BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə QHT-lərin əməkdaşlığı

BMT-nin İqtisadi və Sosial Şurası (ECOSOC) ilə QHT-lərin əməkdaşlığı
(United Nations Economic and Social Council)
https://www.un.org/ecosoc/en/home

Təşkilatın missiyası, fəaliyyət istiqamətləri

ECOSOC BMT Nizamnaməsi əsasında 1945-ci ildə yaradılıb. Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış altı əsas orqanından biridir. Davamlı inkişafın üç ölçüsünü - iqtisadi, sosial və ətraf mühit-mövzularını əhatə edir. İstiqamət üzrə inkişafa nail olmaq üçün monitorinqlər aparır, hesabatlar və təkliflər hazırlayır, BMT baş ofisinə təqdim edir. Mövzu üzrə innovativ düşüncəni irəli aparmaq, doğru yollar haqqında konsepsiya hazırlamaq, beynəlxalq səviyyədə razılaşdırılmış proqramlara nail olmaq məqsədilə yaradılmış ECOSOC bu sahədə istifadə edilən mərkəzi platformadır.

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 71-ci maddəsi qeyri-hökumət təşkilatları ilə müvafiq əməkdaşlığa, məsləhətləşmələrə yol açır. ECOSOC da bu maddədən irəli gələn tələbləri gerçəkləşdirmək məqsədilə yaradılan platformadır. O, QHT-lər üçün BMT sistemində əsas giriş nöqtəsidir. Birləşmiş Millətlər Təşkilatının QHT-lərin iştirakı üçün rəsmi çərçivəyə malik yeganə əsas orqanıdır. 1946-cı ildə ECOSOC 41 QHT-yə məsləhətçi statusu verib. 1992-ci ilə qədər 700-dən çox QHT məsləhətçi statusunu alıb. Onların sayı durmadan artaraq 2018-ci ildə 4900 təşkilatı ötüb.

Strukturu və əməkdaşlıq meyarları

ECOSOC Baş Assambleya tərəfindən üç illik səlahiyyət müddətinə seçilən 54 üzv dövlətdən ibarət olaraq təşkil edilib. Şurada yerlər coğrafi nümayəndəlik əsasında bölünür: Afrika dövlətləri üçün 14, Asiya dövlətləri üçün 11, Şərqi Avropa dövlətləri üçün 6, Latın Amerikası və Karib hövzəsi dövlətləri üçün 10, Qərbi Avropa və digər dövlətlər üçün 13.

Şuranın işi il ərzində vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən hazırlıq iclasları, dəyirmi masalar və panel müzakirələri formasında həyata keçirilir.

ECOSOC-la milli QHT-lərin konsultativ əlaqələr isə bu qurumun 1996/31 saylı Qətnaməsi ilə tənzimlənir. Qeyd edilən Qətnamə məşvərətçi status üçün uyğunluq tələblərini, məşvərətçi statusda olan QHT-lərin hüquq və vəzifələrini, məsləhətçi statusun geri götürülməsi və ya dayandırılması prosedurlarını, ECOSOC-un rolunu və funksiyalarını müəyyən edir.

BMT ilə QHT-lər arasında əlaqələrin gücləndirilməsinin zəruriliyi müxtəlif sənədlərdə, xüsusən 2000-ci ilin sentyabrında “Minilliyin Bəyannaməsi”ndə vurğulanmışdır. Üzv dövlətlərdə fəaliyyət göstərən milli QHT-lərin səlahiyyətlərinin artırılması üzrə öhdəliklər 2005-ci il Ümumdünya Sammitinin Nəticəsində və ECOSOC-un gücləndirilməsinə dair Baş Assambleyanın 68/1 saylı qətnaməsində bir daha təsdiq edilmişdir. Beynəlxalq səviyyədə razılaşdırılmış inkişaf məqsədlərinə nail olmaq üçün Qlobal Tərəfdaşlığın canlandırılmasının vacibliyi 2015-ci il “Dayanıqlı İnkişaf Sammiti”ndə qəbul edilmiş “Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyi”ndə vurğulanmışdır.

Yardımçı orqanlar

ECOSOC-un daxilində Şuranın məqsədlərinə töhfə verən bir sıra köməkçi orqanlar formlaşdırılıb. ECOSOC siyasətin uyğunluğunu təmin edir və onun bütün köməkçi orqanlarının üst-üstə düşən funksiyalarını əlaqələndirir. QHT məsləhətçi statusu aldıqdan sonra ECOSOC-un yardımçı qurumlarının işində fəal iştirak edə bilərlər.

