İran ABŞ ilə davam edən müharibəni dayandırmaq məqsədilə Vaşinqton administrasiyasına 7 günlük plan təqdim edib.

Metbuat.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi planın vasitəçilər üzərindən ABŞ-yə çatdırıldığını açıqlayıb. “New York Times”ın məlumatına görə, təklifə əsasən, tərəflər arasında döyüşlər dayandırılmalı, yeddi günün sonunda Hörmüz boğazı nəqliyyat üçün açılmalı və nüvə danışıqları yenidən başlamalıdır. Əraqçi bildirib ki, ABŞ şərtləri qəbul edərsə, plan dərhal həyata keçirilə bilər. Məlumata görə, İran həmçinin Livan da daxil olmaqla bütün cəbhələrdə yeddi günlük atəşkəs istəyir. Təklifin şərtləri arasında İrana aid olduğu bildirilən təxminən 12 milyard dollar dondurulmuş vəsaitin azad edilməsi, İran neftinə tətbiq olunan sanksiyaların aradan qaldırılması və dəniz blokadasına son qoyulması da yer alır.

Bu addımlardan sonra Hörmüz boğazının açılması və nüvə danışıqlarının dərhal bərpa olunması nəzərdə tutulur. ABŞ tərəfinin vasitəçilər üzərindən konstruktiv təmaslar apardığı bildirilir.