Azərbaycanda 1400-ə yaxın autizm sindromlu uşaq var

“2020-ci ilin hesabatına görə, qeydiyyatda olan autizimli uşaqların sayı 1383, atipik autizimli (atipik təqdimatlı autizm spektri pozğunluğunun bir növü) uşaqların sayı isə 46 nəfərdir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Psixi Sağlamlıq Mərkəzinin rəhbəri, professor Fuad İsmayılov deyib.

Onun sözlərinə görə, hesabat dövründə 0-13 yaş aralığında həyatında ilk dəfə müraciət edən autizimli uşaqların sayı 367, ilin sonunda isə atipik autizimli uşaqların sayı 10 nəfər olub.

Fuad İsmayılov həmçinin, hamiləlik zamanı doğulacaq körpənin autizm sindromlu olmasını öyrənməyin mümkünlüyü barədə danışıb:

“Hesab edilir ki, autizm beynin müxtəlif nahiyələrində sinir hüceyrələri arasında sinaptik əlaqələrin pozulmasına səbəb olan fərqli gen mutasiyaları ilə əlaqədardır”.

Fuad İsmayılov bildirib ki, autizmi ana bətnində öyrənmək mümkün deyil:

“Dünyanın hansısa ölkəsində bunu dəqiq təyin edən üsul və test mövcud deyil. İlkin mərhələdə uşağın kontaktına diqqət eləmək lazımdır. Əgər uşaq suallara cavab vermirsə, ünsiyyətdən çəkinirsə, bu zaman valideyn narahat olmalıdır. 2-5 yaş arasında valideynlər övladlarına diqqət yetirməlidilər, çünki körpələrin ünsiyyət qurması adətən 2 yaşdan başlayır. Autizmin aşkarlanması gecikdikcə müsbət nəticə almaq çətinləşir” – o qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR