Azərbaycanda ikinci əl avtomobil bazarında son vaxtlar aktvlik müşahidə edilir.
Metbuat.az xəbər verir ki, ötən il pandemiyanın yayılması və sərt karantin rejimin səbəbi ilə bu sahə də ciddi zərərlərə məruz qaldı. Amma bu il məhdudiyyətlərə baxmayaraq ikinci əl avtomobil bazarında bir qədər canlanma müşahidə edilir.
Avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərov Metbuat.az-a bildirdi ki, ikinci əl avtomobil bazarında qiymətlərdə 5-10 faiz artım olacağı proqnoz edilir.
Bəs qiymət artımı hansı amillərlə əlaqəlidir?
“Qiymət artımı hər hansı bir faktor ilə əlaqəli deyil. Sadəcə mövsüm ilə əlaqəlidir. Novruz bayramından sonra, havanın temperaturu yüksəlməyə doğru başladıqca, üzü yaya doğru ikinci əl avtomobil bazarında oyanma müşahidə edilir. Az da olsa bir qədər qiymətlərdə artımların olduğunu görürük.
İkinci əl bazarından fərqli olaraq birinci əl yəni, yeni avtomobillərin qiymətləri stabil olaraq qalır.
Biz sadəcə son günlər daşıma və logistika xidmətlərinin qiymətində bir qədər artımlar olduğunu müşahidə edirik. Bəzi yeni avtomobil markalarının qiymətində 2-5 faiz arası artım var”.
Son vaxtlar xaricdən həraclarda alınan vuruq avtomobillərin Azərbaycana gətirilməsi və bu maşınlara tələbat da çoxalıb. Amerikada hərracda 2000-4000 dollara alınan avtomobillər Gürcüstana gətirilərək orada təmirə bir qədər pul xərcləyib və yerli avtomobil alverçilərilərə satılır. Yerli alverçilər də üstünə 1000-2000 manat qoymaqla avtomobili Azərbaycanda satışa çıxarır.
Eldəniz Cəfərov bu məsələyə də aydınlıq gətirərək bildirdi ki, yaxşı olardı ki, alıcılar özləri auksionda sifariş edib o formada maşınlarını ölkəyə gətirsinlər. Bunun səbəblərinə gəldikdə isə...
“Yaxşı olardı ki alıcılar, bu işləri bacaran adamlarla məsləhətləşib, daha sonra maşın sifariş versinlər. Onlar hərrac üçün sayta daxil olub, həmin avtomobilləri ilkin problemlərini gördükdən sonra sifariş verib ölkəyə gətirə bilərlər.
Amma Gürcüstanda isə təmir edilən belə avtomobillərin hansı problemlərinin olduqları bəlli olmur. Nəticədə alıcılar həm baha həm də ilkin vəziyyəti necə olduğu bilinməyən bir avtomobili almış olurlar”.
Qeyd edək ki, son vaxtlar Amerikadan daha çox hibrid avtomobillərin gətirilməsi hallarına rast gəlinir. Maşının ABŞ-dakı limandan uzaqlığından asılı olaraq Azərbaycana çatdırılma müddəti 8 - 10 həftə arası dəyişə bilər.
Azərbaycana bir çox xarici ölkələrdən, eləcə də, Yaponiya, Amerika kimi ölkələrdə təbii fəlakət nəticəsində sel daşqınlarında suda qalan avtomobillər də gətirilir.Ekspertlər məsləhət bilir ki, hərracda alınan hər bİr avtomobili servislərdə yoxlatdırmaq çox vacibdir. Bu zaman sürücülər idarətetmə zamanı həyati təhlükə riskini azaltmış olacaqlar.
Gülbəniz Hüseynli / METBUAT.AZ