Banan aldıqdan bir neçə gün sonra qabığının qaralması və meyvənin yumşalması çoxumuzun qarşılaşdığı problemdir. Lakin sadə saxlama üsulu ilə bananın təravətini daha uzun müddət qorumaq mümkündür.
Metbuat.az xəbər verir ki, Türkiyənin “Mynet” nəşri bananları daha uzun müddət təzə saxlamağa kömək edən üsul barədə yazıb.
Eymi Kross adlı qadının apardığı sınağa əsasən, bunun üçün sadəcə geniş ağızlı, qapaqlı şüşə banka və soyuducu kifayətdir. O, üç banandan ikisini mətbəxdə saxlayıb. Üçüncü bananı isə qabığını soymadan iki yerə bölərək şüşə bankaya yerləşdirib. Daha sonra bankanın qapağını bağlayaraq soyuducuya qoyub.
Kross 16 gün sonra nəticələri müqayisə edib. Mətbəxdə saxlanılan bananların qabığında çoxsaylı qəhvəyi və qara ləkələr yarandığı halda, soyuducuda bankada saxlanılan bananın qabığının böyük ölçüdə sarı rəngini qoruduğu müşahidə olunub.
Onun sözlərinə görə, daha yaxşı nəticə əldə etmək üçün bananı qabığını soymadan bankaya yerləşdirmək lazımdır. Meyvəni xırda dilimlərə bölmək isə tövsiyə edilmir. Çünki kəsilmiş səthin artması onun hava ilə təmasını da artırır.
Bu üsulun əsas məqsədi bananın hava ilə təmasını azaltmaqdır. Qeyd olunur ki, bananın yetişmə prosesində oksigenlə təmasın da rolu var. Qapaqlı şüşə banka isə bu təması müəyyən qədər məhdudlaşdırır.
Bununla yanaşı, bananları alma və armud kimi etilen ifraz edən meyvələrin yanında saxlamaq onların daha tez yetişməsinə səbəb ola bilər. Buna görə də uzun müddət saxlamaq istədiyiniz bananları digər meyvələrdən ayrı saxlamaq məsləhət görülür.