Azərbaycan pandemiya dövründə inkişafa necə nail oldu?

Azərbaycan pandemiya dövründə inkişafa necə nail oldu?
17:33 15 Aprel 2020
194 Digər
Ölkə mətbuatı
A- A+

Koronavirus pandemiyası ilə mübarizədə dünya ölkələri karantin rejiminin tətbiqi strategiyasını seçir, lakin bu strategiyanın özü ilə gətirdiyi çətinliklərin öhdəsindən gəlməkdə hər ölkə uğur əldə edə bilmir. Dünyada işsizlərin və ac qalan insanların sayının sürətlə çoxalması, səhiyyə sistemlərinin virus qarşısında aciz qalması, liderlərin “məğlub olduq” etirafları və hər gün gələn ölüm xəbərləri arzuolunmaz mənzərə yaradıb.

Virusun yayılmasını minimallaşdırmaq üçün karantin strategiyasını tətbiq edən Azərbaycanın mövcud vəziyyətin yaratdığı çətinliklərlə mübarizəsi dünyanın üzləşdiyi arzuolunmaz mənzərə fonunda müsbət xətlə seçilir. Dünya və region ölkələri ilə müqayisədə Azərbaycanda virusa yoluxanların və ölüm faktlarının az olması, eləcə də sosial-iqtisadi çətinliklərin öhdəsindən gəlinməsi vəziyyətin nəzarətdə saxlanıldığını təsdiqləyir.

İnkişaf etmiş ölkələrdə vəziyyətin nəzarətdən çıxdığı vaxtda Azərbaycan 2020-ci ilin birinci rübünə yekun vurdu. Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans ölkədə vəziyyətin nəzarətdə olduğuna əminliyi daha da artırdı.

Azərbaycan buna necə nail oldu?

Dövlət başçısı bəyan edib ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində vəziyyət nəzarətdə saxlanıldı.

Pandemiyanın yayılma arealı genişlənməyə başlayanda Azərbaycan hökuməti dərhal hərəkətə keçdi. Sərhədlər bağlandı, uçuşlar dayandırıldı, elektron vizalar ləğv edildi, məktəb və universitetlərdə tədris onlayn rejimə keçdi, kütləvi tədbirlər ləğv olundu, xüsusi karantin rejimi tətbiq olundu. Buna paralel olaraq, müasir laboratoriyalar quruldu, karantin yerləri yaradıldı, keçirilən testlərin sayı çoxaldıldı və s. Hazırda respublikanın bütün bölgələrində küçələrdən tutmuş, evlərə qədər hər yerdə dezinfeksiya işləri görülür.

Məqsəd virusun ölkədə yayılmasını minimallaşdırmaq və bu bəladan az itki ilə çıxmaqdır. Təbii ki, heç bir ölkə bu bəladan tam sığortalanmayıb. İnkişaf etmiş ölkələrin təcrübəsi də bunu sübut edir. Heç bir ölkənin səhiyyə sistemi də epidemiyanın artan dinamikası qarşısında duruş gətirə bilmir. Lakin Azərbaycanda vəziyyət müsbətə doğru gedir. Artıq əvvəlki günlərlə müqayisədə yoluxma hallarında azalmalar müşahidə olunur.

Çünki Azərbaycan vaxtında düşünülmüş addımlar atdı və səhiyyə sistemində həyata keçirilən köklü işlər nəticəsini verdi:

- 750-dən çox səhiyyə ocağı tikilib və ya tam təmir olunub; hər il ölkədə 5 milyondan çox insan dövlət hesabına tibbi müayinədən keçir; koronavirus xəstələri 20-dən artıq dövlət xəstəxanasında müalicə olunurlar; pandemiyanın yayıldığı günlərdə 575 çarpayıdan ibarət olan, ən müasir və “Yeni klinika” adlanan xəstəxana istifadəyə verildi; bu ilin mart ayında respublikanın 3 şəhərində istifadəyə verilmiş üç yeni xəstəxana koronavirus xəstələrinin ixtiyarına verildi; qısa müddət ərzində 6-sı dövlət, 4-ü isə özəl sahibkarlar tərəfindən tikilməklə, hər birinin 200 çarpayı yeri olan 10 müasir modul tipli xəstəxananın istifadəyə verilməsi nəzərdə tutulur; koronavirus xəstələrinə xidmət göstərən həkimlərin maaşı 3, 4 və 5 misl məbləğində artırılıb;

- 60 minə yaxın test keçirilib, əhalinin hər bir milyon nəfərinə düşən testin sayı 5200-dən artıqdır; testlərin aparılması üçün 18 laboratoriya fəaliyyət göstərir, onların 5-i yeni yaradılıb; Azərbaycan aparılan testlərin sayına görə dünyada 30-cu, hər milyon əhaliyə görə aparılan testlərin sayına görə 40-cı yerlərdədir;

- Pandemiya ilə mübarizədə əhəmiyyətli olan milli həmrəyliyin yaradılması üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu təsis olundu; Fonda köçürülmüş ianələrin həcmi 110 milyon manatdan və ya 65 milyon dollardan artıqdır;

Prezident İlham Əliyev də bəyan edib ki, artıq müxtəlif ölkələr Azərbaycanın təcrübəsindən yararlanır.

Azərbaycanın diqqətçəkən təcrübələrindən biri də pandemiyanın zərər vurduğu sosial-iqtisadi sistemin qorunması, vətəndaşların işsiz qalmaması, sahibkarlığın çökməsinin qarşısının alınmasıdır. Bu məqsədlə 2,5 milyard manat həcmində dövlət dəstəyi paketi qəbul olundu.

- 44 min sahibkarlıq subyektində çalışan 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsinin ödənməsini dövlət öz üzərinə götürdü; dövlət sektoru üzrə 900 mindən artıq işçinin, qeyri-dövlət sektoru üzrə isə 690 min işçinin əməkhaqqı saxlanmaqla məşğulluğu təmin edildi; dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən, 290 mindən çox mikro və fərdi sahibkar faydalanacaq; bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına başlanılır; qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr artıq başlanıb; kommunal ödəmələrə güzəşt edildi; banklar tərəfindən sahibkarlara yeni verilən 500 milyon manat həcmində kreditlərin 60 faizinə dövlət zəmanətinin verilməsi haqda qərar qəbul edildi, beləliklə, zəmanət verilən kreditlər üzrə faiz dərəcəsinin yarısı dövlət büdcəsinin vəsaitləri hesabına subsidiyalaşdırılacaq; dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud bank kreditləri üzrə isə faiz dərəcəsinin 10 faiz bəndi subsidiyalaşdırılacaq; məqsəd pandemiya səbəbindən faizlərin ödənilməsində çətinliklərlə üzləşmiş sahibkarlara kömək etməkdir;

Dövlət başçısı qeyd edib ki, koronavirus bütün dünya iqtisadiyyatı üçün böyük problemdir və təbii olaraq Azərbaycanın iqtisadi inkişafına da öz təsirini göstərdi.

Lakin həyata keçirilən siyasət Azərbaycanın bu prosesdən minimum itki ilə çıxması ilə nəticələnəcək. Çünki son illərdə həm siyasi, həm iqtisadi sahələrdə, sosial məsələlərin həlli istiqamətində elə bir vəziyyət yaranıb ki, Azərbaycan heç kimdən asılı deyil və bu, dünya ölkələri üçün təcrübə sayılacaq düşünülmüş addımların atılmasına imkan verir. Təsadüfi deyil ki, pandemiyanın dünya iqtisadiyyatına ciddi zərbə vurduğu 2020-ci ilin 3 ayında Azərbaycanda inkişaf və tərəqqi müşahidə olunur.

Prezident İlham Əliyev videokonfransda mühüm istiqamətləri də müəyyənləşdirdi.

Prioritet təşkil etməyən xərclər ixtisar olunacaq

Prezident bəyan etdi ki, dövlət xərclərinə yenidən baxılacaq və prioritet təşkil etməyən xərclər ixtisar ediləcək: “Vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır, həm investisiya, həm də cari xərclərə yenidən baxılmalıdır. Şəffaflığın tam təmin olunması istiqamətində əlavə addımların atılması hesabına iqtisadi-maliyyə vəziyyət sabit saxlanacaq”.

Yeni gəlir mənbələri

Dövlət başçısı qeyd edib ki, keçən il büdcəyə proqnozdan əlavə bir milyard manatdan çox, bu ilin üç ayında isə 300 milyon manatdan artıq vəsait daxil edilib.

“Addımlar elə atılmalıdır ki, iqtisadi, makroiqtisadi sabitlik təmin edilsin”, - Prezident göstəriş verib.

Bununla yanaşı, işini itirmiş, yaxud işləməyən insanlara yardım göstəriləcək. Prezident bəyan edib ki, dövlət orqanlarının kifayət qədər imkanı var ki, bu məsələ araşdırılsın və ehtiyacı olan insanlar dövlətdən yardım alsınlar.

Yumşalma nə vaxt başlanacaq?

Prezident İlham Əliyev hər kəsi maraqlandıran məsələyə də aydınlıq gətirdi. Bildirdi ki, koronavirusla mübarizə sahəsində addımlar vəziyyətə uyğun atılacaq.

“Əsas məsələ vətəndaşların sağlamlığı, insanlarımızın həyatıdır. Koronavirus pandemiyasının artıq təhlükə törətmədiyinə əminlik yarandıqdan sonra yumşalma addımlarının atılması mümkündür. Hazırda Azərbaycanda son günlərin rəqəmləri ümidvericidir. Ümid etmək olar ki, xəstələrin sayı ilə bağlı müsbət dinamika bundan sonra da davam edəcək”, - dövlət başçısı diqqətə çatdırıb.

Asif


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/310872.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR