"Nərmin Quliyeva itkin düşən gün..." - İlkin Süleymanov DANIŞDI

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.

Metbuat.az Trend-ə istinadən, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs İlkin Süleymanov bildirib ki, Nərmin Quliyeva itkin düşdüyü gün bacısının evində qalıb.

"Həmin gün səhər evə qayıdarkən qonşular da məni görüb. Noyabrın 21-i axşam bacımgilə getmişdim, gecəni də orada qaldım. Səhəri günü evə qayıdanda qonşular da yolda idi. Qonşulardan Aqil və İmranla rastlaşdım. Nərmin itkin olduğu 47 gündə mən dəfələrlə Tovuz, Gəncə və Ağdam rayonlarında yas mərasimlərində iştirak etmişəm. Hətta dekabr ayında bir gün səhərdən gecəyə kimi "Fidan" şadlıq sarayında olmuşam. Həmin gün toyda siyahı yazdığım üçün restoranı ən son tərk edənlərdən biri olmuşam. Bundan başqa, Nərmini saxladığım deyilən otaqda dəzgah var, atam həmin müddətdə orada dəfələrlə iş görüb. Barəmdə həbs qəti imkan tədbiri seçiləndə Tovuz rayonunun o vaxtı polis rəisi Şirzad Əsgərov da məhkəmədə idi. Ona görə də qorxdum, demədim", - İ.Süleymanov bildirib.

Proses iyunun 1-də davam etdiriləcək.

Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR