Alman polisi Azərbaycan müxalifətinin gizli biznesini çökdürdü: "mühacir alveri"ndə SENSASİON FAKTLAR

Alman polisi Azərbaycan müxalifətinin gizli biznesini çökdürdü: "mühacir alveri"ndə SENSASİON FAKTLAR
15:28 14 Noyabr 2019
152 Digər
Ölkə mətbuatı
A- A+

Almaniyanın Federal polisinin keçirdiyi genişmiqyaslı əməliyyat nəticəsində qanunsuz miqrant daşıyan gizli şəbəkə aşkarlandı. Şərqi Avropa və postsovet ölkələrindən insanları pul qarşılığında müxtəlif yollarla Almaniyaya aparan şəbəkənin tərkibində azərbaycanlılar da var.

İlkin məlumatlara görə, siyasi mühacir alveri və saxta sənəd hazırlamaq ittihamı ilə saxlanılanların yeddisinin adı məlumdur:

- Əlövsət Əliyev - “Legat” İnteqrasiya Mərkəzinin sədri;
- İlham Həsən – Müsavat Partiyasının üzvü, Müsavat Avropa Koordinasiya Mərkəzinin (AKM) sədri;
- Mehdi Xəlilbəyli - Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini;
- Abdin Cavadov - Müsavat AKM-in üzvü, Mehdi Xəlilbəylinin qohumu;
- Rəşad Məmmədov - Almaniyanın Koblenz şəhərinə yaxın olan Neuwied adlı şəhərdə yaşayır, Mehdi Xəlilbəylinin sürücüsüdür;
- Elçin Əkbərov - Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 9 və 14 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində rəis işləyib.
- Elşən Abdullayev - Almaniyada “siyasi mühacir” adı ilə yaşayır;


Əlövsət Əliyev və Mehdi Xəlilbəyli...

Bunlar siyasi mühacir alverinə görə saxlanılan arasında adları açıqlananlardır. Məlumatlara görə, şəbəkə 3000-10000 dollar qarşılığında saxta sənədlər düzəltməklə Azərbaycandan Almaniyaya mühacir daşıyırmış. Federal polisin axtarışları zamanı onların qaldığı mənzillərdə müxtəlif partiyaların vəsiqələri, saxta sənədlər aşkarlanıb. İstintaq nəticəsində şəbəkənin digər üzvləri və saxta sənədlərlə Almaniyada “mühacir” adı altında yaşayanların da həbs olunacağı gözlənilir.

Saxlanılanların ən yaxşı halda deportasiya olunacağı qaçılmazdır. Lakin Almaniyanın sərt qanunlarını nəzərə alsaq, onların bir çoxunun həbs olunacağı da istisna deyil.

Almaniya polisinin əməliyyatı Azərbaycan müxalifətinin illərdir bəhs olunan çirkli üzünü bir daha faktlarla üzə çıxardı: Müxalifət müxtəlif yollarla Avropaya gedən və “siyasi mühacir” adı altında yaşayanları az qala Cümhuriyyətçi mühacirlərlə eyniləşdirir, onların Azərbaycanda təqib olunduğu üçün ölkəni tərk etmək məcburiyyətində qaldığını iddia edirlər. Lakin faktlar təsdiqləyir ki, Azərbaycanda təqib olunduğunu iddia edərək, saxta yollarla Avropaya üz tutan və “siyasi mühacir” kimliyini legitimləşdirmək üçün öz ölkəsini söyənlərin buradan qaçış səbəbi lüks həyat arzusudur. Hərçənd, bu arzu ikitərəfli istəkdir.

"Siyasi mühacir" şəbəkəsinin mitinqi

“Lüks həyat” üçün külli miqdarda pul verərək, saxta yollarla Avropaya gedənlər və onların saxta partiya vəsiqəsi düzəldən, mitinqlər təşkil edərək, ölkədən qaçmaq istəyənlərə foto çəkdirmək imkanı yaradan və bunun qarşılığında varlanan müxalifət.

Almaniya polisinin həbs etdiyi azərbaycanlıların kimliyinə və yaşadıqları həyat səviyyəsinə nəzər yetirdikdə də gerçək ortaya çıxır.

Misal üçün, saxlanılanlar arasında Müsavat partiyasının üzvü, Müsavat AKM sədr müavini olan Mehdi Xəlilbəyli ilə yanaşı, onun sürücüsünün də adı var: Rəşad Məmmədov.

M.Xəlilbəyli timsalında o və digərlərinin Almaniyada əsas işi Azərbaycan əleyhinə mitinqlər keçirmək, siyasi şüarlar səsləndirməkdir və onlar öz vətənlərindən “qovulduqlarını”, Avropa küçələrində “min bir əziyyətlə” yaşadıqlarını iddia edirlər, amma həm də sürücü ilə gəzir, bahalı həyat yaşayırlar.

İlham Həsən və Mehdi Xəlilbəyli Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin rəhbərliyində təmsil olunurlar. Partiya rəhbərliyinin – İsa Qəmbər, Arif Hacılı və s. – Avropa səfərlərini təşkil edir, maliyyə mənbəyi rolunu oynayırlar. Almaniya polisinin əməliyyatı təsdiq edir ki, bu maliyyənin mənbəyi məhz saxta sənədlərin düzəldilməsi və “siyasi mühacir” alveridir.

İsa Qəmbər Mehdi Xəlilbəyli ilə bir arada...

Almaniyada “müsavatçıların” kriminal şəbəkəsi ortaya çıxandan sonra sonuncu qurultayda başqanlığa namizəd olan Yadigar Sadıqlı yazır: “Son iki ildə azsaylı həmfikirlərimlə birlikdə Müsavat Partiyası daxilində apardığım mübarizənin nə qədər ağır olduğunu təsəvvür edə bilməzsiniz. İllərlə çiyin-çiyinə mübarizə apardığın insanların eyhamına, şərinə, böhtanına, təhqirinə dözmək çox ağır idi. Hökumətdən mən şəxsən bu qədər böhtan və təhqir eşitməmişəm. Halbuki, özümüz üçün heç nə istəmirdik. Bu gün baş verənləri sadəcə ehtimal edirdik və qarşısını almağa çalışırdıq. Bütün istədiyimiz Müsavat üçün idi, bütün təlaşımız Müsavatın adına, nüfuzuna görə idi. Hər nəyə əlimizi yelləyib sakit dura bilərdik. Amma məzarları Fransadan Sibirə qədər bütün Avrasiya materikinə səpələnən o əski müsavatçıların ruhu qarşısında duyduğumuz məsuliyyət imkan vermirdi. İçimi dağıdırdı o məsuliyyət. Çox təəssüf ki, bacarmadım”.

Söhbət Müsavat Partiyasında İsa Qəmbər-Arif Hacılı cütlüyünün “siyasi mühacir” biznesindən gedir. Bu qaranlıq biznes ilk dəfə 2015-ci ildə medianın gündəminə düşmüşdü. Alverin ortaya çıxdığını görən partiya etiraz bəyanatı yaydı və “Müsavat vəsiqəsi” ilə mühacirətə gedənlərin sənədlərinin saxta olduğunu bildirdi. Həmin bəyanatda adıçəkilən Elnur Mirzəyev isə Müsavatda kimə nə qədər pul verdiyini, ümumilikdə “mühacirət biznesi”nin sirlərini açdı.

Mən partiyaya yazılan gün rəhbərliyə demişdim ki, buradan getmək ehtimalım var. Partiyaya üzv olmaq üçün külli miqdarda pul vermişəm. Konkret rəqəm lazımdırsa, deyim – 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə – 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Onlar özləri orada ticarətlə məşğuldurlar. Maskaları cırılanda isə məni güdaza vermək istədilər. Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı elə onun özündən almışam. Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Əlimdə fakt kimi mesajlar, Facebook və Vatsap yazışmaları var. Müsavatda saxta sənəd alveri ilə məşğul olanların maskasını cıracağam. Hamı bilir ki, Müsavat Partiyası bu alverlə 6-7 ildir məşğul olur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mən isə bu məsələni belə qoymayacağam”, - Mirzəyev faktları açıqlayır.

Müsavatçı olaraq tanınan, hazırda İsveçrədə yaşayan Elbəyi Həsənlinin açıqladığı faktlar da xüsusi diqqət çəkir: “Arif Hacılının rəhbərliyindəki yeni komanda son 6 ayda 483 vətəndaşa Müsavat üzvü olmaqla bağlı arayış verib. Belə arayışlar mühacirətə getmək üçündür. Bilirsiniz ki, mayın 16-da İsveçrədə yaranmış “Ocaq” Mədəniyyət Mərkəzinin sədri vəzifəsindən istefa verdim. Çünki Müsavatın Bakıdakı funksionerləri “Ocaq” üzvü olan və hələ siyasi sığınacaq almamış müsavatçılara hədə-qorxu gələrək onlara seçim etməyi, Elbəyi Həsənlidən uzaqlaşmalı olduqlarını tapşırdılar. Yoxsa onlar barədə İsveçrənin Bakıdakı səfirliyinə müraciət olunacağını dedilər… Müsavat Partiyasını ələ keçirən bu dəstə Azərbaycan vətəndaşlarına pul-rüşvət qarşılığında Müsavat üzvü vəsiqəsi və arayış verirlər… Şəkilli arayışı 1500, şəkilsizi 800 manata satırlar…”.

Arif Hacılı başda olmaqla Müsavat rəhbərliyi illərdir apardıqları bu biznesi inkar edirlər. Lakin Almaniya polisinin keçirdiyi əməliyyat hər şeyi ortaya çıxardı. Əməliyyatı Azərbaycan polisi keçirsəydi, onlar “hakimiyyətin təzyiqi” tipli uydurmalarla yayınmağa çalışacaqdılar, maraqlıdır, alman polisinin əməliyyatı haqda nə deyəcəklər?! Arif Hacılı da, İsa Qəmbər də susur, artıq sosial şəbəkələrdə müsavatçılar tərəfindən “bu hadisədən sonra onlar istefa verməlidir” çağırışları gəlməkdədir. Onların buna mədəniyyəti çatacaqmı?! Siyasi mühacir biznesini şəbəkəsinin digər qanadı olan AXCP-də də susqunluq müşahidə olunur.

Almaniya Federal polisinin istintaqı isə hələ çox şeyi ortaya çıxaracaq.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/296122.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR