SOCAR-da qadınların müxtəlif peşə və vəzifələrdə, o cümlədən istehsalat sahələrində iştirakı artırılır.
Metbuat.az-a verilən məlumata görə, hazırda şirkətdə 6 916 qadın əməkdaş çalışır. Onların bir qismi neft-qaz hasilatı, mədən, qazın nəqli və emal sahələrində birbaşa istehsalat proseslərinə cəlb olunub.
Qadınların mühəndislik və rəhbər vəzifələrdə təmsilçiliyinin artırılması məqsədilə SOCAR tərəfindən müxtəlif layihə və proqramlar həyata keçirilir. Bu istiqamətdə görülən işlər, qadın əməkdaşların istehsalat sahələrində iştirakı və karyera imkanları ilə bağlı suallarımızı SOCAR-a ünvanladıq.
Hazırda SOCAR-da ümumilikdə neçə qadın əməkdaş çalışır? Onların neft-qaz hasilatı, qazma, mədən, emal və ofis (inzibati) sahələri üzrə bölgüsü necədir?
SOCAR üzrə ümumilikdə 6 916 qadın əməkdaş çalışır. Onlardan 1 315 nəfəri neft-qaz hasilatı, qazma, mədən və digər istehsalat istiqamətlərində, 3 905 nəfəri isə ofis və inzibati sahələrdə fəaliyyət göstərir.
Neftçıxarma, qazma və mədən sahələrində birbaşa istehsalatda çalışan qadınların sayı nə qədərdir?
Neftçıxarma, qazma və mədən sahələrində birbaşa istehsalat proseslərinə cəlb olunan qadın əməkdaşların ümumi sayı 340 nəfərdir. Onlardan 217-si neftçıxarma, 117-si mədən, 59-u isə qazın nəqli sahəsində çalışır. Bununla yanaşı, qeyd olunan fəaliyyət istiqamətləri üzrə 179 qadın əməkdaş inzibati vəzifələrdə fəaliyyət göstərir.
Emal müəssisələrində və ofis/inzibati vəzifələrdə çalışan qadın əməkdaşların sayı nə qədərdir?
SOCAR-ın emal müəssisələrində 1 163 qadın əməkdaş fəaliyyət göstərir.
Rəhbər vəzifələrdə çalışan qadınların sayı nə qədərdir? SOCAR-da qadınların istehsalat sahələrinə cəlb olunması istiqamətində hansı təşəbbüslər həyata keçirilir?
SOCAR üzrə 528 qadın əməkdaş rəhbər vəzifələrdə çalışır. Artıq 5 ildir SOCAR tərəfindən həyata keçirilən “Gənc istedadlar” proqramı çərçivəsində yeni məzun olmuş qadın mühəndislərə istehsalat sahələrində təcrübə keçmək və yekun nəticədə işə qəbul olunmaq imkanı yaradılır. 2022-ci ildən bu günədək qeyd olunan proqram çərçivəsində 125 gənc qadın mühəndis SOCAR-ın müxtəlif qurumlarında əmək fəaliyyətinə başlayıb.
Həmçinin “Women in Leadership” layihəsi və Almaniyanın Uniper şirkəti ilə əməkdaşlıq çərçivəsində qadın mühəndis və mütəxəssislər üçün Avropanın qabaqcıl liderlik yanaşmaları ilə bağlı müxtəlif məzmunlu seminarlar təşkil olunur.
SOCAR-ın rəhbər vəzifələrə davamçılarının arasında qadınların təmsil olunma faizi 7,5%-ə çatıb. Hazırda həmin göstəricinin daha da artırılması və qadınların rəhbər vəzifələrdə təmsilçiliyinin yüksəldilməsi hədəflənir.
Eyni zamanda, “Qızım mühəndis olacaq” layihəsi vasitəsilə qızların mühəndislik sahələrinə marağının artırılması və gələcək karyera seçimlərində gender stereotiplərinin azaldılması təşviq edilir.
“Women Empowerment”, “SheLeads: Paths of Possibility” və “Her Many Roles: A Day in Women’s Life” kimi tədbirlərin təşkili ilə qadınların iş həyatındakı rolu nümayiş etdirilir və onların peşəkar inkişafına dəstək verilir.