Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın xarici işlər nazirinin müavini Matti Anttonen ilə görüşüb.
XİN-dən "Report"a verilən məlumata görə, görüş Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində baş tutub.
Görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər.
Tərəflər həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar.
Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
![](/images/report/images_d/1303815_0.jpg)