Siyasətin notlardan qopardığı etirazçılar - Baş Redaktordan

1980-ci illərdən sonra Qərb dünyasında qəribə yeniliklər ortaya çıxırdı. Umberto Eko 1980 sonrasının dünyasını tam yenilik səhifəsi sayır. Əslində bu, hardasa bir qədər qəribə gələ bilər. Çünki Renessans çağı özlüyündə nəinki yeni, inqilabi bir dövr oldu və bütün dünya tarixini, elmini, kültürünü, yaşayış tərzini ciddi formada özündən əvvəlki dövrlərdən fərqləndirdi. Sadəcə “orta əsr zülmətindən qaçış” bir növ mahiyyəti dəyişdi. Formalar o qədər də fərqli deyildi. Həmin dövrün psixologiyası yeniliyi təkrarlamaq prosesinin aktiv rol aldığı zamanlar idi. Sorokin sonrakı dövrləri buna görə daha “məhsuldar” hesab edir. Qərbdə insani münasibətlərin laxlamağı, intibah dövründən sonra ortada olan siyasi və sosial qarmaqarışıqlar ortaya yeni ideyalar bəxş etməklə kifayətlənmir, bütünlükdə incəsənətdə, musiqidə fərqli janrlara və tiplərə yön verirdi.

Tərz olaraq rok musiqidən daha sakit görünən, amma birbaşa siyasi proseslərin təsiri ilə yaranan rep musiqisinin önəmini kiçiltmək olmaz. Ümumiyyətlə, siyasət birbaşa kültürlə bağlı olduğu üçün hər bir siyasi dəyişikliklər və ideoloji mübarizələr sonrasında fərqli və yeni bir şeylər yaradır. Özü də bu yeniliklər iyirminci əsrin sonlarında bütün mahiyyəti ilə tam fərqli olurdu.

Modernizmin ənənələrdən qopa bilməmə axsaqlılğından ortaya çıxan yeni cərəyanlar, janrlar, hərəki proseslər tamamilə yeni və orijinal olması ilə seçilirdi. Siyasətin təkan verdiyi dəyişikliklər Qərbdə “fanzine” anlayışının ortaya çıxmağı ilə nəticələndi. İngilis dilində “fanatic” və “magazine” sözlərinin birləşməsindən ortaya çıxdı, türk dilində və rus dilində də “fanzin” kimi səslənir. Anlayışın mahiyyətində hansısa qarşılıq gözləmədən nəsə yeni bir şey yaratmaq dayanırdı. Kapitala dayanmamağı, hansısa gəlir və mənfəət güdülməməsi fanzin üçün əsas idi. Daha çox siyasi dəyişikliklər və təlatümlər nəticəsində yaranan fanzin bütün sahələri əhatə etdi. Ona görə də fəlsəfi fikir daşıyıcıları və kulturoloqlar bütün sahələri özündə birləşdirməyi bacaran fanzin anlayışını ortaya atdı. Buradakı yeniliklərdə ən böyük fərq peşəkarlığın olmamağı idi. Tamamilə özfəaliyyətə və istedada dayanırdı. Ekzistensional fəlsəfənin azad fərdə və yaradıcılıq tandeminə çox bənzəyir. Ekzistensionalistlər də inanırdı ki, insanlara peşəkarlıq tələbini qoymaq ilk başlar üçün çox lazımsızdır və gələcəkdə böyük təkamül prosesi keçə biləcək fərdlərin bəri başdan əngəllənməsidir. Müasir biznes dünyası üçün bu yanaşmalar bir dərs olmalıdır. Şirkətlərin bir çoxu gözümüzün önündə işçi yetişdirmək, əziyyət çəkmək yerinə ilk başdan insanlardan o qədər bacarıqlar istəyir ki, bu haradasa işgüzar ədalətsizliyə söykənir. Bazar iqtisadiyyatına görə bu, çox praqmatik addım ola bilər, amma fəlsəfə və estetika açısından heç də uğurlu və cəmiyyətə töhfə verəcək strategiya sayılmır. Fanzinlər yığma halda da ola bilir. Məsələn, tamamilə yeni bir ideya səsləyən karikatura arxa fona qoyulur və tamam fərqli bir musiqi ifa edib, həmin karikatura ilə vəhdətdə insanlara təqdim edirsən. “Led Zeppelin” fanatları, “Rammstein” qrupunun dinləyiciləri təqdimatda çoxlu qarışıq, toplu fanzinlərdən istifadə edərək insanlarda maraq oyatdı. Örnəkləri çoxdur və sadaladıqda sayısız nümunə gətirmək olar. Ədəbiyyat fanzinləri arasında şeir, hekyə, bədii mətn timsalında siyasi problemləri dilə alan əsərləri və yaradıcılıq formalarını göstərə bilərik. Bunun dünyada bir çox nümayəndəsi var. Kimiləri Dostoyevskini də bu siyahıya sala bilər. Qərb Çak Palanik timsalında bunun ən yaxşı və bilinən təsəvvürünü yaradıb. Bəlli bir məğzi olmayan fanzinlər geniş yayılıb. Burada konkret bir hadisədən təsirlənməyən, hansısa bir qayda-qanun çizgisi müəyyənləşməmiş, konkret bir hadisədən yaranmayan örnəklər daxildir.

Hansısa bir rəssam da, karikaturist də bu fanzinlərdən yararlana bilir. Məğz yoxdur, fikir var. Səbəb yoxdur, nəticə var. Mütləq bir istinadı yoxdur, amma ağır sosial yükü və mesajı mövcuddur. Bu gün bizim köşə yazısı deyə adlandırdığımız yazı örnəkləri ilk başlarda tələbatdan doğan, amma hər hansı bir maraqdan yaranmamış yazı formasıdır. Latin dilində “exagium” terminindən yaranan, Azərbaycan dilində rahatca istifadə etdiyimiz esse, türkcə də “deneme” adlanan bu növdə insanlar tamamilə fərdi qənaətlərini müxtəlif vasitələrdən istifadə edərək qələmə alırlar. İndiki dövrdə fərdi köşə yazarlarının, esse müəlliflərinin şöhrətindən bəhs etməyə məncə gərək yoxdur. İlk başlarda heç bir peşəkarlıq tələb olunmayan bu formalar zamanın irəliləməsi ilə ortaya çıxdı və sonradan qlobal düşüncə sistemində özünə sağlam bir qaynaq yaratmağa nail oldular. Musiqi fanzinləri arasında rok, rokdan törəyən pank və şübhəsiz, rep əsas olanlardır. Hardasa caz və başqa növləri də ilk formalaşmağı anından etibarən analiz etsək, bu sıraya daxil edə bilərik.

Rep musiqi siyasi basqılardan doğdu. İrqi münasibətlərin dözümsüzləşməsi, insanların dəri rənginə görə istismara məruz qalmağı, avantürist əzmək psixologiyasının qlobal şüuru ələ keçirməsi məhəllələrdə qara dərili gənclərin sözlər üzərində oyunlar oynayaraq bu yeni qeyri-peşəkar, küçə musiqisini ortaya çıxardı. Çox insana sadə və rahat gələn rep musiqi beləcə kültürəl və siyasi proseslər nəticəsində “getto”lardan doğulmağa başladı. Rep musiqinin konret yaranması 1970-ci illərin əvvəllərinə aiddir. Amerikan qara dərili gənclərin Nyu Yorkda bir araya gələrək yaratdığı rep indi dünyada samballı bir tərəfdar kütləsinə malikdir. Daha çox Bronks, Harlem kimi qara dərililərin istismara və ayrı-seçkiliyə məruz qaldığı bölgələr repin xammalı oldu. Repə qədər mövcud olan blyuz, şeirin musiqi ilə ifadəsi sayılan fank və ritmik rəqs RNB-nin qarışdırılmağı ilə ilk rep örnəkləri yarandı. “Freestyle” dediyimiz indiki forma repin ilk adıdır. Tərz sərbəst və rahat idi, xüsusi bir bəstəkarlıq və not biliyi tələb etmədiyi üçün bu adı daha uyğun gördü zəncilər. Rap dilimizə tərcümədə vuruş kimi də səslənə bilir. İnsanların reklam və qaydalardan qaçmağı, oturuşmuş dəyərlərdən “nəfəs almaq ehtiyacı”ndan doğan “getto” qraffiti sənəti də repə təsir etdi. Nəsə çəkə bilirdilərsə, nəsə deyə də bilərdilər. “50 Cent” buna görə repi “demək və təsvirin nigahı” adlandırır. Nyu Yorkla eyni anlarda bu kültürü görən gənclər öncə Berlində, daha sonra isə Avropda bu yeni musiqini yaymağa başladılar. Reperlərin geyim tərzi olaraq tanınan geniş, bol, yığcam olmayan şalvarların seçilməyi də boşuna deyildi. İnsanların rahatlıq və sərbəstliyinə inanan ilkin repçilər bu cür bədəni sıxmayan geyim formasını da bir növ simvol kimi istifadə etməyə başlayır. Repin yayğınlaşmağı rəqsə təsir edir və “brekdans” mədəniyyəti də burdan yaranır. Hansısa klassik rəqs formasında və yaxud tanqoda olan nizam, qayda, intizam repdən törəyən rəqs örnəklərinə tamam zidd idi.

Rep musiqinin ilkin yaradıcısı bu gün Kool Herc qəbul olunur. 1970-də yaransa da, təxminən on il boyunca rep heç bir ilgi görmədi. 1980-ci illərdən sonra isə bu musiqinin populyarlaşmağa başladığı dövrdür. Repin iki əsas növü var, forması isə daha çoxdur. Birinci növ “qərb sahili” deyə biləcəyimiz “West Coast Rep”dir. Burada pul, seks, silah, illeqal şeylərin hedonizmi əsas ikən, “şərq sahili” adlandırdığımız “East Coast Rep” ədalətsizlik, bərabərsizlik, depressiya və aqressiya yüklü növdür. Siyasi etirazlar bu növün əsas avanqard təkanvericisi hesab olunur. Repdəki “diss” sözü əslində ədəbiyyatda və şifahi xalq ədəbiyyatında da mövcuddur. Sadəcə ədəbiyyatda buna qarşılıqlı deyişmələrdə rast gəlinsədə, reperin kiməsə “diss atmağı” üçün həmin adamın o anda orada olub-olmamağı əhəmiyyət kəsb etmir. Kool Hercin musiqilər arasındakı fasiləni artırmaq və insanların qulağını yormamaq üçün bir dicey kimi ortaya atdığı hip-hop başlanğıcı sonralar “Grandmaster Flash” və “Afrika Bambata” tərəfindən əlaəvələrlə rep musiqinin bazasını təşkil etdi. Tamamilə küçə mühitində formalaşan “Sugar Hill Gang” qrupunun “Rappers Delight” adlı işi 1979-cu ildə ortaya çıxdı. Dünyada rep adına ilk sinql hesab olunur. Repin dünyada səs salmağında rok musiqinin təsirini unutmamaq lazımdır. Kobeyn reperləri “qardaş” adlandırırdı. Vestern tərzi studiyaların ana konsepsiyasında da rep və rok “qardaş musiqi” kimi qiymətləndirilir, baxmayaraq ki, çox fərqli alt qata və məzmuna malikdirlər. Repi bütün hər yerdə məşhur edən də populyar rok qrupu “Aerosmith” olub. 1986-cı ildə “Aerosmith”in çıxardığı “Walk This Way”mahnısı repin şöhrətini bütün dünyaya yaydı. Repin tanınmağında, Amerikada zənci mühitindən çıxmağında Rassel Simonsun menecerlik fəaliyyətini bu gün reperlər sayğıyla qeyd edir. Böyük bir musiqi şirkəti quran Rassel Simons həmin vaxtlar qardaşının marağı və təhriki ilə repçi gəncləri tapdı, onlara dəstək oldu və bu qeyri-peşəkar yeni musiqi növünə illər boyunca kapital qoymağı davam etdirdi. Rassel Simons yalnız rep musiqinin sərmaya qaynağı olmaqla kifayətlənmir, altdan-altdan Amerika siyasi mühitinə olan tənqid yazıları və bu yazıları maliyyələşdirməyi ilə adından söz etdirir. Bu günün özündə belə Amerikada aşağı gəlirli ailələrin seçki prosesində aktiv olması üçün bir çox layihələrə sponsorluq etməyə davam edir.

Repin hazırkı halında bir çox forması mövcuddur. “Hardcore rep” bunların əvvəlində gəlir. Bu tərz rokda olduğu kimi qarşısına qoyduğu hədəfin insan, yaxud hadisə olmağından asılı olmayaraq təhqirini və alçaldılmasını ehtiva edir. “Pop Rep” forması estrada musiqisi ilə rep “bit”lərin qarışığından ortaya çıxan daha musiqi mərkəzli formadır. Mənim sevdiyim və Azərbaycanda da bu gün yaxşı inkişaf edən “andeqraund rep”in ayrı bir yeri var. Bu formada hansısa qazanc və populyarlıq heç vaxt məqsəd olmur, lirika və sürət əsas sayılmır, daha sərbəst və çərçivələnməmiş rep forması da hesab etmək olar. “Pançlayn rep” əsasən yeri gələndə kiməsə konkret söz ilə sataşmaq sayılır və dünyadakı bütün rep “batl”ların əsas ifadə vasitələri də “pançlar” hesab olunur. Repin ən kult isimi Tupak Şakur sayılır. Nyu Yorkda doğulan Tupak tamamilə Bruklinin rahat həyat tərzinin yetirməsi də sayıla bilər. 1971-ci ildə andan olan repçi gənclik illərində çoxlu siyasi hadisələrə qarışdı, buna görə dəfələrlə həbs olundu, 1994-cü ildə vuruldu. Replərinin çoxunda Amerika polis sitemini tənqid edir, bir çox gizli siyasi qətllərə mesajlar verirdi. Buna görə iki polis işçisi ilə qalmaqalları illər boyu medianın diqqətində oldu. Tupak 1996-cı ildə Mayk Taysonun boks döyüşündən çıxanda sonra maşınında güllələndi. İllər ərzində bu qətlin təfərrüatları qapalı qaldı. Tupakın sui-qəsdə məruz qalmağının və qətlin səbəbkarlarının tapılmamağı arxasında sual işarələri buraxdı. Hadisə günü Tupakın yanında olan dostları qətli gerçəkləşdirənlərin üzlərini gördüklərini söylədi, lakin istintaq ləng aparıldı və hadisənin siyasi mahiyyətini qabartdı. İndiki dövrün “rep kralı” Eminem sayılır. Əsl adı Marşal olan Eminem 1972-ci ildə ABŞ-ın Kanzas əyalətində doğulub. Uşaq yaşlarında tez-tez məktəb dəyişir, bir çox məktəbli davalarında və qalmaqallarında adı hallandığı üçün məktəblərdən qovulur və ailəsinə əməlli-başlı problem olur. İlk albomunu 1996-cı ildə solo formada çıxardı. Müstəqil musiqi şirkəti “İnfiniti” ilə çıxardığı ilk repləri uğursuz oldu. Bundan qətiyyən həvəssizliyə düçar olmayan Eminem ikinci albomu “Slim Shady EP” albomunu çıxardır və rep musiqinin sonrakı taleyinə adını yazıdrmağa başlayır.Los Ancelesdə bütün Amerika gənclərinin qatıldığı məşhur rep olimpiadalarında birinci yerə layiq görülür və öz gerçək adını verdiyi“The Marshall Mather LP” albomu dünyada ən tez satılan rep albomu adını almağı bacarır. 2000-ci ildə iki Grammy mükafatı və ən yaxşı reper nominasiyalarında mükafatlandırılır. Məşhur “8-ci mil” filminə görə yaratdığı “Lose Yourself” mahnısı ilə ən yaxşı musiqi nominasiyasında Oskar mükafatına layiq görüldü. Hazırda Eminem repləri Qərb, Şərq fərqi olmadan dünyanın hər yerində sevilir. Türkiyədə repin yaranmağı xaricdə yaşayan türklərin sayəsində mümkün olmuşdur. Almaniyada yaşayan qürbətçi türklər Türkiyədə repi yaratdılar və özlərinə xas tərz formalaşdırmağa nail oldular. Türkiyədə repin ilk nümayəmdələri “Cartel” qrupudur. Almaniyadan Türkiyəyə gələn gənclər tərəfindən formalaşdı. 1995-ci ildə Türkiyədə o vaxta qədər məlum olmayan bu yeni musiqi növü maraqla qarşılandı. İndi Türkiyədə Ceza, Sagopa Kajmer kimi reperlərin ünü Azərbaycan da daxil olmaqla, bir çox yerlərə yayılıb. Rusiyada özünə xas tərzi olan Timati də Türkiyədəki repçilər kimi yaxın və uzaq coğrafiyalarda geniş tanındı.

Azərbaycanda repi ilk oxuyan mərhum jurnalist Çingiz Mustafayev olur. Daha sonra Anar Nağılbaz bu musiqinin ilkin və yerli nümunələrini yaradır və repin yayılmasında ilk “qığılcım” rolunu oynayır. “GGG” ailəsi adıyla formalaşan “Dəyirman” qrupu dayanmadan müxtəlif mövzulu repləri ilə Azərbaycanda repin ən gözəl örnəklərini yaradır. Bu gün qrupun üzvləri solo ifaya üstünlük verir, amma Azərbaycan rep məktəbinin “Dəyirman” səhifəsi danılmazdır və bir gerçəkdir. Azərbaycanda radio aparıcılığı edən Elşad Əliyev “Xose” təxəllüsünü götürərək ilkin replərini çıxarmağa başladı və öz sərt ifa metoduyla rep musiqidə əvəz olunmaz bir yer qazandı. 2000-ci ildə Anar Nağılbaz “Azeri İmage Service” adlı yeni bir layihə ilə səs salır. O, repə maraq göstərən istedadlı gəncləri öz ətrafına toplayaraq repin ünavnını şaxələndirir. Bu layihədən çıxan və Azərbaycanda ilk reper qız kimi tanınan “MC Rain” repin sadəcə oğlanlar üçün olmadığını göstərir. 2005-2006-cı illərdə“Baku Clan” adlı rep qrupunun əsası qoyulur. “Baku Clan” qrupunda uşaqlıq dostları Qaraqan,Felon De Jure, Feck, ErranT bir araya gəlirlər. “Sənsiz” qrupun ilk işi olur. 2007-ci il fevralın 13-də “Baku Clan” üzvləriylə yaxın dostluq əlaqələrinə malik olan ProMetenin də iştirakı ilə “HOST Alliance” adlı rep qrupu yaradılır. Bu birliyə elə həmin dost əhatəsində olan Dərviş və AiD də qoşulur. Bu gün Aid kimi tanınan Orxan Zeynallı solo replər çıxardır, Qaraqan deyə tanıdığımız Elxan Zeynallı isə yalnız rep musiqi ilə kifayətlənməyərək bir neçə kitab çıxarır. HOST qrupu 2008-2010-cu illərdə gözlənilməz uğur qazanaraq sosial şəbəkələrdə və yükləmə platformalarında bir nömrəli yeri tutmağa nail olmağı bacarır.

Göründüyü kimi, rep musiqi mürəkkəb tarixi təkamül prosesinin nəticəsi olaraq yaranaraq, dünyanın populyar musiqi janrı oldu. Notlara və bəstələrə deyil, fikir və sözə yüklənən rep musiqisinin dəyişən dünyanın tələbləri ilə gələcəkdə yeni formalar ilə daha zənginləşəcəyi və digər musiqi növləri ilə birləşib daha da seviləcəyinə şübhə yoxdur.

Tural İsmayılov/ Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı