Qəhvə dünyasında hazırlanma üsulu ilə diqqət çəkən qeyri-adi məhsullardan biri Kopi Luvakdır.
Metbuat.az xəbər verir ki, Kopi Luvak Cənub-Şərqi Asiya və Okeaniya mənşəlidir. Əsasən İndoneziyanın Sumatra, Yava, Bali və Sulavesi adalarında, eləcə də Filippin və Şərqi Timorda istehsal olunur.
Kopi Luvakın hazırlanması qəhvə gilələrinin sivetlər tərəfindən yeyilməsi ilə başlayır. Həzm prosesindən keçən dənələr heyvanın nəcisindən toplanır, təmizlənir, qurudulur və daha sonra digər qəhvə dənələri kimi qovrulur.
Mütəxəssislərin fikrincə, həzm zamanı baş verən fermentativ reaksiyalar qəhvə dənələrinin dadına və ətrinə təsir göstərir. Bu qəhvə Arabika, Robusta və Liberika kimi müxtəlif növlərin dənələrindən əldə edilə bilər.
Bu qəhvənin qiyməti istehsal üsulundan asılı olaraq kəskin şəkildə fərqlənir. Fermalarda istehsal edilən Kopi Luvakın bir kiloqramı təxminən 80 funt sterlinqə, vəhşi sivetlərdən əldə edilən növü isə 1000 funt sterlinqə qədər satıla bilər. Bunun əsas səbəbi vəhşi təbiətdə sivetlərin nəcisindən qəhvə dənələrinin toplanmasının böyük əmək və vaxt tələb etməsidir. Ümumilikdə isə qiymət qlobal qəhvə bazarındakı dəyişikliklər, valyuta məzənnələri və istehsal həcmindən asılı olaraq dəyişir.