Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Əvəz Zeynallı vəfat edib.
Metbuat.az xəbər verir ki, 56 yaşlı Əvəz Zeynallının ölümündən əvvəl sosial şəbəkədə etdiyi paylaşım diqqət çəkib. Jurnalist paylaşımında bir neçə gündür telefonlara cavab verə, insanların səsini eşidə və onlara reaksiya göstərə bilmədiyini yazıb:
“Əziz Dostlar, Qardaşlar, Analar, Atalar, uca və Böyük millətim! Bir neçə gündür ki, telefonlara çıxa, səsinizi eşidə, Sizə cavab verə, heç bir şeyə reaksiya göstərə bilmirəm. Ümid edirəm ki, yenidən hər şey yoluna düşər və hər zamankı münasibətlərimiz də yoluna qayıdar”.
O, həmçinin xəstəliyi ilə mübarizə apardığı müddətdə ona dəstək olan insanlara təşəkkür edib:
“Bu insan selinə və ziyarətimə gələn səmimi insanların böyük sevgilərinə görə, yanımda olan, yazan, kampaniyalar aparan dünyanın hər yerindəki Qardaşlarıma, ziyalılara, dəyərli elm adamlarına - Böyük Xalqımıza dərindən təşəkkür edirəm!”.
Qeyd edək ki, jurnalist Əvəz Zeynallı 2024-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib. 2025-ci ilin aprelində isə ağır xəstəliyi nəzərə alınaraq cəza çəkməkdən azad olunub. O, son aylarda Türkiyədə müalicə alıb.