ECOSOC-un funksional komissiyaları

‣ Qadınların Vəziyyəti üzrə Komissiya
‣ Sosial İnkişaf Komissiyası
‣ Əhali və İnkişaf Komissiyası
‣ Cinayətlərin Qarşısının Alınması və Cinayət Mühakiməsi Komissiyası
‣ Narkotiklər üzrə Komissiya
‣ İnkişaf üçün Elm və Texnologiya Komissiyası
‣ Statistika Komissiyası
‣ BMT-nin meşələr üzrə Forumu

ECOSOC-un QHT komitəsi (filialı)

Qeyri-Hökumət Təşkilatları Komitəsi 1946-cı ildə BMT-ninİqtisadi və Sosial Şurası (ECOSOC) tərəfindən yaradılmış daimi komitədir. O, birbaşa ECOSOC-a hesabat verir, Şuranın qərar verəcəyi məsələlər ilə bağlı layihələri hazırlayır.

ECOSOC-un məşvərətçi statusu dörd ildən bir seçilən, BMT-nin Təhlükəsizlik Şurasının üç daimi üzvü - ABŞ, Çin, Rusiya da daxil olmaqla 19 dövlətin nümayəndələrindən ibarət QHT komitəsinin zəmanət və tövsiyyəsi əsasında verilir.

Komitənin hazırkı üzvlərinə (2019-2022) Bəhreyn, Braziliya, Burundi, Çin, Kuba, Estoniya, Esvatini, Yunanıstan, Hindistan, İsrail, Livan, Meksika, Nikaraqua, Nigeriya, Pakistan, Rusiya, Sudan, Türkiyə və ABŞ daxildir.

Komitənin əsas vəzifələri bunlardır:

‣ Məsləhətçi statusu almaq üçün müraciətlərə və QHT-lər tərəfindən yenidən təsnifləşdirmə sorğularına baxılması;
‣ QHT-lərin Ümumi və Xüsusi kateqoriyalar üzrə təqdim etdiyi dördillik hesabatlara baxılması;
‣ Şuranın 1996/31 saylı qətnaməsinin müddəalarının həyata keçirilməsi və məsləhətçi münasibətlərin monitorinqi;
‣ ECOSOC-un Komitəyə baxılmasını tələb edə biləcəyi hər hansı digər məsələlər.

QHT-lər üçün ECOSOC-da 3 növ üzvlük mövcuddur.

‣ General Consultative Status – üzvlərin sayı 140 QHT
‣ Special Consultative Status – üzvlərin sayı 5212 QHT
‣ Roster Consultative Status – üzvlərin sayı 967Ümumi məşvərətçi statusu (General Consultative Status) iş sahəsi ECOSOC və onun yardımçı qurumlarının gündəliyindəki məsələlərin əksəriyyətini əhatə edən iri beynəlxalq QHT-lər üçün nəzərdə tutulub. Bu təşkilatlar adətən, kifayət qədər böyük, geniş coğrafi əhatəyə malik beynəlxalq QHT-lərdir.
‣ Xüsusi məşvərətçi statusu (Special Consultative Status ) ECOSOC-un əhatə etdiyi fəaliyyət sahələrindən yalnız bir neçəsi ilə bağlı xüsusi səlahiyyətə malik olan və xüsusi olaraq maraqlanan QHT-lərə verilir.
‣ Məşvərətçi statusu üçün müraciət edən, lakin yuxarıda qeyd olunan kateqoriyalardan heç birinə uyğun gəlməyən təşkilatlar adətən Siyahıya (Roster Consultative Status) daxil edilir. Bu QHT-lər adətən kifayət qədər dar və yaxud texniki diqqət mərkəzinə malikdirlər.

Yuxarıda da qeyd olunduğu kimi, statusun üç kateqoriyası var: Ümumi məşvərətçi statusu, Xüsusi məşvərətçi statusu və Kadr statusu.

Üzvlük prosedurları

Üzvlük üçün QHT ECOSOC-un QHT Komitəsinə onlayn qaydada müraciət etməlidir. Müraciətdə təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr, kadr heyəti, maliyyə məlumatları, büdcəsi, ECOSOC-a üzvlük məqsədləri və digər məsələləri əhatə edən xüsusi ərizə formaları doldurulmalıdır. Ərizə formasında təşkilatın bütün qeydiyyat və maliyyə sənədləri də əlavə olunmalıdır.

Sənədlər katiblikdə baxılaraq, çatışmazlıqlar barədə katiblik tərəfindən geri dönüşlər mümkündür.

Katiblik təşkilatın sənədlərini məqbul hesab etdikdə təşkilatın üzvlük məsələsini QHT Komitəsinə çıxarır.

