“Zorakılığa qarşı marifləndirmə işi bağçalardan başlamalıdır”-

“Oğlanlar bir çox hallarda zorakılıqla bağlı marifləndirmə tədbirlərindən kənarda qalırlar”.

Metbuat.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədri Günel Səfərova deyib. O qeyd edib ki, məktəbəqədər təhsil müəssisələrindən başlayaraq zorakılıqla bağlı marifləndirmə tədbirləri həyata keçirilməlidir:


Günel Səfərova

“Zorakılıqla bağlı marifləndirmə tədbirlərində daha çox qızlar iştirak edir. Lakin çox təəssüflər olsun ki, oğlanlar bu proseslərdən kənarda qalırlar. Ona görə də ilk olaraq məktəbəqədər təhsil müəssisələrindən başlayaraq təhsilin bütün pillələrində zorakılıq əleyhinə uşaqların anlayacağı formada kompaniyalar keçirilməli, məlumatlandırma tədbirləri baş tutmalıdır. Çünki zorakılığı törədən şəxslər başqa yerdən gələn insanlar deyil. onlar da bu cəmiyyətin bir parçasıdır. Bu, toplu zorakılıq faktıdır.

Biz mətbuatda zorakılıqla bağlı çoxsaylı məlumatlara rast gəlirik, lakin gizli zorakılıq faktları da mövcuddur, onlar işıqlandırılmır, üzə çıxarılmır. Övladı zorakılığa məruz qalan ailələr bir çox hallarda bunu gizlədir, belə olduqda biz də bu faktları bilmirik. İstədiyimiz odur ki, məsələni tək marifləndirmə yolu ilə deyil, bunu törədənlərə qarşı adekvant hüquqi tədbirlər vasitəsi ilə də həyata keçirək. Zorakılığı törədən görsün ki, bununla bağlı hüquqi tədbirlər tətbiq edilib və kifayət qədər ciddi və ağırlaşdırılmış nəticə əldə olunub. Çox təssüflər olsun ki, bu kimi hallarda cüzi cəzalar tətbiq edilir”.

Günel Səfərova hesab edir ki, təhsil bu kimi hallarda mühüm rol oynayır:

"Təhsil və ailə bu işdə marifləndirmə proseslərini həyata keçirməlidir. Lakin ən önəmli məsələ hüquqi prosedurların tətbiqidir, xüsusi ilə, icra hakimiyyəti orqanları yetkinlik yaşına çatmayanlarla iş üzrə komissiyaların fəaliyyəti təşviq edilməlidir. Regionlarda bu baxımdan çox böyük boşlular var. Burada qeyri-hökumət təşkilatlarının fəaliyyətlərini artırmaq lazımdır. Niyə bələdiyyələrin birində psixoloji yardım mərkəzləri yaradılmayıb? Belə məsələlər nə qədər ki, formal qalacaq, onun həlli çox çətin olacaq. Biz mahiyyət əsaslı işi istəyir və tələb edirik, zorakılıq faktları ilə bağlı birbaşa müdaxilələr edirik, prosesdə icra aparatlarındakı boşluqları görürük. Zorakılıq istiqamətində çevik mexanizmlər təəssüflər olsun ki, hələ də qurulmayıb. Biz həm Elm və Təhsil Nazirliyi yanında İctimai Şura olaraq hədəf məsələlərdən biri kimi zorakılıqla bağlı olan faktları əlavə edək ki, nəyi necə deyişə biləcəyimizi bilək. Bu bir günə dəyişəcək məsələ deyil, lakin ən azından nəyəsə cəhd etmək olar”.

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR