Silahlı münaqişələr MDB dövlətləri arasında daha sıx əlaqələrin yaradılması

Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov MDB Xarici İşlər Nazirləri Şurasının iclasındakı çıxışında deyib.

Nazir qeyd edib ki, MDB üzv dövlətlərin həm regional, həm də beynəlxalq gündəmdə duran aktual məsələləri müzakirə etmək və qarşılıqlı əlaqələndirmək məqsədilə hərtərəfli əməkdaşlıq üçün mühüm bir platformadır. Bu baxımdan, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyi formatında əməkdaşlıq və dialoqa xüsusi əhəmiyyət verir:

"Hazırkı gündəmdə əsasən humanitar sahəyə aid geniş spektr üzrə məsələlərin müzakirəsi nəzərdə tutulur.

Hesab edirəm ki, humanitar sahədə əməkdaşlığın davam etdirilməsi ölkələrimiz arasında etimadın möhkəmlənməsini və Birliyin inkişafını daha da təşviq edəcəkdir.

Bu gün keçirilən iclasda "İkinci Dünya müharibəsinin başlamasının 80 illiyi ilə əlaqədar Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətlərinin Dövlət Başçılarının bəyanatının layihəsi haqqında" Qərarın və "Müstəqil Dövlətlər Birliyinin iştirakçı dövlətləri xarici işlər nazirlərinin 1941-1945-ci illər Böyük Vətən müharibəsinin döyüşçülərinin məzarları və döyüşçülərin abidələrinin qorunması və onlara lazımi qayğı göstərilməsinin zərurəti haqqında" Qərarın imzalanması nəzərdə tutulub.

İkinci Dünya müharibəsinin başlamasının 80-ci ildönümü və xüsusilə Böyük Vətən müharibəsindəki Qələbənin 75-ci ildönümü ərəfəsində, Azərbaycanın faşizm üzərində Qələbənin əldə olunmasına çox böyük töhfə verdiyini qeyd etmək istərdim. Müharibədə Azərbaycandan təxminən 700 min nəfər iştirak edib, onlardan 400 min nəfər döyüş meydanlarında həlak olub və ya itkin düşüb.

Müharibə illərində Azərbaycan faşizm üzərində Qələbədə həlledici rol oynayıb. Mən əminliklə deyə bilərəm ki, əgər Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tamamilə fərqli ola bilərdi. O dövrdə Sovet İttifaqında 110 milyon ton neft hasil olunub. Onlardan 75 milyon ton Azərbaycan neft sənayesi işçiləri tərəfindən hasil olunub".

E.Məmmədyarovun sözlərinə görə, beynəlxalq arenada təşəkkül tapan yeni reallıqlar regional sabitlik və təhlükəsizliyə olan təhdidlərə qarşı mübarizə məqsədilə, terrorizmə, separatçılığa, ekstremizmə, silahların və narkotiklərin qanunsuz dövriyyəsinə, habelə kibercinayətlər əleyhinə mübarizə sahəsində bütün dövlətlərin səmərəli əməkdaşlığını tələb edir:

Təəssüflər olsun ki, MDB məkanında hələ də regional əməkdaşlıq, ümumi etimad mühitinin və MDB-nin bütün iştirakçı dövlətləri arasında daha sıx qarşılıqlı əlaqələrin yaradılması üçün əsas maneə olan həll edilməmiş silahlı münaqişələr mövcuddur. Ekstremizm və təcavüzkar separatizm ərazi iddialarına əsaslanan dövlətlərarası münaqişələrin kök səbəbidir və bir çox hallarda dövlətlərin ərazi bütövlüyünün pozulmasına gətirib çıxarır. Biz o mövqedən çıxış edirik ki, beynəlxalq hüququn ümumən qəbul edilən prinsipləri və normalarına uyğun olaraq, münaqişələrin tezliklə suverenlik, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında həll olunması, şübhəsiz, regional və beynəlxalq təhlükəsizliyin, sosial tərəqqinin və iqtisadi əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir".

Azərbaycanın təşəbbüsü ilə başlanılan qlobal enerji və nəqliyyat layihələrinə toxunan nazir vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün də nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə mühüm töhfə verməkdə davam edir:

"Ötən ilin may ayında yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksinin açılışı Azərbaycan tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasətin nəticəsidir. Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni liman ölkənin tranzit imkanlarını genişləndirməkdə mühüm rol oynamaqdadır. Yeni Bakı Beynəlxalq Limanının işə salınması ilə, yeni liman kompleksində şimaldan, cənubdan, şərqdən və qərbdən dəhlizlər vasitəsilə, habelə Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə Avropaya və ya şərqə doğru gəmilərlə daşınma üçün yönəldilən yük axınlarının cəmləşdirilməsini təmin edən səmərəli və davamlı logistika zənciri yaradılıb.

Bununla yanaşı, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadi artım və sosial inkişafın dinamikasının qorunub-saxlanması, makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması, iqtisadi diversifikasiyanın sürətləndirilməsi Azərbaycan əhalisinin rifahını yüksəltməyə və ölkənin iqtisadi inkişafına yönəldilmiş uğurlu inkişaf siyasətini həyata keçirməyə imkan verir".

Azərbaycan XİN rəhbəri deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın Xəzəryanı dövlətlər tərəfindən 2018-ci il avqustun 12-də imzalanmasını məmnuniyyətlə qeyd etmək istərdim:

"Bu əsas sənəd müasir tələblərə cavab verən və Xəzər dənizinin sahilyanı ölkələrinin hərtərəfli qarşılıqlı fəaliyyətini daha da intensivləşdirilməsi məqsədini daşıyan yeni bir hüquqi rejim yaradır.

Bu baxımdan, həmçinin qeyd etmək istərdim ki, Konvensiyaya uyğun olaraq yaradılan Xəzər dənizi məsələlərinə dair Yüksək səviyyəli İşçi Qrupunun ilk iclası bu ilin 19-20 fevral tarixlərində Bakıda keçirildi və iclas çərçivəsində tərəflər Xəzər dənizində düz çıxış xətlərinin müəyyən edilməsi üzrə metodika haqqında Saziş layihəsinin razılaşdırılmasına başladılar".

Nazir bildirib ki, Azərbaycan humanitar sahədə əməkdaşlığın gücləndirilməsinə də böyük önəm verir:

"Ölkəmiz humanitar məsələləri müzakirə etmək üçün beynəlxalq platformalardan birinə çevrildi.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə başlayan və ötən ildə onilliyini qeyd edən Mədəniyyətlərarası dialoq üzrə Beynəlxalq Forum – Bakı Prosesi cəmiyyətdə tolerantlıq və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə yönəlmiş birgə beynəlxalq səylərin dəstəklənməsi üçün bir platformadır.

Ötən il oktyabrın 25-26-da Bakıda artıq ənənəyə çevrilən və beynəlxalq mədəni və humanitar əməkdaşlığın gücləndirilməsinə böyük töhfə verən VI Bakı Beynəlxalq Humanitar Forumu keçirilmişdir. Bundan əlavə, ayrıca qeyd etmək istərdim ki, bu il martın 14-16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi "Yeni dünya xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumu keçirilmişdir. Əminliklə deyə bilərəm ki, bu tədbirlər mədəniyyətlərarası dialoq dəyərlərinin təşviq edilməsində Azərbaycanın göstərdiyi səylərin tanınmasının nəticəsidir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR