“Beşiktaş”ın kapitanı Orkun Kökçü ilə bağlı yeni transfer iddiası Türkiyə futbol gündəminə damğasını vurub. 25 yaşlı yarımmüdafiəçinin Avropanın bir neçə klubunun diqqət mərkəzində olduğu və onun üçün təkliflərin gəldiyi bildirilir.
Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İngiltərənin “Liverpul” klubu Orkun Kökçünü yaxından izləyir. Bundan başqa, daha iki İngiltərə klubunun da milli futbolçu ilə maraqlandığı iddia olunur.
Orkun Kökçü ötən yay “Benfika”dan 30 milyon avro qarşılığında “Beşiktaş”a transfer olunub. Mövsümün əvvəlində gözlənilən performansı göstərə bilməyən futbolçu sonradan oyununu xeyli yaxşılaşdırıb və komandanın əsas futbolçularından birinə çevrilib.
Türkiyə mediasında yayılan xəbərlərə görə, “Beşiktaş” rəhbərliyi Orkun Kökçünü klubun uzunmüddətli planlarının əsas hissəsi hesab edir. İstanbul təmsilçisinin yalnız çox yüksək məbləğdə təklif gələcəyi halda futbolçunun satışına razılıq verəcəyi bildirilir.
Qeyd edək ki, Orkun Kökçü ilə bağlı bundan əvvəl də transfer xəbərləri yayılıb. Rusiyanın “Zenit” klubunun futbolçu üçün təxminən 30 milyon avro təklif etdiyi, lakin “Beşiktaş”ın bu təklifi qəbul etmədiyi barədə məlumat yayılmışdı.
Hazırda Orkun Kökçünün gələcəyi ilə bağlı əsas məsələ onun “Beşiktaş”dan ayrılıb-ayrılmayacağı deyil, hansı klubun İstanbul təmsilçisinin tələb etdiyi yüksək məbləği ödəməyə hazır olacağıdır.