Xəstə mal-qaranı cins adı ilə vətəndaşa verdilər -

Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, şikayətlər də yox deyil. Əsasən proqram çərçivəsində vətəndaşlar dövlətin adından təqdim olunan inəklərin qısır, qoyunların qoca, bəzi hallarda qotur olmasını iddia edirlər.

Elə bu problem ilə bağlı Metbuat.az-a şikayət daxil olub. Gədəbəy rayonu İnəkboğan kənd sakini İqral Abbasov iddia edir ki, proqram çərçivəsində ona verilən iki baş mal-qara xəstə olub.

Şikayətçi deyir ki, dörd noyabr 2020-ci il tarixində rayon Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Məşğulluq Mərkəzinin 21 saylı Gədəbəy Ərazi Məşğulluq Mərkəzi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində ona iki ədəd inək verilib. Mal-qaranı axşam vaxtı təhvil aldığından inəklərin xəstə və arıq olduqlarının həmin an fərqində olmayıb. Müqavilədə iri buynuzluların cins olduğu yazılsa da İqral Abbasov onların cins olmadığını iddia edir.


İqral Abbasov deyir ki, heyvanlar veriləndən bir müddət sonra məlum olur ki, onlar xəstədirlər. İnəklərin gün ərzində yaxşı qidalanmadığını və günü gündən arıqladıqlarının fərqinə varan şikayətçi problem ilə bağlı rayon məşğulluq mərkəzinə müraciət edir. Mərkəzdə ona bildirirlər ki, heyvanlar təhvil verildikdən sonra düzgün qidalanmamaq və yaxşı baxılmamaq səbəbindən xəstələnib arıqlayıblar.

Məsələ ilə bağlı ƏƏSMN tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mətbuat Katibi Əsmər Nəcməddinqızı bildirdi ki, vətəndaşın şikayəti araşdırılıb və bu nəticəyə gəlinib ki, ola bilər ki, heyvanlara düzgün qulluq etmədiyi üçün hansısa problem yaşanıb.

''Vətəndaşa 4 noyabr 2020-ci il tarixdə 2 inək və 400 kq yem verilib. Heyvanlar vətəndaşa verilən zaman sağlam olub və bununla bağlı akt da imzalanıb. Görünür kənd sakini heyvandarlıq sahəsini bilən şəxs deyil. Əks halda heyvana baxanda onun sağlam olub olmadığını bilərdi''.

Əsmər Nəcməddinqızı bildirdi ki, özünüməşğulluq proqramı iştirakçılarına mal və materiallar paylanarkən şəffaflıq prinsiplərinə riayyət edilir.

Tərtib olunan sənədlər vətəndaşların razılıqlarını bildirən videomateriallar ƏƏSM nazirliyinin rəsmi internet saytına yerləşdirilir. Hazır ki vəziyyətdə şikayətçiyə hər hansı bir köməkliyin göstərilə biləcəyi sualına Əsmər Nəcməddinqızı belə cavab verdi.

“İqral Abbasov rayon məşğulluq mərkəzinə müraciət edib və bildirib ki, inəyin biri ot yemir. Ona izah olunub ki, inəyin xəstəliyi ilə bağlı baytar həkimin rəyini təqdim etməlidir. Vətəndaş isə bildirib ki, baytar gəlib baxıb, amma xəstəlik barədə rəy verməyib. Əgər baytarlıq inəkləri müayinə zamanı həqiqətən xəstə olduqlarını təsdiq edərsə vətəndaşın ona verilən heyvanın dəyişdirilməsi müraciətinə baxıla bilər. Həmin rəy əsasında müqavilədə də qeyd olunduğu kimi bir ay müddətində heyvanı dəyişmək ilə bağlı müraciətinə baxıla bilər''.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı