Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Xəyyam Hüseyn oğlu Hüseynovun 6-cı ildönümü Göyçayın Məlikkənd qəbiristanlığında məzarı önündə qeyd olunub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, tədbirdə rayon İcra Hakimiyyətinin nümayəndələri, YAP Göyçay rayon təşkilatının sədri, idarə və müəsissələrinin əməkdaşları, qazilər, din xadimləri, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.
Mərasimdə iştirak edən tədbir iştirakçıları bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində 30 ilə yaxın həsrətində qaldığımız torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbənin asan olmadığı, Xəyyam və onun kimi şəhidlərimizin qanı bahasına qazanıldığı vurğulanıb. Məktəblilər Vətənə, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Anım mərasimində şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Xəyyam Hüseynov sağlığında şair olub və hər zaman yazdığı Vətənə bağlı şeirləri ilə seçilib. Evin tək oğlu idi. 1996-cı il iyulun 11-də Göyçay rayonunun Məlikkənd kəndində anadan olub. Vətən müharibəsi başlayanda cəbhəyə yollanıb. Döyüşlərin ikinci günü Talış-Suqovuşan istiqamətində şəhid olub.
Xəyyam Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.