[ 01 May 2015 14:35 ]
Bakı. Şəhriyar Əlizadə - APA. Qızının dünyasını dəyişməsi ilə bağlı yeddi gün müddətinə azadlığa buraxılan Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Bu barədə APA-ya Tofiq Yaqublunun vəkili Nemət Kərimli məlumat verib.
Qeyd edək ki, T. Yaqublunun qızı Nərgiz Yaqublu aprelin 23-də Rusiyanın Tomsk şəhərində dünyasını dəyişib. Bununla əlaqədar olaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmət tərəfindən həbsdə olan T. Yaqublu yas mərasimində iştirak etmək üçün aprelin 24-də 7 günlük müvəqqəti azadlığa buraxılıb.
Xatırladaq ki, T. Yaqublu 2013-cü il yanvarın 23-də İsmayıllı şəhərində baş vermiş hadisələrlə bağlı həbs edilib və Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətinə azadlıqdan məhrum edilib.
T. Yaqublu cəzasını Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 13 saylı Cəzaçəkmə Müəssisəsində çəkir.