2026-cı il Formula 1 üzrə Azərbaycan Qran-prisi Bakı şəhər trasında gərgin mübarizə və dramatik sonluqla yadda qaldı.

“Mercedes” komandasının britaniyalı pilotu Corc Rassell yarışın qalibi olub. “Red Bull”un niderlandlı sürücüsü, ikiqat dünya çempionu Maks Ferstappen isə finişə yaxın mərhələdə Rassellə ciddi təzyiq göstərərək qələbəyə olduqca yaxınlaşıb.

Bakı Qran-prisi təkcə liderlər arasındakı mübarizə ilə deyil, yarış ərzində baş verən insidentlər, komandaların bolidlərin sazlanması ilə bağlı üzləşdiyi çətinliklər və sürücülərin fərqli performansı ilə də diqqət çəkib. Bakı trasının yüksək sürət və sərt əyləclənməni bir araya gətirən mürəkkəb xarakteri komandaların strategiyalarını və texniki seçimlərini yenidən ön plana çıxarıb.

Azərbaycanın "Formula 1" üzrə eksperti Rəhim Əliyev Metbuat.az-a müsahibəsində Bakı Qran-prisinin nəticələrini dəyərləndirib, Oskar Piastrinin qəzası, İsak Həcərin podiumu, gənc pilotların yetişdirilməsi və digər məsələlərdən danışıb.

"Kartinq məktəbi olmasa, 10 il də pilotumuz olmayacaq"-

Rəhim bəy, 2026-cı il Bakı Qran-prisi başa çatdı. Ümumilikdə yarışı necə qiymətləndirirsiniz?

Hamı insidentlərlə, qəzalarla zəngin bir yarış gözləyirdi. Düşünürəm ki, gözləntilər müəyyən mənada doğruldu. Sürücülərin bir-birini ötmək istəyi maraqlı mübarizəyə və qəzalara səbəb oldu. İlk döngədə üç maşının iştirakı ilə qəza yaşandı.

Ümumilikdə, yarış maraqlı və hadisələrlə zəngin keçdi. Əvvəldən "Mercedes" komandasının güclü olacağını bilirdik. Mercedes mühərrikləri və Corc Rassell şənbə günü bunu sübut etdilər. O, sıralanma turunda böyük fərqlə poul qazandı və hamımız ondan nisbətən rahat qələbə gözləyirdik.

Amma bunun əksinə olaraq, "Red Bull" komandasının bolidləri çox sürətli oldu. Yarış tempində, xüsusilə də finişə yaxın gördük ki, Maks Ferstappenin qalib gəlməsi üçün cəmi bir neçə metr çatmadı. Bəlkə də finiş xətti bir qədər uzaqda olsaydı, o, rəqibini keçərək qələbə qazana bilərdi.

Bunun səbəblərindən biri builki bolidlərin texniki reqlamenti ilə bağlıdır. Batareyanın gücü uzun düzlüklərdə sona qədər çatmır. Bakı trasında Neftçilər prospekti boyunca uzanan 2,2 kilometrlik düz xətt də sürücülər üçün çətinlik yaradır. Buna görə komandalar sərbəst yürüşlərdə müxtəlif həll yolları axtarırlar.

Güman edirəm ki, "Red Bull" sürücüləri batareyanın enerjisini uzun düzlükdə deyil, ikinci və üçüncü döngələr arasındakı qısa düz hissədə istifadə etməyə çalışırdılar. Bu, onlara ötmələrdə kömək edirdi. Yarışın ilk mərhələsində bu üsul nəticə verdi. Daha sonra təkər fərqinə görə bir qədər gerilədilər. Təkər dəyişikliyindən sonra isə yenidən sürətləndilər.

Beləliklə, hər iki "Red Bull" sürücüsü yarışı yaxşı nəticə ilə başa vurdu. Ümumilikdə, gözləntilərimiz doğruldu, maraqlı yarış izlədik və fərqli sürücünün qələbəsinin şahidi olduq.

Corc Rassellin qələbəsi də diqqətəlayiq idi. "Mercedes" sonuncu dəfə 2019-cu ildə Valtteri Bottasla Bakıda həm poul, həm də qələbə qazanmışdı. Bu dəfə isə hər iki nəticəyə Corc Rassell imza atdı. O, karyerasında ilk dəfə Bakıda “Böyük Dəbilqə” qazandı. Bunun üçün sürücü poul mövqeyindən start almalı, bütün dövrələrdə lider olmalı, yarışı birinci yerdə başa vurmalı və ən sürətli dövrəni qeydə almalıdır.

Oskar Piastrinin Bakıdakı çıxışı və "McLaren" komandasının nəticəsi barədə nə deyə bilərsiniz?

"McLaren" komandasından burada yaxşı nəticə gözləyirdim. Amma yarışın ilk hissəsində Lando Norrisin sarı təkərlərlə tempi yox idi. Daha sonra pit-stopa gəldi və təkərlərini dəyişdi. Bu zaman gördük ki, Oskar Piastri özündən asılı olmayan qəza nəticəsində yarışdan kənarda qaldı.

Digər sürücü isə öz səhvi üzündən xalsız qaldı. Beləliklə, son iki ilin dünya çempionu olan komanda Bakıdan heç bir xal qazanmadan ayrıldı.

İsak Həcər Bakı trasında özünü göstərən gənc sürücülərdən biri oldu. Siz onun çıxışında hansı detalları gələcək üçün ən böyük potensialın göstəricisi hesab edirsiniz? Həcərin bu performansı sadəcə uğurlu bir yarış idi, yoxsa onun artıq "Formula 1"də daha böyük nəticələrə hazır olduğunu göstərən siqnallar gördünüz?

İsak Həcərin çıxışını çox yüksək qiymətləndirirəm. Özünün də qeyd etdiyi kimi, 4 həftə tətil idi, 6 həftə də zədəyə görə sükan arxasında deyildi — yəni ümumilikdə 10 həftə yarışmamışdı. Hətta biləyindən zədə aldığı üçün Bakı kimi çətin şəhər trasında yenidən sükan arxasına qayıtması böyük sual altında idi. Lakin o, qayıtdı, həm sıralanma turunda, həm də yarışda yaxşı çıxış edərək podiuma qalxdı. Bu, onun üçün tamamilə layiqli nəticə idi.

Xarici media və pilotların açıqlamalarında bolidin balansı ilə bağlı çətinliklər tez-tez vurğulanırdı. Bu, Bakı trasına xas problemdir, yoxsa ümumiyyətlə, komandalar hər trasda belə çətinliklərlə üzləşirlər?

Ümumiyyətlə, komandalar istənilən trasda sərbəst yürüşlər zamanı bolidin sazlanması ilə məşğul olurlar. Məqsəd maşının balansını düzgün qurmaq, döngələrdə sabitliyi təmin etmək və bolidin imkanlarının sərhədlərini müəyyənləşdirməkdir.

Hər döngənin öz sürəti var. Sürücü həmin döngəni necə keçməli, batareyanın enerjisindən hansı rejimdə istifadə etməlidir – bütün bunlar nəzərə alınır. Bu ildən əlavə olunan texniki qaydalar da komandaların işini çətinləşdirir. Təkərlərin bucaqları və digər məhdudiyyətlər də sazlama prosesinə təsir göstərir.

Bakı trasında isə uzun düzlüklər xüsusi çətinlik yaradır. Açıq təkərli bolidlərdə təkərlər qorunmur və Neftçilər prospektindəki uzun düz hissədə onlar soyuyur. Bu da təkərlərin lazımi temperaturda işləməsinə mane olur.

Yarışda gördük ki, xüsusilə sarı təkərlərlə bağlı problemlər yaşandı. Adətən, başqa traslarda bir neçə dövrədən sonra təkərlərin səthində yaranan dənələnmə aradan qalxır. Amma Bakıda bu, tam baş vermədi. Maks Ferstappen də daxil olmaqla, bir sıra sürücülər sarı təkərlərin işini lazımi səviyyəyə çatdıra bilmədilər. Yarışın ikinci hissəsində qırmızı təkərlərdən sarı təkərlərə keçən sürücülər də eyni problemlə üzləşdilər. Təkərlər normal temperaturda işləmədiyinə görə bu, əlavə çətinliklər yaratdı.

Buna görə də sərbəst yürüşlər çox vacibdir. Yadınızdadırsa, bir il Bakıda sprint yarışı keçirilmişdi. Sprint formatında cəmi bir sərbəst yürüş olur və bu müddətdə bolidi tam sazlamaq çətindir. Gələn 10 yarışdan birində sprint yarışı keçiriləcək, amma Bakı həmin siyahıya daxil deyil. Mənə elə gəlir ki, bunun səbəblərindən biri də burada bolidin sazlanmasının həddindən artıq çətin olmasıdır.

Bakı trasında bir-birinə bənzəməyən üç sektor var. Komandalar arasında seçim yaranır: bəziləri bolidi uzun düzlüklərə, digərləri isə texniki və orta sektora uyğunlaşdırmağa çalışır. Mühəndislər kompromis tapmalıdırlar. Bir sektorda vaxt itirərkən digərində qazanmaq mümkündür. Əsas məqsəd bu fərqi minimuma endirməkdir.

"Mercedes" bolidinin uzun düzlüklərə tam uyğunlaşdırılmadığını gördük. Ola bilsin, komanda mühərrikin gücünün bu məsafəni qət etməyə kifayət edəcəyini düşünürdü. Amma Oskar Piastri və Corc Rassellin çıxışlarında da gördük ki, Maks Ferstappen fərqi necə sürətlə azaldırdı.

Bu Qran-pridə sizi ən çox təəccübləndirən pilot kim oldu?

Bir neçə sürücünün çıxışı diqqət çəkdi. Amma məni ən çox təəccübləndirən Kimi Antonelli oldu. Ondan daha sürətli çıxış gözləyirdim. Özündən qat-qat zəif bolidlərin arxasında ilişib qaldı və uzun müddət irəliləyə bilmədi.

Sərbəst yürüşlərdə hidravlik problemlə üzləşdi. Birinci sessiyanı yarımçıq dayandırdı, ikinci sessiyada maşını gec təmir olundu və az işləyə bildi. Üçüncü sərbəst yürüşdə də istədiyi qədər dövrə vura bilmədi. Sıralanma turunu da daha erkən başa vurdu.

Trasda kifayət qədər işləyə bilmədiyinə görə nə təkərləri yaxşı yoxlaya, nə də bolidi düzgün sazlamağa imkan tapdı. Bütün həftəsonu problemlərlə keçdi. Digər sürücülərin qəzaları və problemləri nəticəsində ən azı beşinci yerə qədər irəliləyə bildi.

Amma Monzada necə sürətlə irəlilədiyini nəzərə alsaq, Bakıda ondan belə nəticə gözləmirdim. Ümumiyyətlə, bu iki Bakı Qran-prisini əvvəlki illərlə müqayisə etmək çətindir. Çünki bolidlər dəyişib. Əvvəlki maşınlar bir neçə il istifadə olunmuşdu, komandalar və sürücülər də onları yaxşı tanıyırdılar. Yeni bolidlərin Bakıda necə davranacağı isə hamı üçün yenilik idi. Buna görə komandalar daha çox işlədilər, müxtəlif sazlama variantlarını sınaqdan keçirdilər.

Əminəm ki, bir çox sürücü bolidinin sazlanmasını tam düzgün müəyyənləşdirə bilmədi. Əsas fərq də burada idi. Yenə deyirəm, məni ən çox təəccübləndirən Antonellinin nəticəsi oldu.

Digər tərəfdən, Haas komandasının hər iki sürücüsü xal qazandı. Cərimələnib geridən start almasına baxmayaraq, sürücülərdən biri xal qazana bildi. Təbii ki, qarşıda baş verən insidentlər də buna təsir etdi.

Arvid Lindbladın da çıxışını qeyd etmək lazımdır. O, yarışı yeddinci yerdə başa vurdu. Aşağı mövqedən start alsa da, komanda yoldaşının yarışdan kənar qalması da nəticəyə təsir göstərdi. Onun cərimələnib-cərimələnməyəcəyini bilmirəm. Amma istənilən halda, bu nəticəni öz aktivinə yaza bilər.

"Formula 2"dən gələn sürücülər gələcəkdə "Formula 1"də özlərini göstərə bilərlər. Antonellidən tutmuş çempion olan və olmayan digər pilotlara qədər bir çox sürücü bu mərhələdən keçib. Maks Ferstappen isə bu baxımdan istisnadır.

Formula 2-də Rafael Kamarla Solov arasında çempionluq uğrunda mübarizə gedir. Bakı Qran-prisindən sonra bu mübarizədə vəziyyət necə dəyişib?

Rafael Kamarla Solov arasında əsas mübarizə gedirdi və artıq bu məsələnin böyük ölçüdə həll olunduğunu demək olar. Rafael Kamarın gələn il Haas komandasında Oliver Bearmanın komanda yoldaşı olacağı gözlənilir. O, Esteban Okonu əvəz edəcək. Solov isə özünə komanda axtarır.

Red Bull komandasının əvvəlcə onu digər sürücülərdən birinin əvəzinə götürə biləcəyi ehtimal edilirdi. Amma hazırda "Racing Bulls" komandasındakı sürücülərin çıxışı da nəzərə alınır. Buna görə Solovu hələlik ehtiyat sürücü kimi saxlaya bilərlər.

Bakıdakı nəticə isə vəziyyəti bir qədər dəyişdi. Kamar Bakıya gələndə yeddi xal geridə idi, buradan ayrılarkən isə səkkiz xal öndədir.

Mövsümün sonundakı Qətər və Əbu-Dabi mərhələlərinin keçirilib-keçirilməyəcəyi də hələ məlum deyil. Ola bilər ki, Bakı yarışı mövsümün sonuncu mərhələsi olsun. Bu halda burada iki yarışın keçirilməsi də çempionluq mübarizəsinə təsir göstərə bilər.

Əgər Kamar çempion olsa, format qaydalarına əsasən, növbəti mövsüm həmin seriyada iştirak edə bilməyəcək. Çempion olmasa, vitse-çempion olsa, daha bir il orada qala bilər. Formula 3-də də çempion olmadan bir neçə il iştirak edən sürücülər olub.

Hər halda, onun "Formula 2"də titul qazanaraq "Formula 1"ə gəlməsi daha məqsədəuyğun ola bilər. Beləliklə, o, sadəcə sürücü kimi deyil, çempion kimi də özünü göstərə bilər.

Rəhim bəy, gənclər arasında avtosporta böyük həvəs var və sosial mediada tez-tez "niyə bizim də Formula pilotumuz yoxdur?" sualı verilir. Sizcə, bizdə yerli pilotların yetişməməsi sırf sponsor və maliyyə çatışmazlığıdır, yoxsa uşaq yaşlarından başlayan kartinq akademiyaları və baza infrastrukturu sisteminin olmamasıdır?

Bizim idman həm mürəkkəbdir, həm də maddi baxımdan həddindən artıq çox vəsait tələb edir. Futbolla müqayisə etsək, məktəbdən gələndə çantanı qoyub bir top tapmaqla oynamaq mümkündür. Amma avtoidmanda vəziyyət belə deyil. Burada uşaqlıqdan başlamaq lazımdır.

Ən azı kartinqdən başlamaq lazımdır. Kartinq də az vəsait tələb etmir. Bunun üçün meydança, xüsusi nəzarət, müəllim və texniki mütəxəssis olmalıdır. Maşın sıradan çıxanda onu bərpa edə biləcək texniki heyət lazımdır. Yəni kartinq məktəbi olmalıdır. Təəssüf ki, ölkəmizdə belə bir məktəb yoxdur.

Əgər bu gün kartinq məktəbi açsaq və sürücülər yetişdirməyə başlasaq, bunun nəticəsini görmək üçün təxminən 10 il vaxt lazımdır. Belə bir sistem yoxdursa, deməli, bizim Formula 1-ə sürücü yetişdirməyimiz də çətin olacaq.

Bəzi gənclərimiz olub. Onlardan biri “Ferrari” sürücü akademiyasında min nəfər arasından seçilərək son 10 nəfərin sırasına düşmüşdü. Amma son mərhələdə maliyyə problemi ortaya çıxdı. Hətta Formula 3-də iştirak etmək üçün də böyük vəsait lazımdır.

Bu vəsait ya dövlət, ya şəxslər, ya da şirkətlər tərəfindən təmin edilməlidir. Digər yol isə o qədər istedadlı olmaqdır ki, xarici komandalar səni özləri seçsinlər. Məsələn, bəzi sürücülərin karyerasında belə hallar olub.

Gənc sürücünün istedadı olsa da, maliyyə problemi həll edilməlidir. Sponsor dəstəyi olarsa, o, komandada özünü göstərə, təcrübə qazana və istedadını inkişaf etdirə bilər. Hazırda isə bizim sponsorlarımız yoxdur. Buna görə də sürücümüz yoxdur. Yaxın gələcəkdə də bunun dəyişəcəyini görmürəm.

Sonda "Formula 1" azarkeşlərinə nə demək istərdiniz?

Əsas odur ki, "Formula 1" gözəl idman növüdür. Siz də bunun şahidi oldunuz. Yarışı birbaşa mətbuat mərkəzindən izləmək, hadisələrin mərkəzində olmaq tamam başqa təəssürat yaradır. Bu idmanda adrenalin çox yüksəkdir.

İstərdim ki, oxucularınız, dinləyiciləriniz və izləyiciləriniz Formula 1-ə baxsınlar, bu idman növü ilə maraqlansınlar və sizin vasitənizlə bu idman növünə qoşulsunlar.

Müsahibə üçün təşəkkür edirik.

Uğurlar olsun!

Gülbəniz Hüseynli / Metbuat.az