İranda baş örtüyü olmadan konsert verən tanınmış müğənni Pərastoo Əhmədiyə verilən 74 şallaq cəzası ilə bağlı yeni qərar açıqlanıb.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, apellyasiya məhkəməsi müğənniyə və onun komandasında yer alan şəxslərə verilən cəzanı iclas keçirmədən təsdiqləyib. Müğənninin vəkilləri bildiriblər ki, apellyasiya müraciəti dinləmə keçirilmədən rədd edilib.
29 yaşlı Pərastoo Əhmədi 2024-cü ilin dekabrında “YouTube” platformasında canlı yayımlanan konsert zamanı səhnəyə baş örtüyü olmadan çıxıb. Qolsuz geyimdə mahnı ifa edən sənətçinin çıxışı qısa müddətdə geniş yayılıb və milyonlarla dəfə izlənilib.
Bundan sonra İran məhkəmə orqanları konsertlə bağlı araşdırmaya başlayıb. İyun ayında Qum şəhərindəki cinayət məhkəməsi Pərastoo Əhmədini və orkestr və prodakşn heyətində çalışan 8 nəfəri “ictimai əxlaqı pozan, uyğun olmayan materialların yayılması” ittihamı ilə təqsirli bilib.
Məhkəmə təqsirləndirilən şəxslərin hər birinə 74 şallaq cəzası verib. Bundan əlavə, onların iki il müddətinə audiovizual fəaliyyətlə məşğul olması və ölkədən çıxması qadağan edilib.
Qərar İranda və ölkə xaricində geniş reaksiyalara səbəb olub. Tanınmış sənətçilər və insan hüquqları təşkilatları cəzanı tənqid ediblər. “Amnesty International” təşkilatı isə şallaq cəzasını qəddar, qeyri-insani və ləyaqəti alçaldan cəza kimi qiymətləndirib.