Ağ Evdə Çin sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Tramp arasında görüş keçirilib.
Metbuat.az xəbər verir ki, görüş zamanı iki ölkənin iqtisadi və ticarət heyətləri arasında aparılan məsləhətləşmələr nəticəsində yeni ortaq razılaşmaya gəlindiyi açıqlanıb. Si Cinpin qeyd edib ki, əldə olunan razılaşma Çin və ABŞ xalqları, sənaye sahələri və qlobal iqtisadiyyat üçün müsbət xəbərdir. O, iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin sabitliyi üçün əməkdaşlıq sahələrinin genişləndirilməsinin və fikir ayrılığı yaradan məsələlərin azaldılmasının vacibliyini vurğulayıb. Tərəflər 10 noyabrda başa çatacaq müvəqqəti razılaşmanın müddətinin 2027-ci ilin yanvarına qədər uzadılması barədə də razılığa gəliblər.
Çin sədri həmçinin süni intellekt sahəsində Çin və ABŞ arasında rəqabətlə yanaşı əməkdaşlığın da mümkün olduğunu bildirib. Tayvan məsələsinə də toxunan Si Cinpin ABŞ-ni “Tayvanın müstəqilliyi” ilə bağlı düzgün mövqe tutmağa və iki ölkə arasındakı münasibətlərin əsaslarını qorumağa çağırıb. Bildirilir ki, görüşdə Yaxın Şərq, Ukrayna və Koreya yarımadasındakı vəziyyət də müzakirə olunub.