Ermənilər Laçını yandırır -

Məlum olduğu kimi avqustun 25-dək ermənilər Laçında qanunsuz məskunlaşdıqları Azərbaycan ərazilərindən çıxmalıdırlar.

Metbuat.az xəbər verir ki, proses artıq başlasa da, ermənilər vandallıqlarını sübut edirlər. Onlar köç zamanı evləri yandırırlar. Erməni vandallığı bununla da bitmir. Onlar həmçinin Laçın meşələrinə od vururlar. Bu da onu göstərir ki, ermənilər heç bir beynəlxalq hüquqa əhəmiyyət vermirlər. Çünki meşələrin yandırılması birbaşa insanlığa qarşı qəsd, ekoloji terrordur.

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Metbuat.az-a bildirdi ki, Kəlbəcərdə etdiklərini indi Laçında təkrarlayan ermənilərin bu hərəkətinə cavab olaraq ordumuz Laçına daxil olmalıdır:

"Ermənilərə biz avqustun 25-i və ya sentyabrın əvvəlinə kimi Laçını və ətraf kəndləri tərk etmələri ilə bağlı vaxt verdik. Amma onlar Kəlbəcərdə törətdikləri təxribatı Laçında da təkrarlayırlar. Yolları minalamaqla qalmır, evləri yandırırlar. Meşələri yandıraraq ekologiyamıza da zərər vururlar. Mən düşünürəm ki, bu halda artıq Azərbaycan Ordusu avqustun 25-ni gözləmədən Laçına daxil olmalıdır. Bununla Laçında baş verənlərin qarşısı alınmalıdır".

Elxan Şahinoğlu: “Paşinyanın Sərkisyandan elə bir fərqi yoxdur”

Həmçinin Baş Prokurorluğun məlumatına görə, qeyd olunan faktlarla bağlı artıq cinayət işi başlanılıb: "Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir. Azərbaycanın ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir", - məlumatda qeyd edilib.

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR