44 günlük Vətən müharibəsinin başlanmasından 6 il ötür.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, həmin dövrdə torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşənlər arasında Göyçayın Hacalıkənd kənd sakini Famil Nəsirov da olub.

1991-ci ildə Hacalıkənd kəndində anadan olan Famil Nəsirov 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra evə qayıdıb.

2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olması Famil Nəsirova da ciddi təsir edib. O, sentyabrın 21-də könüllü olaraq hərbi təlimlərə qatılıb.

“Generalımız Polad Həşimov şəhid olan vaxtı könüllü olaraq ordu sıralarına yazıldım. Sentyabrın 21-də təlim toplantısına qatıldım. Ağdamda “N” saylı hərbi hissəyə cəmləşdik. Sentyabrın 27-də isə gərgin döyüşlərə başladıq. Ağdam-Ağdərə istiqamətində döyüşürdük”, - deyə F.Nəsirov bildirib.

O, döyüşlər zamanı bir neçə silahdaşının yanında şəhid olmasının şahidi olduğunu deyib.

F.Nəsirov oktyabrın 24-də gedən ağır döyüşlərdən birində yaralanıb. Aldığı xəsarətlər nəticəsində təxminən 10 gün komada qalıb. Həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub.

Noyabrın 7-də sağaldıqdan sonra yenidən döyüş yoldaşlarının yanına qayıdan F.Nəsirov müharibənin sonunadək hərbi xidmətini davam etdirib.

Qeyd edək ki, o, Vətən müharibəsi zamanı göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə “Cəsur döyüşçü”, “Ağdamın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

Ətraflı videoda: