“Fənərbağça” qış transfer pəncərəsində hücum xəttini gücləndirmək üçün əsas hədəfini müəyyənləşdirib.

Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi “Monako”da çıxış edən ABŞ-li hücumçu Folarin Baloqan üçün yenidən hərəkətə keçməyə hazırlaşır. 25 yaşlı futbolçunun yay transfer pəncərəsinin son günündə “Everton”a keçidi tibbi müayinədən keçə bilmədiyi üçün baş tutmayıb. Baloqanın hazırda “Monako”dakı vəziyyətindən narazı olduğu bildirilir.

2028-ci ilə qədər Fransa klubu ilə müqaviləsi olan hücumçu üçün “Fənərbağça”nın “Monako”ya 35 milyon avroluq təklif göndərməyi planlaşdırdığı qeyd edilir.

“Sarı-lacivərdlilər” transferi rəsmiləşdirməzdən əvvəl Baloqanın səhhəti ilə bağlı ətraflı araşdırma aparacaq. ABŞ-li futbolçunun İstanbulda geniş tibbi müayinədən keçirilməsi də nəzərdə tutulur.

Tibbi testlər zamanı hər hansı problem aşkarlanmasa, “Fənərbağça”nın Baloqanın transferini tamamlamaqda qərarlı olduğu bildirilir.