İstanbulda yaşayan 68 yaşlı Kemal Demirkol həyat tərzi ilə ətrafındakı insanların diqqətini çəkir. Altı il əvvəl ona yüksək təzyiq diaqnozu qoyulduqdan sonra Demirkol həyatında ciddi dəyişiklik edib. İndi isə hər gün saatlarla piyada gəzir.

Metbuat.az xəbər verir ki, Türkiyənin “Mynet” nəşri Demirkolun qeyri-adi həyat tərzi barədə yazıb.

Məlumata görə, həkim ona ömür boyu təzyiq dərmanı qəbul etməli olduğunu deyib. Bundan sonra Demirkol siqareti və spirtli içkiləri tərgidərək yürüşə başlayıb. İlk vaxtlar gündə bir saat gəzən 68 yaşlı kişi zamanla məsafəni artırıb. Hazırda o, hava şəraitindən asılı olmayaraq hər gün təxminən 30 kilometr yol qət edir.

Demirkol bildirib ki, əvvəllər artıq çəkidən də əziyyət çəkib. Bir dəfə yıxılaraq ayağını zədələyən zaman çəkisinin 90 kiloqramdan çox olduğunu görüb. Bundan sonra daha çox hərəkət etmək qərarına gəlib.

Onun sözlərinə görə, hazırda hər gün təxminən 6 saat piyada gəzir. Bununla yanaşı, qidalanmasına da xüsusi diqqət yetirir.

68 yaşlı kişinin uzun məsafələr qət etməsi yolda qarşılaşdığı insanların da diqqətini çəkir. Bəziləri onu aktyor Tom Henksin canlandırdığı “Forrest Qamp” obrazına bənzədir. Demirkol isə insanların ona bəzən təəccüblə yanaşdığını, hətta yolda söz atanların olduğunu bildirib.

O, insanları daha çox hərəkət etməyə çağırıb və fiziki aktivliyin vacibliyini vurğulayıb.