“Heydər Əliyev gənclərimiz üçün haqsızlıqla, ədalətsizliklə mübarizə simvoludur” -

Bu gün qədirbilən xalqımız vəfatının 19-cu ilində ümummilli lider Heydər Əliyevi dərin hörmət və ehtiramla yad edir.

Bu anım günündə sözlər onun Vətəni üçün etdiyi fədakarlıqları ifadə etməkdə daha da zəifdir. Çünki Heydər Əliyev öz həyatından daha vacib hesab etdiyi bir səbəb üçün yaşadı – Azərbaycan üçün. “Azərbaycan mənim ürəyimdir, nəfəsimdir, həyatımdır” deyirdi. Bəzi borclar var ki, heç vaxt ödənilmir. Əgər kəlmələr Ulu Öndərə olan borcu qaytara bilmirsə, biz, şübhəsiz ki, öz əməllərimizlə, onun vəsiyyətlərinə riayət etməklə, banisi olduğu müasir Azərbaycanın uğurlu gələcəyinə aparan Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, onun ideyalarına sadiq qalmaqla bu borcu ödəməyə çalışmalıyıq.

Gənclər olaraq qarşımızdakı ilk öhdəlik kifayət qədər aydındır: Azərbaycanın müstəqilliyini, suverenliyini qorumaq və ölkəmizi günü-gündən inkişaf etdirmək. Bu zaman ümummilli lider Heydər Əliyevin aşağıdakı sitatını qeyd etməliyik: “Bizim əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır. Bu gün mən sizi, bütün Azərbaycan gənclərini, Azərbaycanın gələcəyini əmin etmək istəyirəm ki, biz, o cümlədən bir Prezident kimi mən Azərbaycanın dövlət müstəqilliyini, Azərbaycan xalqının milli azadlığını daim qoruyacağıq və onu əbədi edəcəyik. Heç bir qüvvə bizi bu müstəqillik yolundan çəkindirə bilməz, heç bir qüvvə Azərbaycanın dövlət müstəqilliyini əlindən ala bilməz. Biz bundan sonra daim azad, müstəqil Azərbaycanda yaşayacağıq. Buna əmin ola bilərsiniz. Bu, dövlətin borcudur, bu, hər bir vətəndaşın borcudur”.

O insanların həmişə uğrunda lazım gələrsə, ölməyə hazır olduqları dəyərləri, sivilizasiya dediyimiz məvhumu təşkil edən dəyərləri müdafiə etmək üçün könüllü oldu. O Azərbaycanın və azərbaycanlıların haqqını müdafiə edərək üzləşdiyi ədalətsizliklərlə mübarizə apardı. Həyatın gətirdiyi bütün çətinliklərə baxmayaraq, arzulayırdı ki, gələcək nəsillər onun gördüyü çətinliklərdən keçməsin. O gənclərimizi savadlı bilikli görmək istəyirdi və bunun üçün çalışırdı. Burada xatırlatmaq yerinə düşür: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir. Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir”.

Bu gün Ulu Öndərin xatirəsini ehtiramla yad edərkən söz verək ki, onun həyatı, fədakarlıqları, şücaətləri, Vətənimiz üçün verdiyi mübarizəsi, Allah bu millətə həyat bəxş etdikcə, xatırlanacaq. Gəlin onun arzularını həyata keçirmək üçün əlimizdən gələni etməyə söz verək. Gəlin bir-birimizə ilham verək, cəsarətlə və inadla: Hər bir gənc Vətənimiz Azərbaycanındaha da inkişaf etməsi qüdrətlənməsi üçün canı könüldən el birliyi ilə çalışsın.

Ruhun şad olsun, Ulu Öndər! Bu gün gənclərimiz sənin vəsiyyət etdiyin yol ilə gedir, himnimiz azad edilmiş torpaqlarda səslənir, bayrağımız müstəqil Azərbaycanın hər bir guşəsində dalğalanır. Bu gün Azərbaycan daha güclüdür.

Şahin Rəhmanlı

“İrəli” İctimai Birliyinin sədri


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR