Futbol üzrə Türkiyə milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsində İtaliyaya böyük hesabla məğlub olub.
Metbuat.az xəbər verir ki, Bursa şəhərində keçirilən qarşılaşmada Türkiyə millisi İtaliyaya 1:4 hesabı ilə uduzub.
İlk hissədə üç qol buraxan Türkiyə yığması azarkeşlərin ciddi etirazı ilə üzləşib. Onlar baş məşqçi Vinçenso Montellanın istefasını tələb ediblər.
Matçdan sonra Montellanın istefa verib-verməyəcəyi gündəmə gəlib. İtaliyalı mütəxəssis isə vəzifəsindən ayrılmaq niyyətində olmadığını açıq şəkildə bildirib.
Montella gördüyü işə inandığını və futbolçularına güvəndiyini deyib. O, mühüm təkliflər aldığı vaxtlarda belə Türkiyə millisindən ayrılmadığını vurğulayıb.
“Özümə inanıram. Futbolçularımıza inamım davam edir. Onların arxasındayam. İstefa vermək niyyətim yoxdur”, - deyə Montella bildirib.
Baş məşqçi qarşılaşmanın ilk hissəsində komandanın nümayiş etdirdiyi oyuna görə azarkeşlərin reaksiyasını da anlayışla qarşıladığını söyləyib. Onun sözlərinə görə, Türkiyə millisi ilk 30 dəqiqədə zəif çıxış edib və bu səbəbdən azarkeşlər tərəfindən fitə tutulmağı haqq edib.
Qeyd edək ki, Montella sentyabrın 24-də də Türkiyə millisində qalmaq istədiyini və ona gələn digər təklifləri dinləmədiyini açıqlamışdı.
Hazırda Montellanın Türkiyə millisinin baş məşqçisi postundan istefa verməsi ilə bağlı rəsmi açıqlama yoxdur.