"Əliyevin Özbəkistana səfəri qarşılıqlı münasibətlərdə sıçrayış effekti yaradacaq" - ŞƏRH

Azərbaycan Prezidentinin Özbəkistana rəsmi səfəri, hər iki ölkənin liderinin qeyd etdiyi kimi qarşılıqlı münasibətlərdə sıçrayış effekti yaradacaq səfərdir".

Metbuat.az xəbər verir ki, bu fikirlər siyasi şərhçi Elçin Mirzəbəyliyə məxsusdur. O bildirib ki, Azərbaycan və Özbəkistan, hətta SSRİ dövründə də, mərkəzi hakimiyyətin bütün təqib və təzyiqlərinə baxmayaraq, dostluq, qardaşlıq münasibətlərini qoruyub saxlamağı, haqsızlığa, ədalətsizliyə qarşı birgə mübarizə aparmağı bacarıblar.

Elçin Mirzəbəyli

"Azərbaycana, Ümummilli lider Heydər Əliyevə, eləcə də özbək xalqının böyük oğlu Şərəf Rəşidova qarşı erməni millətçilərinin və onlarla eyni düşüncəni paylaşan Mixail Qorbaçovun atdığı saysız-hesabsız cinayət xarakterli addımlar, qdlyanların, ivanovların SSRİ-nin türk və müsəlman respublikalarının gerçək liderlərini nüfuzdan salmaq üçün dəridən-qabıqdan çıxmaları və bütün bunların Azərbaycan və Özbəkistanın müstəqil inkişaf etmək perspektivinə qarşı, eləcə də hər iki xalqın bu perspektivi gerçəkliyə çevirə biləcək liderlərə sahib olduqları üçün həyata keçirildiyi heç vaxt yaddan çıxarılmayacaq. Heydər Əliyevi Özbəkistanda, həm də qardaş respublikanın ən çətin günlərində nümayiş etdirdiyi ədalətli, qətiyyətli mövqeyə görə sevirlər. Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə Heydər Əliyev Meydanının açılış mərasiminin keçirilməsi də bu sevginin bariz nümunəsi hesab oluna bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də öz nitqində qeyd etdi ki, Heydər Əliyevin adını daşıyan yenilənmiş küçənin və orada qoyulmuş abidənin açılışı ondan ötrü böyük şərəfdir və bu, öz xalqının həqiqi liderinə və Özbəkistanın yaxın dostu olmuş dahi insanın xatirəsinə ehtiramın əlamətidir".

Ekspert deyir ki, Prezident İlham Əliyevin Özbəkistana rəsmi səfəri çərçivəsində iki dövlət arasında imzalanan sənədlərin əhatə etdiyi istiqamətlər də sübuta yetirdi ki, ortaqlıda qarşılıqlı münasibətlərin strateji müttəfiqlik müstəvisinə yüksəldilməsi üçün siyasi iradə, potensial və yol xəritəsi var.

Prezident İlham Əliyev Özbəkistanın Ürgənc şəhərinə gəlib (FOTO/VİDEO)

İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistanın Ürgənc şəhərində

"Azərbaycan və Özbəkistan qarşıdakı illərdə, müasir dövrdə mühüm əhəmiyyət kəsb edən bir sıra strateji layihələri gerçəkləşdirməyi planlaşdırırlar və hər iki ölkənin ərazisindən keçən nəqliyyat dəhlizlərinin imkanlarından maksimum dərəcədə yararlanmağa çalışacaqlar. Həm İlham Əliyevin, həm də Şavkat Mirziyoyevin mətbuata bəyanatlarında yer alan fikirlərdən də bəlli oldu ki, nəqliyyat kommunikasiyalarının inkişafı qarşıslıqlı münasibətlərdə əsas strateji istiqamətlərdən biridir. Qeyd edim ki, həm Azərbaycan, həm də Özbəkistan ərazisindən çoxsaylı beynəlxalq və regional nəqliyyat dəhlizləri keçir. 2018-ci ildən etibarən, Özbəkistan nəqliyyat infrastrukturunun yenilənməsinə, ölkənin logistik mimkanlarının genişlənməsinə böyük önəm verir. Azərbaycan isə bu istiqamətdə, artıq uzun illərdir ki, mühüm layihələr həyata keçirir və bu proses davam etməkdədir. Dünyada baş verən dəyişikliklər və yaranan yeni reallıqlar nəticəsində nəqliyyat dəhlizlərinin diversifikasiyası və təhlükəsilziyinin mühüm faktora çevrildiyini nəzərə alsaq, həm Azərbaycan, həm də Özbəkistanın olduqca mühüm və strateji əhəmiyyət kəsb edən geostrateji mövqelərə sahib olduqlarını müəyyənləşdirə bilərik. Bu xüsusda TranXəzər beynəlxalq nəqliyyat dəhlizinin yaxın perspektivdə subregion üçün həyati əhəmiyyət kəsb edən istiqamətə çevrilə biləcəyi perspektivinin də yüksək olduğunu söyləmək mümkündür. Özbəkistanın TransXəzər nəqliyyat dəhlizinə marağının artması və sözügedən istiqamətdə yeni layihələrin həyata keçirilməsində maraqlı görünməsi də mövcud reallıqlardan qaynaqlanmaqla yanaşı gələcəyə yönəlmiş strateji addımlardır. Ortaq layihələr və nəqliyyat dəhlizlərinin inteqrasiyası, şübhəsiz ki, Azərbaycanla Özbəkistanı bir-birinə daha sıx şəkildə bağlayacaq".

Elçin Mirzəbəyli xatırlatdı ki, Azərbaycanın uzun illərdən bəri yürütdüyü, ölkənin güclü bir dövlətə çevrilməsi istiqamətində həyata keçirilən siyasətin real nəticələrə gətirib çıxarması və nəhayət, 44 günlük Vətən müharibəsində əldə olunan Zəfər, Türk xalqlarının dövlətçilik tarixində mühüm yerə malik olan qardaş Özbəkistanda da rəğbətlə qarşılanıb və eyni zamanda qarşılıqlı münasibətlərin inkişafına, ortaq və təhlükəsiz gələcəyin perspektivinə olan inamı daha da artırıb.

İlham Əliyev Özbəkistanın Xivə şəhərində “Nurullaboy” saray kompleksi ilə tanış olub

İlham Əliyev və Şavkat Mirziyoyev Xivə şəhərində

"Prezident Şavkat Mirziyoyevin öz çıxışında “biz hər şeyi edirik ki, güclü Özbəkistan və güclü Azərbaycan olsun” sözlərini dilə gətirməsi də, şübhə etmirəm ki, İlham Əliyevin “güclü olmaq” düsturunun və ortaqlıda olan real nəticələrin qardaş ölkə tərəfindən yüksək dəyərləndirildiyinin və qarşılıqlı münasibətlərdə əsas götürüldüyünün sübutudur.

İlham Əliyevin “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var” deməsi isə Azərbaycan Prezidentinin subregionun gələcəyinə yönəlik strateji baxış bucağından xəbər verir və bu baxış bucağının güclülərin ittifaqı üçün əsas siyasi-ideoloji amilə çevriləcəyinə şübhə etmirəm. Çağdaş dünyanın reallıqları belədir: Güclü olmasan sənə hörmət bəsləməyəcəklər. Azərbaycan ərazilərinin işğal altında olduğu zaman kəsiyində yaşadıqlarımızdan çıxardığımız nəticəni xalqımız və dövlətimiz üçün əsas hədəf kimi müəyyənləşdirməyimiz bizə qalib gəlməyin yeganə yolunu öyrətdi. Çox xoşdur ki, qardaş dövlətin başçısı da məhz bu amili nəzərə alaraq, güclü olmağın zərurətindən söz açır və müasir dünyada bunun alternativinin olmadığını bildirir.

Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində əldə olunan razılaşmaların, atılan addımların, deyilən sözlərin hər biri, qarşılıqlı əməkdaşlığın təməl faktorlarına və gələcəyinə işarə etməklə yanaşı, bütövlükdə Türk Dünyasının ortaq hədəfləri üçün də mühüm əhəmiyyətə malikdir".

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR