Birinci Avropa Oyunlarının Alovu mayın 13-də Kür sahillərinin daha iki şəhərində qarşılanıb.

Metbuat.az-ın məlumatına görə, əvvəlcə Yevlaxa səyahət edən məşəl, günə Bərdə rayonunda Alov Festivalı ilə yekun vurdu.

Bakı 2015-in rəsmi saytının məlumatına görə, Ceyhun Mustafayev küçəsindən başlanan yürüş 2,75 km davam etdi. Estafeti başlayan Aslan Mirzəyev, ardınca Nicat Haqverdiyev, Ləman Cəfərli, Cəmilə Abdullayeva, Mehriban Həsənquliyeva, Ariz Mikayılov, Teymur İsgəndərov, Samir Kərimov, Naib Balaşov və Türkan Əliyeva məşəli Heydər Əliyev prospektinə qədər daşıdılar. Ariz Mikayılov sonuncu məşəlçi kimi Heydər Əliyev meydanına daxil olaraq, burada quraşdırılmış səhnəyə qalxdı və alov çırağını yandırdı.

Qarşılanma mərasimi üçün bəzədilmiş meydanda məşəlçilər yerli sakinlərə bir daha təqdim edildi. Yandırılmış çırağı rayon ictimaiyyətinə tarix fənni üzrə respublika olimpiadasının qalibi, 11-ci sinif şagirdi Elvin Hacıyev təhvil verdi. Sonra karvan ölkənin mərkəzi hissəsinə, Kür-Araz ovalığının şimal-qərbinə, Bərdəyə üz tutdu. Mədəni-maarif sahəsinin təmsilçisi Səxavət İsmayılovun başladığı yürüş Heydər Əliyev prospekti boyunca davam edərək, onun sonunda qısa dayanacaq etdi. Ümumi uzunluğu 3,71 km-i əhatə edən yürüş zamanı İlahə Rüstəmova, Şükufə Əkbərova, Sevinc Qarazadə, Məleykə Quliyeva, Amil Əliyev, Rəvan Sultanov, Musa Məmmədov və Elgün Qocamanov estafeti bir-birinə ötürdülər. İdmançıların nümunəvi çıxışlarının müşayiət etdiyi yürüş Heydər Əliyev prospektindən sonra İsmət Qayıbov, Nüşabə, R.Səfərəliyev küçələrindən keçdi və son olaraq yenidən Heydər Əliyev prospektində tamamlandı. Bütün yol boyu qədim Ellin oyunları mərasimlərinin ənənələrinə uyğun olaraq, məşəlçilərin yollarına çiçək ləçəklərı atılırdı. Yürüş milli musiqimizin yüksələn sədaları altında davam etdi.

Təntənəli mərasim üçün xüsusi hazırlanmış meydanda keçirilən Alov Festivalı, sonuncu estafet iştirakçısı - ictimai fəal Fuad Ağayev səhnəyə qalxana qədər şəhər sakinlərini öz ətrafına toplamışdı. 8-ci sinif şagirdi Fatimə Salahovanın rayon ictimaiyyətinə təhvil verdiyi çıraq iyunun 28-də Oyunların bağlanış mərasiminədək söndürülməyəcək

Məşəl estafeti bu gün Goranboy və Naftalan şəhərlərində davam etdiriləcək.