Üzvlük məsələsi QHT Komitəsinin iclasında açıq müzakirəyə çıxarılır. Üzvlərin hər hansı sualı və iradı həmin QHT-nin üzvlük məsələsinin təxirə salınmasına səbəb ola bilir. Məsələn 2022-ci il iclasında Gürcüstan və Ermənistanın kifayət qədər böyük büdcəli bir neçə QHT-sinə üzvlük statusu verilməsi təxirə salınaraq və bəzi çatışmazlıqlar bardə həmin təşkilatlara suallar ünvanlandı.

Həmin iclasda Azərbaycanın 2 QHT-si İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyi və Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyi həmin mərhələdən uğurla keçərək üzvlük statusu qazandı. Bundan daha öncə isə Azərbaycanın milli QHT-lərindən olan Beynəlxalq Avrasiya Mətbuat Fondu ECOSOC-da üzvlük əldə edib.

Komitənin qərarları Şuranın fəaliyyətini tələb edən qərar layihələri şəklində tövsiyələr hesab edilir. QHT-nin müraciətinə Komitə tərəfindən baxıldıqdan və təsdiq edildikdən sonra o, yalnız məsləhətçi statusu üçün tövsiyə edilmiş sayılır. İqtisadi və Sosial Şura növbəti iclasında, adətən, həmin ilin iyulunda bu tövsiyələri nəzərdən keçirir, Komitənin hesabatını nəzərə alır və qərarları yekunlaşdırır. Yalnız tövsiyə ECOSOC-un qərarına çevrildikdən sonra QHT-yə məsləhətçi statusu verilir.

Ümumilikdə üzvlük status almaq üçün 2 ildən artıq bir müddət və həmin qurumla davamlı iş tələb olunur.

Ümumi məşvərətçi statusu (General Consultative Status) almaq üçün proses daha da ağırdır. Beləki, QHT Komitəsinin tövsiyəsi olsa belə ECOSOC-un iclasında təşkilatın statusu səsvermə ilə müəyyən olunur. Bu statusu almaq üçün kifayət qədər geniş lobbiçilik işi aparmaq tələb olunur.

Məşvərətçi statuslu üzv olaraq QHT BMT-nin beynəlxalq konfrans və tədbirlərində iştirak edə bilər, bu tədbirlərdə yazılı və şifahi bəyanatlar verə bilər. Üzv QHT həmin tədbirlər zamanı paralel tədbirlər təşkil edə bilər, BMT-nin binalarına daxil ola bilər, şəbəkə qura bilər və lobbiçilik fəaliyyətini həyata keçirə bilər. Üzv QHT eyni zamanda BMT-nin qurumu yanında dövri hesabatlar və digər öhdəliklər də daşıyır.

Öhdəlikləri (hesabat və s.) yerinə yetirməyən QHT-lərin üzvlük statusuna xitam verilir.

Məqalə Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi
tərəfindən, Müşfiq Ələsgərlinin müəllifliyi ilə hazırlanıb


Hazırladığımız məqalələr söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar dərc edən beynəlxalq statuslu təşkilatlar haqqında məlumat bazası formalaşdırmaq məqsədi daşıyır. Fəaliyyət Mediada İnnovativ Təşəbbüslərə Dəstək İctimai Birliyi (MİTDİB) tərəfindən icra olunan “Milli QHT-lərin beynəlxalq təşkilatlarla əməkdaşlıq imkanlarının artırılmasına dəstək” adlı layihə çərçivəsində icra edilir.

Layihənin müəllifi Müşfiq Ələsgərli, maliyyə dəstəkçisi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Hazırlanan məqalələr məlumatlandırıcı xarakterlidir. Söz və ifadə azadlığının, insan haqlarının durumunu monitorinq edən, hesabatlar yayan, ictimai rəyə təsir göstərən beynəlxalq statuslu təşkilatların fəaliyyət istiqamətləri, iş prinsipləri, hesabat hazırlamaq metodologiyaları, Azərbaycana münasibətləri, əməkdaşlıq formaları barədə informativ xarakterli bilgiləri əks etdirir. Məqsədi milli QHT və KİV-lərin beynəlxalq təşkilatlar barədə informasiyalılığını artırmaqdan, onların beynəlxalq təşkilatlarla əməkdaşlıq meyllərini stimullaşdırmaqdan, inteqrasiyasına nail olmaqdan, nəticə olaraq, bu təşkilatlarda Azərbaycan reallıqları barədə obyektiv rəy formalaşdırmaqdan ibarətdir.

Ümumi sayı 20 olacaq məqalələr beynəlxalq statuslu QHT-lərlə yanaşı, dövlətlərarası təşkilatların mövzu üzrə uyğun departamentlərini də əhatə edəcək.


AZƏRBAYCAN RESPUBLİKASININ
QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARINA
DÖVLƏT DƏSTƏYİ AGENTLİYİ

Məqalələrin məzmununa görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məsuliyyət daşımır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI