"Yeni qanun layihəsi ölkəmizdə medianın inkişafına təkan verəcək" -

““Media haqqında” qanun Azərbaycan mediasının inkişafı üçün yeni mərhələ hesab edilməlidir. Qəbul ediləcək qanun yeni imkanlar yaradacaqdır. Belə ki, bu qanun layihəsi media subyektlərinin dəqiq təsnifatını verir və eyni zamanda, jurnalistin sosial portretini müəyyənləşdirən vasitə kimi çıxış edir”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov "Media haqqında” qanun layihəsinə fikirlərini bildirərkən deyib. Deputat qeyd etdi ki, qanun layihəsinin mahiyyəti və həssaslığı nəzərə alınaraq, layihənin hazırlanması prosesində çoxsaylı media nümayəndələri və ekspertləri ilə fikir mübadiləsi aparılmış, 800-ə yaxın media subyekti, jurnalist və ekspertlə layihənin müzakirəsi təşkil olunmuşdur.


“Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfər ölkəmizdə hər bir sahədə yeni reallıqlar yaratdı. Məhz bu yeni reallıqlardan irəli gələn ölkəmizdə medianın fəaliyyətinin təkmilləşdirilməsi, üçün yeni qanun layihəsinin hazırlanması zərurətini əsas götürərək, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən “Media haqqında” qanun layihəsinin hazırlanması barədə tapşırıq verildi. Həmçinin, “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzalanmış və Medianın İnkişafı Agentliyi yaradılmışdır. Cənab Prezident İlham Əliyevin ölkədə medianın inkişafına xidmət edən bu önəmli təşəbbüsləri milli informasiya məkanında davamlı inkişafa nail olunmasının dövlət üçün prioritet olduğunun göstəricisidir. “Media haqqında” qanun layihəsi öz demokratik məzmunu ilə də diqqət cəlb edir. Qanunda internet televiziyalarının lisenziya almaq üçün müraciət etməsi məcburi xarakter daşımır. Lisenziya almayan internet televiziyalar öz fəaliyyətlərini maneəsiz davam etdirə biləcəklər. Çap mediası və onlayn media subyektinin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. Bundan əlavə, “vətəndaş jurnalistikası” adlandırılan və peşə olaraq deyil, hobbi olaraq həyata keçirilən fəaliyyət bu qanunun təsir dairəsinə daxil deyil”.

Cavid Osmanov vurğuladı ki, yeni qanun layihəsi ölkəmizdə medianın inkişafına təkan verəcəkdir:

“Qanun layihəsinə əsasən, Media Reyestri yaradılacaqdır ki, burada da məqsəd media subyektlərinin sayının müəyyənləşdirilməsi, bununla da media subyektlərinin və onların işçi hüquqlarının müdafiəsi mexanizminin formalaşdırılması, akkreditasiya prosedurunun daha sürətli və səmərəli həyata keçirilməsinin təmin edilməsi, bu sahədə fəaliyyətin stimullaşdırılmasıdır. “Media haqqında” qanun layihəsində nəzərdə tutulan əsas yeniliklərdən biri vahid jurnalist vəsiqəsinin verilməsidir. Vahid jurnalist vəsiqəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçiriləcək və bu hal media mühitinin sağlamlaşmasına müsbət təsir göstərəcək. Medianın İnkişafı Agentliyi tərəfindən veriləcək jurnalist vəsiqəsi olmasa da, şəxs jurnalist kimi fəaliyyət göstərə biləcək. Eyni zamanda, media subyektləri onlarla işləyən jurnalistlərə özlərinə məxsus vəsiqələri verməkdə tam sərbəst olacaqlar”.


Media Reyestrinin aparılması nəticəsində, keyfiyyətli xəbər istehsalını təmin etmək, bu sahədə stimullaşdırıcı tədbirlər həyata keçirməyin mümkün olacağını xüsusilə qeyd edən müsahibimiz bildirdi ki, kütləvi informasiyanın əldə olunması, ötürülməsi, istehsalı və yayımı fəaliyyətini təsadüfi və qeyri-müntəzəm şəkildə həyata keçirən, əsas istiqaməti media sahəsində fəaliyyətin həyata keçirilməsi olmayan subyektlər media subyekti hesab edilməyəcəkdir. Beləliklə, güzəşt və imtiyazların tətbiq oluna biləcəyi media subyektlərinin və jurnalistlərin dairəsi müəyyənləşəcək, bu istiqamətdəki fəaliyyətin həcmi və əhatə dairəsi planlaşdırılacaqdır.

“Layihədə təsbit olunan “jurnalist” anlayışı xidməti müqavilə əsasında işləyən jurnalistləri də əhatə edir və müəllif hüquqlarının qorunmasına hüquqi təminat verir. Nəticədə isə media subyektləri arasında sağlam rəqabət mühiti formalaşdırılacaq və istehsal edilən məhsullar üzərindəki müəlliflik hüquqlarının qorunması təmin ediləcəkdir. Ümumilikdə isə qanun layihəsində nəzərdə tutulan müddəalar informasiya mühitinin milliləşdirilməsini və daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, milli media məhsulunun istehsalını stimullaşdırmağa, yerli medianın inkişafına təkan verməyə, nəticə etibarı ilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına daha geniş şərait yaradacaqdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR