Azərbaycanda 10 oktyabr 2026-cı ildən qüvvəyə minəcək yeni qaydalara əsasən, kredit restrukturizasiya edildikdə belə kredit üzrə ediləcək bütün ödənişlərin ümumi məbləği əsas borcun 100%-ni keçməməlidir.

Bu barədə Mərkəzi Bank-dan Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun 5.1.8-ci maddəsinə əsasən, Mərkəzi Bankın əsas funksiyalarından biri maliyyə bazarlarında istehlakçıların və investorların hüquqlarının qorunması üçün tədbirlər görmək və bu sahədə maarifləndirmə aparmaqdır.

Eyni zamanda, Qanunun 48.3.8-ci maddəsinə uyğun olaraq, istehlakçı hüquqlarının pozulması və ya belə hallara şərait yaradan çatışmazlıqlar aşkar edildikdə, Mərkəzi Bank nəzarət subyektlərinə icrası məcburi olan göstərişlər vermək səlahiyyətinə malikdir.

Mərkəzi Bankdan bildirilib ki, bank olmayan kredit təşkilatlarının (BOKT) hüquqi aktların tələblərinə əməl etməsi daimi əsasda nəzarətdə saxlanılır.

“İstənilən kənarlaşma müəyyən edildikdə bununla əlaqədar qanunvericilik çərçivəsində zəruri addımlar atılır”, – açıqlamada qeyd edilib.

Mərkəzi Bank həmçinin bildirir ki, istehlakçı hüquqlarının qorunması çərçivəsində maliyyə sektoru üzrə tətbiq edilən nəzarət tədbirləri qurumun rəsmi internet səhifəsində mütəmadi olaraq açıqlanır.

Qeyd edək ki, yeni tələb kreditlər üzrə gizli xərclərin və digər ödənişlərin əsas borcun 100%-lik həddini aşmasının qarşısının alınmasına yönəlib.