dünya müharibəsindəki qəhrəmanlığı, oğul və qızlarımızın rəşadəti, bizi ölkəmiz üçün daha Böyük bir Qələbəyə - torpaqlarımızı işğaldan azad etməyə, respublikamızın suverenliyini, ərazi bütövlüyünü bərpa etməyə səsləyir. Bu kontekstdə xalqımızın 1941-1945-ci illər müharibəsində tarixi Qələbənin qazanılmasında yazdığı qəhrəmanlıq salnaməsi gənc nəsil üçün əsl örnəkdir.