UEFA rəhbəri Aleksander Çeferin FIFA Prezidenti Canni İnfantinonun vəzifəsindən getməli olduğunu bildirib.
Metbuat.az-ın "L'Equipe" nəşrinə istinadən verdiyi məlumata görə, Çeferin bu fikirləri Kopenhagendə keçirilən Avropa Futbol Klubları Assosiasiyasının iclasında səsləndirib.
UEFA rəhbəri ad çəkmədən İnfantinonun ünvanına bu sözləri deyib: "Artıq 'bəsdir' deməyin vaxtı çatıb. Təsəvvür edin ki, arxanızca mirasınızın satılması müzakirə olunur. Futbol onu idarə edənlərdən daha üstündür. Heç kimin futbolun gələcəyini satmağa haqqı yoxdur, futbol satılmır."
Çeferinin bu sərt reaksiyasına səbəb İnfantinonun iyul ayında ortaya çıxan yeni planı olub. FIFA prezidenti qurumun əsas kişi və qadın turnirlərinə nəzarət edəcək "FIFA Forward Enterprise" adlı ayrı bir şirkət yaratmağı təklif etmişdi. O, bu addımın üzv assosiasiyaların gəlirlərini artıracağını və futbolun inkişafına təkan verəcəyini iddia edirdi.
FIFA həmin layihədən 4,2 milyard dollar gəlir əldə olunacağını proqnozlaşdırsa da, bu təşəbbüs futbol ictimaiyyəti, federasiyalar və müxtəlif təşkilatlar tərəfindən kəskin tənqidlə qarşılandı. Yaranan ciddi narazılıqdan sonra İnfantino bu ideyasından imtina etmək məcburiyyətində qaldı.