Sükan arxasında qadın sürücülər daha ehtiyatlıdır, yoxsa kişilər? Bu sual illərdir cəmiyyətdə geniş müzakirə olunur. Bəziləri qadınların daha diqqətli və qaydalara bağlı olduğunu düşünür, digərləri isə kişilərin avtomobil idarəetməsində daha soyuqqanlı və təcrübəli olduğunu iddia edirlər. Rəsmi statistik məlumatlar isə bu məsələyə stereotiplərdən tam fərqli müstəvidə yanaşmağa əsas verir.
Metbuat.az xəbər verir ki, ABŞ-nin Yol Təhlükəsizliyi Sığorta İnstitutunun (IIHS) məlumatları kişi sürücülərin ölümcül qəzalarda risk göstəricilərinin qadınlarla müqayisədə daha yüksək olduğunu ortaya qoyur. Məsələn, hər 100 milyon mil məsafəyə düşən ölümcül qəza iştirakçılığı kişilərdə 2,8, qadınlarda isə 1,9 təşkil edib. Bu, kişilər üzrə göstəricinin təxminən 48 faiz daha yüksək olması deməkdir.
Sürət həddinin aşılması məsələsində də oxşar mənzərə müşahidə olunur. Məlumatlara əsasən, ölümcül qəzalarda sürət amili kişi sürücülərdə 20 faiz, qadınlarda isə 12 faiz təşkil edib. IIHS-in uzunmüddətli müşahidələri göstərir ki, 1982-ci ildən bəri ölümcül qəzalarda sürəti risk amilinə çevirənlər arasında kişilər həmişə üstünlük təşkil edib.
Təhlükəsizlik kəmərindən istifadə göstəriciləri də diqqət çəkir. Ön oturacaqda təhlükəsizlik kəmərindən istifadə edən qadınların payı 94 faiz olduğu halda, kişilərdə bu göstərici 89 faizdə qalıb.
Lakin məsələnin digər tərəfi də var. Qəza zamanı eyni güclü zərbəyə məruz qalan qadınların ağır xəsarət alma ehtimalı bəzi hallarda daha yüksək olur. ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin (NHTSA) araşdırmasına görə, müxtəlif qəza xəsarəti modellərinin 26 faizində qadınların kişilərə nəzərən statistik olaraq daha ağır xəsarət alma riski daşıdığı məlum olub.
Rəqəmlər “qadın, yoxsa kişi?” sualına birbaşa və birmənalı cavab vermir. Aydın görünən əsas məqam odur ki, sükan arxasında etibarlılığı cins yox, sürücünün yol qaydalarına riayət etməsi, sürət həddini aşmaması və riskli davranışlardan uzaq durması müəyyən edir. Sükan arxasındakı şəxsin qadın və ya kişi olmasından əvvəl onun necə avtomobil idarə etməsinə fikir vermək ən doğru meyardır.