Binamızın zirzəmisində “yatan əcəl”:

Bakının Səbail rayonunda "Torqovi" kimi tanınan ərazidə yerləşən gecə klubunda baş verən partlayış hadisəsi propan qaz balonlarının təhlükəsi ilə bağlı məsələni gündəmə gətirdi. Bu hadisədən bir qədər sonra Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Azəriqaz” İstehsalat Birliyinin məsul nümayəndələrindən ibarət yaradılmış xüsusi qruplar paytaxtın ictimai-iaşə obyeklərində monitorinqlərə başladılar.

Məqsəd, bu obyektlərdə real vəziyyətin yerində öyrənilməsi, gələcəkdə baş verə biləcək hadisələrin qarşısının alınması və burada çalışan işçilərininin maarifləndirilməsi idi. Bu məsələ həm də həmin balonların kimlər tərəfindən necə utilizasiya edilməsini gündəmə gətirdi.

Mövzuya münasibət bildirən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Metbuat.az-a bildirdi ki, qaz balonlarının utilizasiya məsələlərinin icrası ilə bağlı Fövqəladə Hallar Nazirliyi məşğul olmalıdır. Amma görünən mənzərə heç də ürəkaçan deyil. Çünki bu sahədə ciddi problemlər yaşanır. AİB sədri saytımız vasitəsi ilə vətəndaşlara xəbərdarlıq edərək qeyd etdi ki, mütləq hər bir şəxs öz yaşadığı binanın zirzəmisindəki vəziyyətə diqqət yetirib, ehtiyac yarandığı təqdirdə qabaqlayıcı tədbirlər görməlidir.


“Mən də mütəmadi olaraq öz yaşadığım binanın zirzəmisində monitorinqlər aparıram. Məlumdur ki, binaların zirzəmilərində biznes qurumları fəaliyyət göstərir. Mən bilirəm ki, əgər orada qaz balonlarından istifadə edilərsə, bunun binanın ortasına qoyulan bombadan heç bir fərqi olmayacaq. Çox təəssüf ki, bu işlərlə məşul olan FHN-nin fəaliyyəti yarıtmaz vəziyyətdədir. Məhz bu səbəbdən də qaz balonları əcəl kimi bütün ölkəni bürüyüb”.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev də Metbuat.az-a açıqlamasında AİB sədrinin fikirlərini təsdiqlədi. Ekspert deyir ki, qaz balonlarının doldurulması, daşınması, ünvanlarda quraşdırılması və onlara texniki qulluğun göstərilməsinə məsul olan qurumun kimliyi bilinmir.


“Bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun səlahiyyəti olmalıdır. Daşınması üçün xüsusi maşınlarda və bununla bağlı ayrılmış xüsusi yerə, poliqona aparılmalıdır. Orada istifadəsi yararsız olan bu qaz balonlarının utilizasiyası reallaşdırılmalıdır. Ancaq indiki halda bu qaz balonlarının obyektdən aparmaq üçün heç bir qurumun səlahiyyəti yoxdur. İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu balonları doldurur və şəxsi maşınla daşıya bilirlər”.

Elmar Nurəliyev qeyd etdi ki, bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu mütləqdir.

“Qeyd edim ki, bu qanun layihəsində bu işləri görəcək qurum göstərilməlidir. Bu gün isə qaz balonlarını obyektdən kənarlaşdırmaq vətəndaşın ixtiyarına qalıb. Vətəndaş da qaz balonunu öz şəxsi maşınına qoyub aparır, ya evində, həyətində ya da, obyektin çölündə saxlayır. Belə olan halda təhlükə yenə də qalmaqda davam edir. Vətəndaşlarımız bu məsələdə diqqətli olmalıdırlar. Balonların istifadəsi, daşınması zamanı təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır”.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR