Sahil Babayev litvalı səfirlə görüşüb

Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində dəstək məqsədi daşıyan tvinninq layihəsi çərçivəsində Litva ilə müsbət əməkdaşlıq təcrübəsi formalaşıb. Hazırda iki ölkə arasında ümumən əmək, məşğulluq və sosial müdafiə sahəsində əlaqələrin genişləndirilməsi üçün müvafiq işlər aparılır.

Metbuat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas ilə nazirlikdə keçirilən görüşdə bildirib.

Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayan S.Babayev bu il reallaşdırılan iki sosial islahat paketin uğurları, ölkəmizdə vətəndaş rifahının təminatı naminə atılan inqilabi addımlar barədə məlumat verib. O, dövlət sosial xidmətlərinin innovativ əsaslar üzərində qurulmasına yönələn geniş miqyaslı islahatları diqqətə çatdırıb. Nazir tvinninq layihəsi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsas tərəfdaş qurumu olan Litva Sosial Təminat və Əmək Nazirliyi ilə cari ilin 3 oktyabr tarixində imzalanan əməkdaşlıq Sazişinin önəmindən bəhs edib. Bu sənədin əməkdaşlığın genişlənməsinə şərait yaratdığını deyib.

E.Navikas iki ölkə arasında əlaqələrin inkişafından məmnunluğunu ifadə edərək, əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlığın genişlənməsi üçün onun tərəfindən müvafiq səylərin göstəriləcəyini bildirib.

Görüşdə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğu qeyd edilib. Tvinninq layihəsi çərçivəsində əldə olunan əməkdaşlıq təcrübəsinin, o cümlədən bu məqsədlə Litvalı ekspertlər tərəfindən dəstəyin davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR