“Qalatasaray”ın ulduzu Barış Alper Yılmazla bağlı diqqətçəkən vəziyyət yaranıb. İstanbul təmsilçisi yüksək məbləğli transfer təkliflərinə baxmayaraq, milli futbolçunu komandada saxlayıb. Lakin onun mövsümün ilk bölümündə gözlənilən performansı göstərə bilməməsi rəhbərliyin satış planlarına təsir edib.
Metbuat.az xəbər verir ki, Türkiyə mediası “Qalatasaray”ın Barış Alper Yılmazla bağlı yaşadığı vəziyyətə diqqət çəkib.
Məlumata görə, İstanbul təmsilçisi ötən mövsüm “NEOM” klubunun 35 milyon avroluq təklifini qəbul etməyib. Bu yay isə İngiltərənin “Everton” klubunun 40 milyon avroya yaxın təklifindən də imtina edilib.
Türkiyə klubunun məqsədi futbolçunun daha yüksək transfer məbləğinə satılması olub. Ancaq Barış Alperin mövsümün əvvəlindəki çıxışı bu planı pozub.
26 yaşlı hücumçu “Qalatasaray”ın heyətində Türkiyə Super Liqası və UEFA Çempionlar Liqasında 7 oyunda 535 dəqiqə meydanda olub. Bu matçlarda nə qol vura, nə də məhsuldar ötürmə ilə yadda qala bilib.
Super Liqada yeni mövsümdə keçirdiyi 6 oyunda ümumilikdə 9 dəfə qapıya zərbə endirən Barış Alper yalnız bir zərbədə çərçivəyə düşə bilib. Həmin cəhd isə qolla nəticələnməyib.