Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb

Berlində 20 Yanvar hadisələrinin qurbanları anılıb
08:03 19 Yanvar 2015
154 Ölkə
Ölkə mətbuatı
A- A+


Berlin, 19 yanvar, AzərTAc 
Almaniya Federativ Respublikasının (AFR) paytaxtı Berlin şəhərində Alman Məmurlar Birliyi Forumu adlanan mötəbər məkanda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Tədbirdə Almaniya Bundestaqının deputatları, AFR Xarici İşlər Nazirliyinin, xarici diplomatik korpusun, Almaniyanın müxtəlif siyasi, iqtisadi, elmi və mədəni dairələrinin, Azərbaycan diasporunun nümayəndələri, alman mətbuatının təmsilçiləri, bütövlükdə 150-dən artıq insan iştirak edib.
Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfiri Pərviz Şahbazov tədbiri giriş sözü ilə açıb və 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Səfir tədbir iştirakçılarına faciənin baş verdiyi dönəmdə Sovet İttifaqı rəhbərliyinin Dağlıq Qarabağda erməni separatçılığı və azərbaycanlıların Ermənistandan qovulması hallarına göz yumması və bununla da Azərbaycan əhalisini özündən narazı salması haqqında məlumat verib. Səfir Sovet rəhbərliyinin Azərbaycan xalqının haqlı narazılığına ağır cinayət törətməklə cavab verməsi, o zamanlar Moskvada yaşayan ümummilli liderimiz Heydər Əliyevin 20 Yanvar hadisələrinə dair keçirdiyi mətbuat konfransında İttifaq rəhbərliyinə qətiyyətlə etiraz etməsi barədə danışıb. Bildirib ki, hazırda öz vətəndaşlarının rifahının yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasına yönəlmiş müstəqil siyasət yürüdən, sürətlə inkişaf edən, regionda və dünyada söz sahibinə, eləcə də Avropanın etibarlı tərəfdaşına çevrilmiş Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq və Azərbaycan xalqının maraqları çərçivəsində həllinə çalışır.
Daha sonra Alman-Azərbaycan Forumunun sədri, keçmiş dövlət katibi Hans-Eberhard Şlayer çıxış edərək bildirib ki, Azərbaycanın müstəqilliyi üçün canından keçmiş vətəndaşlar heç vaxt unudulmamalıdır. Dağlıq Qarabağ münaqişəsinə toxunan Şlayer bildirib ki, Krım böhranı sübut etdi ki, beynəlxalq birlik Azərbaycan torpaqlarının işğalına layiq olan qiyməti verməyib. Almaniya pozulmuş beynəlxalq hüququn bərpa olunması üçün bütün səylərini ortaya qoymalıdır. O, Alman-Azərbaycan Forumunun bu məsələyə hər zaman dəstək göstərəcəyini bildirib.
Tədbirdə çıxış edən Almaniya Bundestaqının deputatı, xarici işlər komitəsinin üzvü, professor doktor Eqon Yütner 20 Yanvar hadisələrini Azərbaycan xalqının tarixində “qanlı yara” adlandırıb. Onun sözlərinə görə, bu faciə Azərbaycan xalqının legitim azadlıq hərəkatına daha da rəvac verib, öz müstəqilliyini elan etməklə Azərbaycan dövləti yenidən tarix səhnəsinə çıxıb. Bundestaqın deputatı Azərbaycanın müstəqillik illərində əldə etdiyi irəliləyiş və bu gün müstəqil siyasət yürütməsi haqqında danışıb, ölkədəki iqtisadi sıçrayışın və sosial inkişafın qürurverici olduğunu bildirib.
Eqon Yütner Azərbaycan-Almaniya ikitərəfli münasibətlərini yüksək qiymətləndirib və buna dair faktları səsləndirib.
Tədbirin rəsmi hissəsindən sonra Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Elnarə İsmayılova və Faiq Əliyevin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərlərindən ibarət anma konserti təqdim edilib. Həmçinin 20 Yanvar faciəsindən bəhs edən tarixi fotoşəkillərdən ibarət sərgi, eyni zamanda, müxtəlif əyani vəsaitlər tədbir iştirakçılarına təqdim olunub.
Anma tədbiri Azərbaycan Respublikasının AFR-dəki səfirliyinin təşkilatçılığı, SOCAR-ın Almaniya nümayəndəliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyi ilə təşkil edilib.
Vüqar Seyidov
AzərTAc-ın xüsusi müxbiri
Berlin






RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR