Göyçayın Ləkçıplaq kəndində Vətən müharibəsinin ilk şəhidlərindən olan Zamiq Çingiz oğlu Əhmədovun əziz xatirəsi yad olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, şəhidin şəhadətə ucalmasının 6-cı ildönümü münasibətilə Ləkçıplaq kənd qəbiristanlığında anım tədbiri keçirilib. Tədbir çərçivəsində şəhidin məzarı ziyarət edilib, üzərinə gül-çiçək dəstələri düzülüb. Onun ruhuna dualar oxunub, qəhrəmanlıq yolundan söz açılıb.
Bildirilib ki, şəhidimiz ailəli idi və 2 övladı var. Zamiq Əhmədov 1987-ci ildə Göyçay rayonunun Ləkçıplaq kəndində dünyaya göz açıb. O, 2020-ci il sentyabrın 21-də könüllü olaraq hərbi təlimlərə qoşulub. Vətən müharibəsinin ilk günündə Ağdam istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhidin anası Əhmədova Dərya hər zaman oğlu ilə fəxr edəcəyini bildirib.
"Mən övladımda fəxr edirəm ki, o çox vətənpərvər övlad olub. Özü könüllü olaraq vətənə qulluq etmək üçün döyüşlərə gedib. Ailəli idi, 2 övladı var idi. O, ailəsi və 2 övladı olmasına baxmayaraq yenə də vətənini seçdi. Zəng edib demişdi ki, mən vətənimizi qorumağa gedirəm və 2 övladımı isə sizlərə əmanət edirəm", - deyə şəhidin anası öz sözlərində qeyd edib.
Xatırladaq ki, şəhid Zamiq Əhmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, göstərdiyi qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.