Niger səhrasında adi daş parçası olduğu düşünülən 24,67 kiloqramlıq qayanın əslində Marsdan gəldiyi məlum olub. NWA 16788 adı verilən nadir göktaşı Nyu-Yorkda keçirilən hərracda 5,3 milyon dollara satılıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, meteor daşı 16 iyul 2023-cü ildə Nigerin Aqadez bölgəsində yerləşən Kefkaf səhrasında tapılıb. Aparılan analizlər onun Mars mənşəli olduğunu göstərib. NWA 16788 indiyədək Yer kürəsində aşkarlanan ən böyük Mars göktaşı hesab olunur.
Qırmızımtıl ərimə qabığı olan daşın mineral və qaz tərkibi də araşdırılıb. Nəticələr onun Marsdan gəldiyini təsdiqləyib. Tərkibindəki qazların NASA-nın 1970-ci illərdə Mars atmosferini araşdıran “Viking” kosmik aparatlarının əldə etdiyi məlumatlarla uyğun olduğu bildirilib.
Mütəxəssislərin fikrincə, NWA 16788 Marsda baş verən güclü toqquşma nəticəsində planetin səthindən qoparaq kosmosa çıxıb. Daha sonra təxminən 140 milyon mil məsafə qət edərək Yerə düşüb. “Olivin mikrogabroik şerqottit” sinfinə aid olan bu göktaşının Yer kürəsindəki bütün Mars mənşəli göktaşı kütləsinin təxminən 7 faizini təşkil etdiyi bildirilir.
Meteor daşı əvvəlcə İtaliya Kosmik Agentliyində nümayiş etdirilib. Daha sonra Nyu-Yorkda keçirilən “Sotheby's” hərracına çıxarılıb. Daşın ilkin satış qiyməti 4,3 milyon dollar olub. Komissiya və vergilərlə birlikdə yekun məbləğ 5,3 milyon dollara çatıb. Beləliklə, NWA 16788 hərracda satılan ən bahalı göktaşı olub.
Satışdan sonra Niger hakimiyyəti də araşdırmaya başlayıb. Araşdırmanın əsas məqsədi göktaşının ölkədən necə çıxarıldığını müəyyənləşdirməkdir. Daşı alan şəxsin kimliyi isə açıqlanmayıb.