Tarixi-dini abidələrin bərpasından sonra onların qorunması və gələcək nəsillərə çatdırılması üçün aidiyyəti dövlət qurumlarının, mütəxəssislərin, dini icmaların və ictimaiyyətin birgə fəaliyyətinə ehtiyac var.
Metbuat.az xəbər verir ki, bunu “Tarixi-dini abidələrin qorunması: çağırışlar və perspektivlər” mövzusunda keçirilən konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
Ramin Məmmədov bildirib ki, hər bir abidənin tarixi, mənəvi məzmunu və cəmiyyətdəki rolu nəzərə alınmalıdır. Xüsusilə məscid, ziyarətgah və türbələrə münasibətdə onların həm mədəni irs nümunəsi, həm də dini həyatın bir hissəsi olduğu nəzərə alınaraq həssas yanaşma göstərilməlidir.
Komitə sədri qeyd edib ki, tarixi-dini memarlıq nümunələrinin vahid məlumat bazasının və rəqəmsal xəritəsinin yaradılması bu sahədə birgə fəaliyyətin əsas istiqamətlərindən biri ola bilər.
Ramin Məmmədov bildirib ki, zəruri hallarda memarlıq, tarix, arxeologiya və bərpa-konservasiya üzrə mütəxəssislərlə yanaşı, ilahiyyatçı ekspertlərin də prosesə cəlb edilməsi faydalı olar.
Aynur Abdınova / Metbuat.az