Bolqarıstanda keçiriləcək prezident seçkiləri ərəfəsində namizədlərdən biri diqqət çəkib. Pop-folk müğənnisi Vanya Velikova prezidentliyə namizədliyini irəli sürüb və seçki kampaniyasındakı fərqli görüntüləri ilə ölkə gündəminə gəlib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 25 oktyabrda keçiriləcək prezident seçkilərində müstəqil namizəd kimi iştirak edən Velikovanın namizədliyi Bolqarıstan Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiqlənib. Onun vitse-prezidentliyə namizədi isə “Big Brother” realiti-şousunun üçüncü mövsümündən tanınan Panayot Aleksandrov Kyuçukovdur.

Namizəd cütlüyünün seçkidə iştirak etməsi üçün tələb olunan minimum 2 500 seçici imzasını topladığı bildirilir. Onlar ümumilikdə 2 894 imza toplayaraq namizədliklərini rəsmiləşdiriblər. Seçki bülletenində isə 3-cü nömrə ilə yer alacaqlar.

Velikovanın seçki kampaniyasındakı görüntüləri də diqqət çəkib. Müğənni prezident iqamətgahının qarşısında lüks çəhrayı ciplə çıxış edərək ölkəni daha yaxşı vəziyyətə gətirmək istədiyini bildirib.

“Mənim böyük məqsədim var. Yoxsulluqdan və bu vəziyyətdən çıxmağa kömək etmək istəyirəm. Bolqarıstanın rəhbəri olmaq və ölkəni daha yaxşı gələcəyə aparmaq istəyirəm”, - deyə o bildirib.

Siyasətdən kənar fəaliyyəti ilə tanınan Velikova Bolqarıstan mediasının diqqət mərkəzinə düşüb. Namizədin seçki kampaniyasındakı fərqli üslubu ölkədə prezident seçkiləri ilə bağlı müzakirələrə səbəb olub.