Həkim-dermatoloq: "Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyalardır"

Həkim-dermatoloq: "Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyalardır"
10:42 25 May 2015
1214 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 25 may. REPORT.AZ/ Həkim-dermatoloq Leyla Mirzoyevanın "Report"a müsahibəsi:
- Fəsil dəyişikliyi insan orqanizmində allergik fəsadlara səbəb olurmu? 
- Allergik reaksiyalar keçirməyən insan yoxdur. Bu hal hər bir insanda, mütləq bir dəfə də olsa baş verir. Fəsilnən dəyişən allergiyalar bitkilər, ağaclar və otların çiçəkləməsinə qarşı olur. Allergik maddələr-allergenlərin bəziləri aerogen, yəni uçuşan allergiyalardır. Fəsil dəyişdiyi zaman hava isindikcə bəzi bitkilər və ağaclar çiçəkləməyə başlayır və bu zaman aeroallergenlər ifrazolunur, havaya ləçəklər dağılır. Qış aylarında ağaclar çiçəkləmədiyi üçün bu problemlər olmur. Qışdan başqa digər 3 fəsildə fəsil allergiyaları özünü göstərir. 
Yaz mövsümündə ard-arda dəfələrlə asqırma, burun, göz qaşıntı və sulanması, axıntı, təngnəfəslik, bədəndə müxtəlif səpkilər və ya dəridə qızartılar ola bilər. Bunlar havada uçuşan və gözlə görülə bilməyən mikroskopik maddələrə qarşı olan reaksiyalardır.
Qidaya, toz hissəciklərinə, kif göbələklərinə, heyvanların tüklərinə qarşı olan allergiyalar isə fəsillə dəyişmir. Onlar il boyunca mövcud olur. Bu tip allergiyalardan qorunmaq və uzaq durmaq lazımdır.
- Allergiya xəstəlikdir yoxsa həyat tərzi...
- Allergiya xəstəlikdir. Bəzən ona həyat tərzi deyilir. Çünki allergiyanın qarşısını birdəfəlik almaq mümkün deyil. İnsan allergiya olduğu əşya və ya ərzaqdan uzaq durmalı, onlara toxunmamlı, yeməməlidir. Bizim müalicəmizin məqsədi allerga mənbəyini tapıb, insanı ondan uzaqlaşdırmaqdır. Bəzi allergenlərdən tam qorunmaq mümkün deyil, onlar ömür boyu davam edir.
- Xəstəliyin ilkin əlamətləri özünü necə biruzə verir?
- Allergik reaksiyaların bir necə tipi var. Birinci tip ən təhlükəlisidir. Bu tip allergiyalar dodağın, göz qapaqlarının şişməsi, bədəndə köpəşləmə (qızarma) və s. əlamətlərlə müşahidə olunur. Allergiya dildə baş verərsə nəfəs darlığı yarana bilər, nəfəs yollarında olsa daralma baş verər, allergik bronxit, astmaya kimi inkişaf edə bilər. Bu allergiya bəzi qidalara və uçuşan allergenlərə qarşı olur.
Sonuncu tip allergiyalar narahatlıq verir, qaşınır, amma ciddi fəsadı, həyati təhlükəsi yoxdur.
- Qida rejimi allergiyaya nə dərəcədə təsir göstərir?
- Əlbəttə ki, qidalanma rejiminin allergiyaya təsiri var. Bəzən allergiya genetika ilə də bağlı olur. Uşaqlarda rast gəlinən allergenlərin 90%-i inək südü, yumurta ağı, buğda, toyuq əti və balıqla bağlıdır. Böyüklərdə özünü göstərən allergiyaların 90% balıq, fıstıq, fındıqla əlaqədar olur. Qida allergiyası yaşa görə dəyişir. Fındıq və fıstıq allergiyaları ömür boyu qalır, digərləri çox vaxt sağalır.
Bəzi bitkilər allergik reaksiyaya səbəb olurlar. Məsələr, kivi, banan, tropik meyvələrin hər birində hevein adlı maddə var. Bu maddəyə qarşı allergik reaksiya formalaşır. Hevein lateksin də içində olur. Şarla oynayanda da dəri qızarır, köpür. Belə adamlar lateksli əlcəkdən istifadə etsə də nəticə dəyişməyəcək, yenə allergiya olacaq. 
Ən öldürücü allergiya lateks allergiyasıdır. Lateks - tropik ölkələrdə yetişən ağacın suyundan hazırlanan südəoxşar maddədir. Lateks rezinə oxşayan maddədir, amma tam rezin deyil.
- Azərbaycanda allergiyanın hansı növləri daha çox yayılıb?
- Azərbaycanda daha çox allergik kontakt dermotidləri yayılıb. Bu növ allergiya hər hansı bir maddə ilə təmasdan əmələ gəlir.
Ən çox rast gəlinən növlərdən biri də övrə allergiyalarıdır. Kəskin və xroniki övrə mövcuddur. Övrə allergiyası zamanı dodağ şişməsi, göz qapaqlarında, bədəndə qızarmalar olur. Dərman, qida ilə bağlı da övrə ola bilər. Elə övrə növü var ki, sadəcə stress və həyəcandan yaranır. Dodaq və göz qapaqlarının şişməsi ən ağır allergiyadır.
Fəsil dəyişəndə insanlarda halsızlıq, yorğunluq, oynaq ağrıları, yuxulamaq, yuxubasma kimi hallar müşahidə olunur. Bunun qarşısı necə almaq olar?
- Bu cür hallara bahar yorğunluq sindromu deyilir. Bədəndəki vitamin deposu tükənir. Bunun tək çarəsi vitamin qəbul etməkdir. Allergiyanın müalicəsi ümumi nəzarət, pəhriz, düzgün qidalanma, yuxunun qaydasında olması və lazım gələrsə dərman müalicəsindən asılıdır.




Xəbərin orijinal ünvanı: http://report.az/sehiyye/hekim-dermatoloq-dodaq-ve-goz-qapaqlarinin-sismesi-en-agir-allergiyadir-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR